The New York Times: “ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı razılığa gəlib”

The New York Times: “ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı razılığa gəlib”
25 May 2026
Mətni dəyiş

“The New York Times” nəşri adı açıqlanmayan amerikalı rəsmiyə istinadən yazır ki, ABŞ və İran Hörmüz boğazının fəaliyyətinin bərpası ilə bağlı prinsipial razılığa gəliblər. Qəzet qeyd edir ki, razılaşmanın detalları hələ tam razılaşdırılmayıb.

Bununla belə, “The Washington Post” bir neçə mənbəyə istinadən bildirir ki, Tehran və Vaşinqton arasında hələlik yekun saziş imzalanmayıb. Tərəflər yalnız qarşılıqlı anlaşma memorandumu üzrə ilkin razılıq əldə ediblər.

Amerikalı diplomatın “The Washington Post”a verdiyi məlumata görə, son memorandum layihəsində Ağ Ev İrandan Hörmüz boğazını dərhal açmağı və 30 gün ərzində əvvəlki gəmiçilik səviyyəsini bərpa etməyi tələb edib. Sənədə əsasən, İran, ABŞ və İsrail regionda, o cümlədən Livanda bütün hərbi əməliyyatları dayandırmalıdırlar.

Vaşinqton Tehrandan İranın heç vaxt nüvə silahı hazırlamayacağına və zənginləşdirilmiş uran ehtiyatlarının utilizasiya ediləcəyinə dair təminat almaq istəyir.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bazar ertəsi bildirib ki, imzalanması planlaşdırılan memorandum İranın nüvə proqramını əhatə etməyəcək. Onun sözlərinə görə, ABŞ öhdəliklərini yerinə yetirərsə, nüvə məsələsi gələcək danışıqlarda müzakirə olunacaq.

İranlı mənbə “The Washington Post”a deyib ki, Hörmüz boğazının açılması mərhələli şəkildə həyata keçiriləcək. İlk mərhələdə ABŞ İranın 12 milyard dollarlıq aktivlərini dondurulmuş vəziyyətdən çıxarmalı, boğaza tətbiq etdiyi blokadanı aradan qaldırmalı və ərazinin minalardan təmizlənməsinə başlamalıdır.

Mənbənin sözlərinə görə, memorandum nüvə sazişini əhatə etmir və yalnız nüvə məsələsi üzrə gələcək danışıqların aparılması barədə öhdəliyi nəzərdə tutur.

Amerikalı rəsmi isə bildirib ki, İran öhdəliklərini yerinə yetirmədən heç nə əldə etməyəcək. Onun sözlərinə görə, Tehran zənginləşdirilmiş uranı təhvil verməyə başladıqdan sonra dondurulmuş aktivlərinə çıxış əldə edə biləcək.

Mayın 24-də ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazıb ki, İranla danışıqlar “mütəşəkkil və konstruktiv” şəkildə davam edir. Bununla yanaşı, o, nümayəndələrinə “sazişin bağlanmasında tələsməməyi” tapşırdığını bildirib. Trampın sözlərinə görə, razılaşma imzalanana qədər Hörmüz boğazına tətbiq edilən blokada qüvvədə qalacaq.

ABŞ və İsrail fevralın sonunda İrana qarşı hərbi əməliyyatlara başlayıb. Münaqişə Yaxın Şərqin bir sıra ölkələrini əhatə edib. Aprelin əvvəlindən etibarən tərəflər arasında atəşkəs qüvvədə olsa da, Hörmüz boğazı bağlı qalır və ABŞ İran limanlarına qarşı blokadanı davam etdirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun