“Azərbaycanda Repressiyaya Son Kampaniyası” saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsində vəfat edən informasiya və kommunikasiya texnologiyaları üzrə ekspert İlqar Əliyevlə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, 2025-ci ilin dekabrında siyasi məhbus Elbəyi Kərimlinin ölümündən sonra Azərbaycanda daha bir siyasi məhbus həbsxanada ölü tapılıb.
“Azərbaycan həbsxanalarında daha bir siyasi məhbusun ölümü baş verib. 2025-ci ilin dekabrında Elbəyi Kərimlinin ölümündən sonra, bu dəfə 2026-cı il mayın 1-də 13 saylı Cəzaçəkmə Müəssisəsində İlqar Əliyev vəfat edib.
İnformasiya və kommunikasiya texnologiyaları sahəsində tanınmış ekspert olan İlqar Əliyev 2023-cü ildə “Abzas Media”ya qarşı yönəlmiş repressiya dalğası zamanı həbs edilmişdi. O bildirirdi ki, şərlənərək həbs olunub, çəkiliş altında narkotik maddənin ona məxsus olduğunu etiraf etməyə məcbur edilib və məhkəmə onun barəsində qanunsuz hökm çıxarıb.
Avropa Həbsxana Qaydalarına əsasən, həbs yerlərində baş verən bütün ölüm halları dərhal və müstəqil şəkildə araşdırılmalıdır”.
İKT mütəxəssisi İlqar Əliyevin mayın 1-də saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsində vəfat etdiyi bildirilir.
Hökumətyönlü mediada yayılan məlumatlarda onun xəstəlik səbəbindən öldüyü iddia edilib. Ədliyyə Nazirliyindən verilən ilkin açıqlamada da ölümün səbəbi kimi kəskin ürək-damar çatışmazlığı göstərilib. Lakin “Abzas Media”nın əldə etdiyi məlumata görə, İlqar Əliyevin həbsxanada səhhəti ilə bağlı hər hansı şikayəti olmayıb.
İlqar Əliyev 2023-cü ilin noyabrında müstəqil mediaya qarşı başladılan repressiya dalğası çərçivəsində həbs olunub. O, 2025-ci il yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Əvvəllər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də İnformasiya Texnologiyaları Departamentinin rəhbəri, həmçinin bank sektorunda müşavir kimi çalışmış İlqar Əliyev əvvəlcə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub.
Sonradan məhkəmə onun narkotik vasitəni satış məqsədilə əldə etmədiyi qənaətinə gəlib və ittiham Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması və daşınması maddəsinə dəyişdirilib.
İlqar Əliyev məhkəmədə özünü təqsirli bilməyib. Bu ilin mart ayında onun cəzası 4 ildən 3 ilə endirilmişdi.
Əldə olunan məlumatlara görə, həbs zamanı onun müdafiə hüququ pozulub, ondan zor tətbiq edilməklə videoya çəkilərək narkotik istifadə etdiyini etiraf etməsi tələb olunub. Bildirilir ki, sonradan çayına narkotik maddə qatılıb və bundan sonra analiz götürülüb. Həmçinin onunla bağlı heç bir əməliyyat-axtarış tədbirinin aparılmadığı qeyd edilir.
“Doğma ölkəmdə şərləndim, çox çalışdım, bütün mümkün sivil vasitələrdən istifadə etdim, amma ədalət qələbə çalmadı, məğlub oldu, onu qəsb etdilər”, — İlqar Əliyevin “LinkedIn” hesabında paylaşdığı qeyddə deyilir.
2023-cü ilin noyabrından etibarən Azərbaycanda müstəqil media, vətəndaş cəmiyyəti fəalları və araşdırmaçı jurnalistlərə qarşı genişmiqyaslı repressiya dalğası başladığı bildirilir. Beynəlxalq hüquq müdafiə təşkilatları və yerli fəallar bunu son illərin ən ağır təzyiq kampaniyalarından biri kimi qiymətləndirirlər.
Bu çərçivədə “Abzas Media”, “Toplum TV”, “Meclis.info” və “Meydan TV” kimi media qurumlarının əməkdaşları qaçaqmalçılıq və digər ağır maliyyə cinayətləri ittihamı ilə həbs ediliblər.
2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, layihə koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay həbs cəzası alıb.
Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü dəyişmədən qüvvədə saxlayıb.
Hazırda həbs olunan digər jurnalistlərin məhkəmə prosesləri davam edir. Onlar ittihamları qəbul etmir və həbslərinin peşə fəaliyyətləri ilə bağlı siyasi sifariş olduğunu bildirirlər. Hökumət isə ölkədə heç kimin peşə fəaliyyətinə görə təqib olunmadığını, həmin şəxslərin törətdikləri əməllərə görə məsuliyyətə cəlb edildiyini bəyan edir.
Yerli hüquq müdafiə təşkilatlarının hesabatlarına görə, hazırda Azərbaycanda 328 siyasi məhbus var.