ABŞ İrana yeni sülh sazişi layihəsi təqdim edib. Bu barədə İranın “Tasnim” agentliyi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, sənəd Tehrana pakistanlı vasitəçi vasitəsilə çatdırılıb. İran tərəfi layihəni nəzərdən keçirir və hələlik rəsmi cavab verməyib.
ABŞ prezidenti Donald Tramp bildirib ki, İran sülh razılaşmasını qəbul etməyəcəyi təqdirdə Vaşinqton Tehrana qarşı hücumları davam etdirməyə hazırdır. Bununla yanaşı, o, ABŞ-nin “düzgün cavab” almaq üçün bir neçə gün gözləyə biləcəyini də deyib.
ABŞ prezidentindən nə qədər gözləməyə hazır olduğu soruşulduqda isə o, “Bu, bir neçə gün çəkə bilər, amma hər şey çox sürətlə də baş verə bilər”, – deyə cavab verib.
“Axios” nəşrinin məlumatına görə, Tramp İranla yeni razılaşma təşəbbüsünü İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında da müzakirə edib.
Nəşrin mənbələrinin sözlərinə görə, Tramp bildirib ki, vasitəçilər ABŞ və İranın imzalayacağı “niyyət məktubu” üzərində işləyirlər. Bu sənədin müharibənin formal şəkildə başa çatdırılması və 30 günlük danışıqlar mərhələsinin başlanması üçün nəzərdə tutulduğu bildirilir.
Bununla belə, “Axios” yazır ki, Netanyahu danışıqlara olduqca skeptik yanaşır və İranın hərbi imkanlarını zəiflətmək məqsədilə müharibənin yenidən başlamasını istəyir.
Mayın əvvəlində İran 14 bənddən ibarət atəşkəs planını təqdim etmişdi. Həmin planda hücum edilməməsinə təminat, İran limanlarına tətbiq olunan blokadanın aradan qaldırılması və İran aktivlərinin dondurulmasının ləğvi kimi tələblər yer alırdı.
Tramp isə bu planı “qəbuledilməz” adlandırmış və İranın “son 47 ildə bəşəriyyətə və dünyaya etdiklərinə görə hələ kifayət qədər yüksək bədəl ödəmədiyini” bildirmişdi.
Daha sonra ABŞ da İran tərəfinə sülh danışıqlarının bərpası üçün yerinə yetirilməli olan beş tələb təqdim edib.
Foto: White House Photo