“AzelTV” YouTube kanalının rəhbəri, jurnalist Əfqan Sadıqov ölkədən çıxışına qadağa qoyulduğunu bildirib.
Jurnalist bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, bu gün hava limanında gömrük nəzarətindən keçərkən ölkədən çıxışına icazə verilmədiyi bildirilib.
“Baş Prokurorluq mənimlə bağlı cinayət işinə aprelin 1-də xitam versə də, bu gün gömrükdən keçəndə dedilər ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq ölkədən çıxışıma qadağa qoyub”, – Əfqan Sadıqov yazıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq hələlik açıqlama verməyib.
Əfqan Sadıqov aprelin 5-də Gürcüstanda saxlanılaraq Azərbaycana deportasiya edilib. Gürcüstan Daxili İşlər Nazirliyi bildirmişdi ki, jurnalist barəsində sosial şəbəkədə polisi təhqir etmə ittihamı ilə İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi üzrə icraat başlanıb. Qurumun açıqlamasına görə, o, məhkəməyə çıxarılmasını və işə vaxtında baxılmasını təmin etmək məqsədilə saxlanılıb.
Həmin gün keçirilən məhkəmə iclasında Sadıqov inzibati xəta törətməkdə təqsirli bilinib. Məhkəmə onun Azərbaycana deportasiya olunması, Gürcüstana üç il müddətinə girişinə qadağa qoyulması və 2000 lari məbləğində cərimələnməsi barədə qərar çıxarıb.
Əfqan Sadıqov 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana köçüb. O, 2024-cü il avqustun 3-də Azərbaycan hüquq-mühafizə orqanlarının tələbi əsasında Tbilisidə saxlanılmışdı. Azərbaycan tərəfi onu hədə-qorxu ilə pul tələb etməkdə ittiham edib və ekstradisiyasını istəyib. Gürcüstan hakimiyyəti isə jurnalistə siyasi sığınacaq verməkdən imtina edib.
2024-cü il noyabrın 28-də Tbilisi Şəhər Məhkəməsi onun Azərbaycana ekstradisiyası barədə qərar çıxarsa da, qərar icra olunmayıb.
Əfqan Sadıqov ittihamların siyasi motivli olduğunu bildirib və onları rədd edib. O, 2025-ci il aprelin 16-da təxminən səkkiz aylıq həbsdən sonra 5 min lari girov qarşılığında azadlığa buraxılıb. Bundan sonra isə Gürcüstanda bir neçə dəfə inzibati qaydada saxlanıldığı bildirilib.