“Toplum TV işi” çərçivəsində həbs olunan Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayevin yenidən aclıq aksiyasına başladığı bildirilir.
Bu barədə o, yaxınları vasitəsilə “Toplum TV”yə məlumat verib.
Ramil Babayev aprelin sonunda da aclıq aksiyasına başlamış, lakin 8 gün sonra aksiyanı dayandırmışdı. O zaman bildirmişdi ki, Bakı İstintaq Təcridxanası (BİT) rəhbərliyi tələblərinin yarıdan çoxunun yerinə yetiriləcəyinə dair addımlar atıb.
Onun irəli sürdüyü tələblər arasında təcridxanada işgəncə və ayrı-seçkilik hallarının dayandırılması, cərimə kameralarında sanitar şəraitin yaxşılaşdırılması, məhbusların şikayətlərinin aidiyyəti üzrə çatdırılması, siyasi məhbus kimi tanınan şəxslərin görüşlərinin dinlənilməməsi, eyni cinayət işi üzrə həbs edilən “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədlinin müalicəsinə şərait yaradılması və digər məsələlər yer alırdı.
Ramil Babayev bildirib ki, mayın 20-də BİT-in rəis müavini Cavid Güləliyevlə görüşərək tələblərinin yerinə yetirilmədiyini onun diqqətinə çatdırıb.
“Cavid Güləliyev cavabında məni inandırmağa çalışdı ki, tələblərim mərhələli şəkildə təmin olunur. Bunu əyani şəkildə sübut etmək üçün otaqdakı əməkdaşlarla nəzakətli üslubda danışırdı. Çünki tələblərimdən biri təcridxanada etik rəftara əməl olunması idi. Cavid Güləliyev onu da dedi ki, mənim aclığı dayandırmağımdan bəri təcridxanada heç kim döyülməyib və əlimdə bunun əksini iddia edən məlumat varsa, onlara bildirim və rəhbərlik bununla bağlı araşdırmaya başlasın. Mən isə cavab verdim ki, onun arqumentlərinin doğruluğunu öyrənmək üçün digər siyasi məhbuslarla görüşəcəm və bir həftə sonra bu mövzuları müzakirə etmək üçün onunla yenidən görüşək”, - deyə o bildirib.
Babayevin sözlərinə görə, həmin görüşdən üç gün sonra təcridxanada zorakılıq hadisəsinin şahidi olub və bunu rəhbərliyin davranışı ilə əlaqələndirib.
“Mayın 23-ü saat 17:00 radələrində su almaq üçün təcridxananın köşkündə növbə gözlədiyim vaxt Cavid Güləliyevin söyüşləri bütün təcridxananı bürüdü. Boylanıb baxanda gördüm ki, Cavid Güləliyev 7 saylı korpusu “140” adlanan qovşaqla birləşdirən ərazidə bir məhbusu alçaldıcı ifadələrlə amansızcasına döyür. Həmin məhbus bu rəftara etiraz olaraq özünü öldürəcəyini dedikdə Cavid Güləliyev “öldür, öldürməyənin də...” cavabını verdi və söyüşlə qışqırmağa davam etdi. Bu hal tələblərim arasında yer alan “təcridxanada ölüm hallarının araşdırılması və bu barədə ictimaiyyətin məlumatlandırılması” bəndinin necə yerində və adekvat olduğunu bir daha təsdiqləyir”, - məktubda deyilir.
Ramil Babayev qeyd edib ki, Cavid Güləliyev daha əvvəl onunla söhbətdə təcridxanadakı ölüm hallarının əsas səbəbinin xəstəliklər olduğunu söyləyib və əlavə edib ki, rəhbərliyin məsuliyyəti varsa, bununla bağlı mübarizəni ölən məhbusların ailələri aparmalıdır.
Babayev iddia edir ki, təcridxanada maddi imkanı daha yaxşı olan məhbuslar zorakılıqdan müəyyən qədər yayınmağa nail ola bilirlər.
“Bu şəxslər xırda bir rejim qaydası pozuntusuna yol verdikdə – buraya bəzən qarşılaşdığın adama salam vermək də daxildir – onlar barəsində intizam tədbiri görmək əvəzinə onlara bildirilir ki, təcridxananın təsərrüfat bölməsində yeni çörək sexi tikilir və tikinti üçün yardım lazımdır. Bu bəhanə ilə həmin şəxslərdən bir neçə yüz manat alınır və bu proses bir neçə həftədir davam edir. Yoxsul məhbusların necə rəftar gördüyünü isə yuxarıda yazdıqlarımdan təsəvvürünüzə gətirə bilərsiniz”, - o yazıb.
Ramil Babayev bildirib ki, aclıq aksiyasını dayandırmaq üçün yeni tələblər irəli sürür. O, ilk növbədə BİT-in rəis müavini Cavid Güləliyev barəsində Cinayət Məcəlləsinin işgəncə, vəzifə səlahiyyətlərini aşma, qəsdən sağlamlığa yüngül zərər vurma və digər maddələri üzrə araşdırma aparılmasını tələb edir.
Bundan başqa, o, mayın 23-də baş verdiyini iddia etdiyi döyülmə hadisəsi ilə bağlı təhlükəsizlik kameralarının görüntülərinin araşdırılmasını, həmin məhbusun bədənindəki xəsarət izlərinin sənədləşdirilməsini, özünün şahid qismində ifadəsinin alınmasını və Ombudsman Səbinə Əliyevanın həmin məhbusla görüşməsini istəyir.