Yaşadıqlarım və öyrəndiklərim: risklər və tövsiyyələr
Həyatımın bu dövrünə kimi polis barədə yalnız və yalnız pozitiv düşüncədə olmuşam, dəfələrlə onları müdafiə etmişəm. Amma 13 dekabr 2023-cü ildə polis tərəfindən yalana, saxtakarlığa məruz qalıb şərləndikdən sonra bu tip asayiş keşikçilərinə olan etimadım və inamım sarsıldı.
Polis qohumları, yaxınları olan dostlarım məni bağışlasın, amma onların başıma gətirdikləri qanunsuzluqlar və bəd əməllər məni dəhşətə gətirdi və mən bu ədalətsizliyə susa bilmədim. Bir qrup polisin etdiyi qanunsuzluqları bütün polislərə şamil etmək olmaz, amma mən qısaca olaraq başıma gətirilənləri və öyrəndiklərimi bölüşəcəyəm.
Təəssüflər olsun ki, belə polislər Prezidentin, dövlətimizin onlara verdiyi səlahiyyətlərdən, imtiyazlardan sui-istifadə edərək idarələrinin “qaranlıq” otaqlarında qanunlarımızı pozurlar. Əvvəllər anlamırdım ki, nəyə görə orta və kiçik biznes sahibləri, fermerlər polislə əməkdaşlıq etmək istəmir, qanun çərçivəsində dəstək (proaktiv) istəmirlər. Burada (13 saylı Cəzacəkmə Müəssisəsi) öyrəndiklərimdən sonra bütün suallarıma cavablar tapdım.
Mənim polisim niyə belə oldu? Axı, o, cinayətkarları tutmalıdır
13.12.2023-də peşəkar fəaliyyətimlə (İT təlimləri, layihələr) əlaqədar sifarişlə qanunsuz həbs olundum. Fəaliyyətimdə (ictimai, iqtisadi, sosial) heç bir qanunsuzluq tapmayaraq, üzərimə zorakılıqla psixotrop maddə qoydular, daha sonra “qaranlıq” xidməti otaqlarının birində aldadaraq, xüsusi maddə ilə (red: narkotik) zəhərlədilər. Saxta aktlar və protokollar tərtib etdilər, öz improvizasiyalarının şahidi oldular. İstintaq gedişində 8 ay məni ciddi nəzarətlə qapalı yerdə saxladılar ki, etdikləri qanunsuzluq və pozulmuş hüquqlarım barədə dövlət qurumlarına müraciətlərimin qarşısını kəssinlər. Ailə üzvlərimlə görüşü və telefonu qadağan etdilər, dezinformasiya yaydılar. Bilirsiniz, həbsimin epizodu nəyə bənzəyir? “A. S. kitabında yazır ki, (red: Aleksandr Soljenitsın “QULAQ arxipelaqı”) “Hansısa general-leytenant İqnatovskini şərləmək üçün gözaltı edirlər. Tədbirlərinin birində o, burnunu silmək üçün ağ rəngli cib dəsmalını çıxarır. Aha! Deməli, siqnal verir. Bir də ki İqnatovski mühəndis kimi tələbələrinə texnika barədə danışmağı sevir. Müəyyənləşdirildi! İqnatovski həbs edildi. Haqq-hesab çəkməyin vaxtıdır”.
Mənim polisim niyə belə oldu? Axı, o, cinayətkarları tutmalıdır.
Azadlıq gözəl nemətdir. Heç bir təqsiri olmadan tutulanlar üçün bu daha qabarıq görünür.
Paradoks ondadır ki, İKT, texnologiyalar sahəsində fayda vermiş bir çox layihələrin iştirakçısı, mütəxəssis şərlənərək həbsxanada saxlanılır. Amma insanların, gənclərin üzərinə narkotik qoyan bir qrup polis azadlıqda gəzərək öz bəd əməllərini, qanunsuzluqlarını davam etdirirlər.
