Məhkəmə CHP qurultayını etibarsız sayıb, Kılıçdaroğlu vəzifəsinə qaytarılıb

Məhkəmə CHP qurultayını etibarsız sayıb, Kılıçdaroğlu vəzifəsinə qaytarılıb
22 May 2026
Mətni dəyiş

Türkiyədə Cumhuriyyət Xalq Partiyasının (CHP) 38-ci Qurultayı və 21-ci Fövqəladə Qurultayının ləğvi tələbi ilə açılan məhkəmə işində “tədbirli mütləq butlan” qərarı verilib.

Qərarla qurultayın hüquqi baxımdan qüsurlu hesab edildiyi bildirilib və onun etibarsız sayılmasına hökm çıxarılıb. Məhkəmə eyni zamanda Kemal Kılıçdaroğlunun və qurultaydan əvvəl fəaliyyət göstərən partiya orqanlarının səlahiyyətlərini davam etdirməsinə qərar verib.

Qərardan sonra CHP Mərkəzi İdarə Heyəti fövqəladə toplantı keçirib. Təxminən beş saat davam edən iclasdan sonra açıqlama verən CHP sədri Özgür Özəl partiyanın parçalanması və ya ikinci siyasi təşkilat yaradılması variantını nəzərdən keçirmədiklərini bildirib.

CHP Ankara İl Təşkilatı isə “xalqın iradəsini qorumaq” çağırışı edərək vətəndaşları partiyanın Baş qərargahı önünə dəvət edib.

Özgür Özəl sosial şəbəkədə paylaşdığı ilk mesajında mübarizəni davam etdirəcəklərini vurğulayıb:

“Sizə hakimiyyətə gül bağçasından keçərək çatmağı vəd etmirəm. Sizə ağrılara dözməyi, amma təslim olmamağı vəd edirəm”.

CHP sədrinin müavini Burhanettin Bulut məhkəmə qərarını tanımadıqlarını açıqlayıb.

Vəzifəsindən uzaqlaşdırılmış İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri və CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlu da paylaşımında “mübarizədə qərarlıyıq” mesajını verib.

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş isə yaxın 1-2 ay ərzində yeni qurultayın keçirilməsi çağırışı edib.

Məhkəmə qərarı ilə yenidən CHP sədrliyinə qaytarılan Kemal Kılıçdaroğlu isə sosial media hesabında paylaşdığı ilk açıqlamada bunları deyib:

“Heç kim narahat olmasın. Partiyamızı bu mübahisələrin içindən çıxaracaq və hakimiyyət yürüşümüzü davam etdirəcəyik”.

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Kemal Kılıçdaroğlu və Özgür Özəli CHP-nin maraqlarını əsas götürən ortaq yol tapmağa çağırıb.

Türkiyənin ədliyyə naziri Akın Gürlek isə məhkəmə qərarına hörmətlə yanaşılmalı olduğunu və apellyasiya yolunun açıq qaldığını bildirib.

“Butlan” ərəb mənşəli söz olub, “etibarsızlıq” mənasını verir. Hüquqda isə hüquqi əməliyyatların qüvvədən düşməsi və ya keçərsiz sayılması hallarından biri kimi istifadə olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun