ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ və Ermənistan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında xartiya, kritik minerallar və nadir torpaq elementlərinin hasilatı və emalı sahəsində təchizatın təmin olunmasına dair çərçivə memorandumu imzalayıb.
Həmçinin “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsi üzrə strateji əməkdaşlığa dair hökumətlərarası çərçivə sazişi paraflanıb.
“Armenpress”in məlumatına görə, sənədlər mayın 26-da Marko Rubionun Yerevana səfəri çərçivəsində imzalanıb. Ermənistan tərəfdən sənədləri xarici işlər naziri Ararat Mirzoyan, ABŞ tərəfdən isə dövlət katibi Marko Rubio imzalayıb.
Birgə bəyanat zamanı Ararat Mirzoyan bildirib ki, Ermənistan və ABŞ strateji tərəfdaşlığı yeni mərhələyə keçirərək onu “hərtərəfli strateji tərəfdaşlıq” formatına yüksəldiblər.
Mirzoyanın sözlərinə görə, ABŞ dövlət katibinin Yerevana səfəri iki ölkə arasında münasibətlərin ardıcıl şəkildə möhkəmləndirilməsinə yönəlmiş siyasətin göstəricisidir.
“Bu gün iki ölkə arasındakı hərtərəfli strateji münasibətlər əvvəlkindən daha güclüdür. Demək olar ki, ikitərəfli gündəlikdə baş verən intensiv hadisələri nəzərə alaraq tarixi baxımdan misilsiz mərhələyə daxil olmuşuq”, - deyə Mirzoyan bildirib.
Nazir qeyd edib ki, münasibətlərdə əsas hadisələrdən biri 2025-ci il avqustun 8-də ABŞ prezidenti Donald Trampın sədrliyi ilə Vaşinqtonda keçirilən sülh sammiti olub.
Onun sözlərinə görə, həmin sammitdə Ermənistan və Azərbaycan arasında sülhün təmin olunmasına, eləcə də regional kommunikasiyaların açılması ilə bağlı razılaşmalar əldə edilib.
Mirzoyan əlavə edib ki, 2026-cı ilin yanvarında Vaşinqtonda onunla Marko Rubio arasında TRIPP layihəsinin həyata keçirilməsinə dair çərçivə sənədi imzalanıb və may ayında İrəvanda həmin proqram üzrə hökumətlərarası saziş paraflanıb.
Nazir bildirib ki, Ermənistan və ABŞ artıq süni intellekt, yarımkeçiricilər, atom energetikası və faydalı qazıntılar sahəsində əməkdaşlıq öhdəlikləri götürüblər. Yeni sənəd isə kritik minerallar və faydalı qazıntılar sahəsində əməkdaşlığı nəzərdə tutur.
Mirzoyan ABŞ administrasiyasının Cənubi Qafqazda sülhyaratma prosesində rolunu da yüksək qiymətləndirib.
“Prezident Trampın, dövlət katibi Rubionun və bütün administrasiyanın Cənubi Qafqazda sülhün qurulması, təhlükəsizlik və yeni iqtisadi imkanların yaradılması istiqamətindəki rolunu yüksək qiymətləndirirəm”, - deyə o bildirib.
ABŞ dövlət katibi Marko Rubio isə Ermənistanın Cənubi Qafqazda sülhün bərqərar olunmasına yönəlmiş siyasətini “cəsarətli yol” adlandırıb və Vaşinqtonun bu prosesi dəstəklədiyini vurğulayıb.
“Bu gün burada olmaqdan məmnunam. Prezident Trampın və Ermənistanın baş naziri Nikol Paşinyanın gələcək vizyonunu irəli aparmağa davam edirik. Bu, ötən il avqustun 8-də Vaşinqtonda əsas qoyulan Cənubi Qafqazda sülhə aparan cəsarətli yoldur”, - Rubio bildirib.
O qeyd edib ki, TRIPP sazişi Ermənistan üçün “tarixi marşrutun həyata keçirilməsi istiqamətində indiyədək atılmış ən böyük addımdır” və bunun regionda sülhə və rifaha töhfə verəcəyini deyib.
Rubio həmçinin ABŞ-Ermənistan strateji tərəfdaşlığının genişləndirilməsinin hər iki ölkə üçün yeni iqtisadi imkanlar yaradacağını bildirib.
“Bu gün strateji tərəfdaşlıq xartiyasını yeniləməklə ABŞ-Ermənistan münasibətlərinin gələcəyini müəyyən etmək və həm ermənilər, həm də amerikalılar üçün yeni iqtisadi imkanlar yaratmaq şansı əldə edirik”, - deyə o qeyd edib.
ABŞ dövlət katibi bildirib ki, XXI əsrdə texnoloji innovasiyaların mərkəzində olmaq üçün kritik minerallara sahib olmaq və onları emal etmək imkanları mühüm əhəmiyyət daşıyır.
“Bu gün bütün yeni texnologiyalar və innovasiyalar üçün vacib olan minerallar var. Gələcək rifah üçün təkcə bu resurslara malik olmaq deyil, onları emal edib faydalı məhsullara çevirmək qabiliyyəti də vacibdir”, - Rubio deyib.
Onun sözlərinə görə, bu sahədə əməkdaşlıq ABŞ və Ermənistan iqtisadiyyatlarının innovasiya və iqtisadi müstəqillik imkanlarını genişləndirə bilər.
Rubio çıxışında Ermənistanın baş naziri Nikol Paşinyana və hökumətinə də dəstəyini ifadə edib.
“Mən onların cəsarətini, baxışlarını və ölkələrinin gələcəyi naminə lazımi addımları atmaq iradəsini dəstəkləyirəm. Bu prosesin bir hissəsi olmaqdan qürur duyuruq və birlikdə daha çox iş görməyi səbirsizliklə gözləyirik”, - ABŞ dövlət katibi bildirib.
Foto: www.mfa.am