Narkotik və psixotrop maddə ilə şərləməni əsasən Baş Narkotiklərlə Mübarizə İdarəsi işçiləri edir
Yaşadıqlarımı və öyrəndiklərimi ona görə bölüşürəm ki, polisin qanunsuzluğunun qarşısı alınsın, Allah göstərməsin, dostlarım, həmkarlarım, gənclər şər və böhtana məruz qalanda necə davranmalı və nəyi etməli olduqlarını bilsinlər. Qeydlərim həqiqi, vicdanlı, şərəfli, əsl polislərə aid deyildir. Təcridxanada (bokslarda) öyrəndim ki, son zamanlar bədniyyətlilər kimisə tutmaq məqsədilə əsasən aşağıdakı üsullardan istifadə edirlər:
- Cibə və ya avtomobilə, evə psixotrop, narkotik maddənin atılması (mənim üçün bu, tətbiq edildi)
- Polisə müqavimət (1-ci dəfə 10.12.2023-də evimin həyətindən məni oğurlayıb zorakılıqla (3 nəfər) maşına basanda dedilər ki, “bizə müqavimət göstərirsən? Dedim ki, məndə sizə qarşı aqressiya yoxdur, sözünüzü deyin”.)
- Şərlənənin üzərinə silah və ya qumbara qoyulması
Başqa şərlənmə metodları - əgər tanımadığın kimdənsə hər hansı şifahi iş, xidmət üçün pul, card-to-card, onlayn ödəmə almısansa, həmin şəxs fiziki və psixoloji şiddət təsirindən əleyhinə ifadə verər. Bu, bizim Cinayət Məcəlləsinin hədə-qorxu ilə pul tələb etmə, dələduzluq, digər oxşar maddələridir. Bu tip böhtana məruz qalmaq istəmirsinizsə, tədbirli olun. Onlar onlayn platformalarda “honeynet” və “honeypot”lar qururlar.
Son dövrlərdə ən asan və populyar şərləmə metodu narkotiklə şərləmədir. Əvvəllər olduğu kimi, saxta 5-10 hal şahidini tanıyırlar, amma onlar da hər rayonda lazım olan vaxtda ola bilmirlər.
Şərləmə şahidi kimi polis əməliyyatçıları özləri çıxış edir, amma onların arasında da rol bölgüsü olur. Ölkənin TŞ (Təhlükəsiz Şəhər) kameraları, mobil monitoring əllərində olduğu üçün qanun pozuntusundan yayınırlar, həqiqətlər aşkarlanmır. Tutulan şəxsdən dərhal telefonu alınır ki, ünsiyyət vasitələrindən məhrum olsun, hüquqlarının qanunla müdafiəsi üçün heç kimlə əlaqəyə girməsin. Şərlənərək həbs olunan zaman polislər daim birlikdə işlədikləri sadiq vəkillərini dəvət edirlər. Şərlənməyə məruz qalan şəxslərə fiziki və psixoloji şiddət tətbiq edərək tələb edirlər ki, video çəkilişdə “etiraf” edəsən, təhqiqatçı tərəfindən tərtib edilmiş saxtalaşdırılmış sənədi imzalayasan. Fiziki şiddətin spektri genişdir, bundan yazmayacağam. Psixoloji şiddətdə həyatında hər hansı boşluqla, yaxınlarınla, ailə üzvlərinlə və ya sevgilinlə təhdid edirlər. Mənə dedilər ki, etiraf etməsən, evinə qoyub (red: narkotik), sonra çıxaracağıq. Evində südəmər körpəsi və azyaşlı uşaqları olan nə etməlidir, siz mənə deyin.
Şərləmə prosesində əsasən 3 vəzifə sahibi iştirak edir:
- Əməliyyatçılar (şərləməni birbaşa yerinə yetirənlər)
- Təhqiqatçı (saxtakarlığın ssenarisini quran, sənədləşdirən, epizodu improvizə edən)
- Müstəntiq (saxtakarlığı məcəlləyə uyğun dizayn edən, dövlət ittihamçısı və məhkəmə üçün hazırlayan, ictimaiyyəti çaşdıran)
Narkotik və psixotrop maddə ilə şərləməni əsasən BNMİ (red: Baş Narkotiklərlə Mübarizə İdarəsi) işçiləri edir. Onlar şərləmə və “yükləmə” (red: törətmədiyin cinayəti boynuna qoyma) ilə həm bugünkü, həm də gələcək fəaliyyətlərini təmin edirlər. Sizcə, bir çanta və bükülü nə qədər mənzil və avtomobil gəzə bilər ki, daha sonra məhv olunsun? TV-də göstərilən növbəti improvizasiyalar (təhtəlşüura yeridilən mesaj), tutulma statistikasında manipulyasiyalar - bu prosesləri təftiş edən, audit edən qurum (maraqlar münaqişəsindən kənar) varmı?
