Sosial şəbəkələrdə hökuməti və Prezident İlham Əliyevi tənqid etdikdən sonra həbs olunan ictimai fəal və ingilis dili müəllimi Dəyanət Çələbiyevin məhkəmə prosesi başlayıb.
“Azadlıq Radiosu”nun məlumatına görə, mayın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən hazırlıq iclasında fəalın vəkili Aqil Layıc bir neçə vəsatət qaldırıb.
Müdafiə tərəfi ilk olaraq cinayət işinə xitam verilməsini istəyib. Vəkil bildirib ki, Dəyanət Çələbiyev heç bir cinayət törətməyib və iş materiallarında bununla bağlı kifayət qədər əsas yoxdur. O vurğulayıb ki, ittihamın əsaslandığı ekspertiza rəyi fəalın həbsindən dörd ay sonra təqdim olunub.
“Əgər ekspertiza rəyi sonradan verilibsə, onun əvvəlcədən kiməsə ağır xəsarət yetirdiyi necə müəyyənləşdirilib?” – deyə vəkil məhkəmədə sual edib.
Digər vəsatətdə isə cinayət işinə xitam verilmədiyi halda, Çələbiyevin ev dustaqlığına buraxılması istənilib. Müdafiə tərəfi qeyd edib ki, fəal ailənin yeganə gəlir mənbəyidir və himayəsində azyaşlı uşaqları var. Məhkəmə hər iki vəsatəti təmin etməyib.
Vəkil həmçinin Dəyanət Çələbiyevin proses zamanı şüşə qəfəsdə deyil, müdafiəçisinin yanında əyləşməsinə icazə verilməsini xahiş edib. Bildirilib ki, bu, həm Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına uyğundur, həm də vəkillə maneəsiz ünsiyyət üçün vacibdir. Lakin məhkəmə bu vəsatəti də baxılmamış saxlayıb.
Dəyanət Çələbiyev ötən il dekabrın 22-də saxlanılıb. İki gün sonra Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq orqanı onu Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi – xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edir. Bu maddə üzrə 6 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Fəal ittihamları qəbul etmir, bildirir ki, heç kimə xəsarət yetirməyib və siyasi baxışlarına görə şərlənərək həbs olunub.
Dəyanət Çələbiyev həbsindən bir gün əvvəl sosial şəbəkədə paylaşdığı statusda ölkədəki idarəetmə modelini sərt tənqid etmişdi. O yazmışdı ki, uzun illərdir İlham Əliyev və ailəsinin mərkəzində dayandığı hakimiyyət sistemi ölkəni zəiflədib və gələcəyini təhlükə altına qoyub.
Bu, onun ilk həbsi deyil. Dəyanət Çələbiyev 2025-ci ilin mayında da inzibati qaydada həbs edilmişdi. Həmin vaxt ona xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama ittihamları ilə 30 sutka inzibati həbs cəzası verilmişdi. Fəal həmin ittihamları da rədd etmiş, sosial şəbəkələrdəki tənqidi paylaşımlarına görə cəzalandırıldığını bildirmişdi.