Britaniyanın “The Guardian” qəzeti yazır ki, Tbilisidə planlaşdırılan “Trump Tower” göydələni Gürcüstan oliqarxı Bidzina İvanişvilinin oğlu Uta İvanişviliyə bağlı torpaq sahəsində tikilə bilər. Bidzina İvanişvili Gürcüstanın ən varlı şəxsi və hakimiyyətdə olan, Rusiyaya yaxınlığı ilə tanınan “Gürcü Arzusu” partiyasının fəxri sədridir.
Nəşrin məlumatına görə, tikintinin nəzərdə tutulduğu ərazi “Cartu” Beynəlxalq Xeyriyyə Fonduna məxsusdur. Fondun sahibi isə “Cartu Group” ASC-dir. Hazırda şirkətin 35 faizi Uta İvanişviliyə məxsusdur. Daha əvvəl isə o, şirkətin tam sahibi olub. Digər səhmdarların kimliyi açıqlanmır, çünki onların heç birinin payı 5 faizdən çox deyil.
Mülkiyyət strukturundakı dəyişikliklər Bidzina İvanişvilinin 27 dekabr 2024-cü ildə ABŞ sanksiyalarına məruz qalmasından sonra baş verib. ABŞ Dövlət Departamenti həmin vaxt bəyan etmişdi ki, “Gürcü Arzusu” partiyası Kremlin maraqlarını təşviq edib və Gürcüstanın Avro-Atlantik inteqrasiya kursunu dəyişdirib. Vaşinqton bunu Gürcüstan Konstitusiyasına və ölkə vətəndaşlarının iradəsinə zidd addım kimi qiymətləndirmişdi.
“The Guardian” yazır ki, “Trump Organization” ilə İvanişvili ailəsi arasındakı əlaqələr mümkün maraqlar toqquşması ilə bağlı suallar yaradır. Qəzet xatırladır ki, ABŞ sanksiyalarına əsasən, Amerika vətəndaşlarına Bidzina İvanişvili ilə xüsusi icazə olmadan biznes aparmaq, ödənişləri emal etmək və ya xidmət göstərmək qadağandır.
İvanişvilinin tənqidçiləri layihəni Gürcüstan hakim elitasının Donald Trampın dəstəyini qazanmaq cəhdi kimi qiymətləndirirlər. “Gürcü Arzusu” isə əksinə, “Trump Tower” layihəsini Tramp şirkətinin Gürcüstan iqtisadiyyatına və idarəetmə sisteminə etimadının göstəricisi adlandırıb.
Aprelin 20-də “Azadlıq Radiosu”nun Gürcüstan xidməti də Tbilisidəki “Trump Tower” layihəsi barədə yazmışdı. Layihədə “Trump Organization”ın tərəfdaşları arasında Gürcüstanın “Archi Group”, “Biograph Living”, “Blox Group”, “Finvest Georgia” şirkətləri və ABŞ-nin “The Sapir Organization” şirkəti yer alır.
“Archi Group”un təsisçisi və müşahidə şurasının sədri iş adamı İvliane (İlia) Tsulaya hesab olunur. O, Gürcüstan parlamentinin 8-ci çağırış deputatı olub və “Gürcü Arzusu”nu təmsil edib. Tsulaya həmçinin Tbilisi meri Kaxa Kaladzenin yaxın dostu kimi tanınır. Şirkətin tərəfdaşları arasında keçmiş basketbolçu Zaza Paçuliya da var. “Archi Group” hazırda Trampın yaşadığı Mayami şəhərində 50 milyon dollarlıq yaşayış kompleksi də inşa edir.
“Biograph Living” şirkəti isə Paxakadze qardaşlarına məxsus “Wissol Group”un tərkibinə daxildir. Şirkətin səhmlərinin yarısı Maltada qeydiyyatdan keçmiş “Global Investors Limited”ə bağlı “Vellagio”ya, digər yarısı isə Britaniya Vircin adalarında qeydiyyatdan keçmiş “Tol Trade”ə məxsus “Riverside Invest” şirkətinə aiddir. “Biograph Living”in icraçı direktoru Vasili Paxakadzedir. O, iş adamı Levan Paxakadzenin oğlu, “Wissol Group”un təsisçisi və Biznes Assosiasiyasının prezidenti Soso Paxakadzenin qardaşı oğludur.
Layihənin tərəfdaşlarından olan “Sapir Organization” Nyu-Yorkda fəaliyyət göstərən daşınmaz əmlak şirkətidir və Donald Trampın keçmiş tərəfdaşı Aleks Sapirə məxsusdur.
Hazırda “Trump Organization” şirkətinə Donald Trampın oğulları - Donald Tramp Jr. və Erik Tramp rəhbərlik edir.
“Azadlıq Radiosu”nun məlumatına görə, əsas göydələnin 79 mərtəbəli olması planlaşdırılır. Bina Mərkəzi Parkın yaxınlığındakı “İppodrom” istirahət zonasında yerləşəcək. Tikinti planına əsasən, ərazidə 7 binadan ibarət yaşayış kompleksi salınacaq. Kompleksdə ən alçaq bina 21, ən hündür bina isə 79 mərtəbəli olacaq.
Tikintini “Central Park Avenue LLC” şirkəti həyata keçirir. Şirkətin “Wissol Group” və “Biograph Living” ilə əlaqəli olduğu bildirilir. “Central Park Avenue LLC” ippodrom ərazisini satın almadan cəmi bir ay əvvəl yaradılıb. Ərazinin alqı-satqısı ilə bağlı müqavilə 2023-cü ildə imzalanıb və sövdələşmənin dəyəri 85 milyon dollar olub.