Öyrəndim ki, BNMİ-nin əməkdaşlarına təcridxanada jarqonla “Narko Biznes” işçiləri deyirlər, təcrübəliləri bəzən alternativ vasitələrdən (üçrəqəmli, dördrəqəmli, bəzən beşrəqəmli) istifadə edərək problemi yerində həll edirlər.
Mənim polisim niyə belə oldu? Axı, o, qanunlarımızı əldə rəhbər tutmalıdır.
“Yaxşı polis” - “Pis polis”
Şər və böhtana məruz qalmısınızsa, heç bir sənədə imza atmayın, onların dəvət etdikləri “sadiq” vəkili deyil, öz “sağlam” vəkilinizi tələb edin (əgər imkan versələr...). Hamının şərlənmə riski vardır (artıq belə hesab edirəm). Ona görə ölkəmizdə yaxşı tanıdığınız vəkillə müqaviləniz, əlaqəniz olsun. Burada digər risk ondan ibarətdir ki, bu tip polis şirnikləşdirici təkliflərlə vəkilinizi çaşdıra, aldada bilər. Biz insanıq, təcrübəmdən deyim ki, gözləmədiyim dəhşətli mənzərədən, təzyiq və stressdən orqanizm su içmək istəyir. Bu zaman “yaxşı polis” “pis polis” əvəzinə meydana çıxır. “Sizə qarşı yanlışlıq olub”, - deyir. Maye qəbulu üçün təqdim etdiyi suda, kolada, çayda və s. müxtəlif konsentrasiyalı maddələr olur. Məni limon qatılmış çayla aldadaraq zəhərlədilər (gecə səhərə qədər qızdırdım, üşütdüm, qusdum). Tövsiyəm odur ki, heç vəchlə polisin əlindən (mülki geyimdə də olur) maye, qida qəbul etməyin. Polisim niyə belə oldu?
Şərlənməklə məşğul olanlar bu işi dəfələrlə həyata keçirdikləri üçün şərləmə prosesinin bütün mərhələlərini düşünüblər (amma qeyd edim ki, savadsız və yaddaşsızdırlar – bu, onların əsas boşluğudur), prokurorları aldadırlar, əlləri uzundur, bəzən məhkəmələrə saxta sübutlarının həqiqiliyini qəbul etdirirlər. Mən öz “case”imdə (red: işimdə) belə gördüm.
Cənab Prezident, dövlətimizi sevən neçə-neçə dindar gördüm ki, onları da narkotiklə şərləmişlər. Bunlar heç radikal deyil (elələri də var), sadəcə ibadət edirlər.
Məni peşəkar fəaliyyətimə görə - layihələrimə, təlimlərimə görə şərləyib həbs ediblər. Polisin “qaranlıq” xidməti otaqlarında fiziki, psixoloji şiddətə dözməyib video çəkilişdə “etiraf” etdinizsə, sənədləri imzaladınızsa, bu, şərlənmədən qurtulmaq üçün son deyil. Şərləmə epizodlarında müstəntiq zəruri saxta sənədləri formalaşdıraraq 3 gün ərzində həbs etmək üçün sanksiya məhkəməsinə təqdim etməlidir. Yalnız burada siz qismən polislərin nəzarətindən çıxırsınız. Məhkəmədə rastlaşdığınız bütün qanunsuzluqlar və özbaşınalıqlar barəsində çıxış edin, bildirin. Bilin ki, bütün danışıqlarınız məhkəmənin video-qeydiyyat sisteminə yazılır və arxivləşir. Burada sağlam vəkilinizlə birgə olsanız, şər-böhtandan qurtulma şansınız dəfələrlə artır. Arzu edərdim ki, ölkəmizdə elə güclü Ədliyyə sistemi və Vəkillik institutu olsun ki, bu tip şərçi polislər at oynada bilməsinlər, ehtiyat etsinlər.
Mənim polisim niyə belə oldu? Axı, o, insanların üzərinə narkotik maddələr qoymamalıdır.
İlqar Əliyev
13 saylı Cəzaçəkmə Müəssisəsi
13.08.2025