“Toplum TV işi”: İlham Əliyev və Hikmət Hacıyevin dindirilməsi tələb edilib

“Toplum TV işi”: İlham Əliyev və Hikmət Hacıyevin dindirilməsi tələb edilib
26 May 2026
Mətni dəyiş

Mayın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib.

“Azadlıq Radiosu”nun məlumatına görə, proses zamanı təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanovla hakim Azər Tağıyev arasında mübahisə yaranıb. Buna səbəb hakimin məhkəmə istintaqının başa çatdığını elan edərək prokurora çıxış üçün söz vermək istəyi olub.

Qurbanov bildirib ki, müdafiə tərəfinin baxılmamış çoxsaylı vəsatətləri qalıb və onlar araşdırılmadan proses yekunlaşdırıla bilməz.

O həmçinin deyib ki, hakim Azər Tağıyev vəkili Fuad Ağayevdən Vəkillər Kollegiyasına şikayət edib. Qurbanov bunu müdafiə tərəfinə təzyiq kimi qiymətləndirib.

Qurbanov cinayət işində ziddiyyətlərin olduğunu da bildirib. Onun sözlərinə görə, axtarış zamanı götürülən gediş kartları bank kartı kimi təqdim olunub, bank hesablarındakı bütün vəsait isə “cinayət yolu ilə əldə edilmiş pul” sayılıb.

Qurbanov ev və ofislərdən götürülmüş telefon, kompüter və planşetlərin qaytarılmasını tələb edib. Bildirib ki, cihazlar məhkəməyə gətirilərsə, onların açılmasına kömək edə və bəzi məsələlərə aydınlıq gətirə bilər.

Siyasi sifarişlə həbs olunduqlarını deyən Akif Qurbanov məhkəmədən gözləntisinin olmadığını vurğulayıb. O bildirib ki, hakimlərin müstəqil qərar vermədiyinə və sifarişli qərarları məhkəmə zalında elan etdiklərinə inanır.

Qurbanov çıxışının sonunda Prezident İlham Əliyevin, Prezidentin köməkçisi Hikmət Hacıyevin, Baş prokuror Kamran Əliyevin, onun müavini Elçin Məmmədovun, həmçinin Xətai Rayon Məhkəməsinin sədri və hakimlərinin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb.

Vəsatətini əsaslandırarkən o bildirib ki, cinayət işi və ittiham aktı saxta sübutlar əsasında hazırlanıb: “Bu adamlar dindirilmədən bu iş araşdırıla bilməz”.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra prosesdə fasilə elan olunub. Fasilədən sonra təqsirləndirilən şəxslər prosesdə iştirakdan imtina ediblər. Həbsdə olan səkkiz nəfər məhkəmə zalına çıxmayıb. Yalnız polis nəzarətində olan Elmir Abbasov və vəkillər iclasda iştirak ediblər.

Buna baxmayaraq, məhkəmə prosesi davam etdirilib.

Dövlət ittihamçısı Rauf Malışov çıxış etməyə hazır olduğunu bildirib və təqsirləndirilən şəxsləri prosesi uzatmaqda ittiham edib.

Növbəti məhkəmə iclası iyunun 8-nə təyin olunub. Həmin gün prokurorun “Toplum TV işi” üzrə təqsirləndirilən jurnalist və fəallar üçün cəza istəməsi gözlənilir.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər cinayət məsuliyyətinə cəlb olunub. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, IDI əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbsdədir.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı əvvəl ev dustaqlığına buraxılıb, daha sonra polis nəzarətinə götürülüb.

Təqsirləndirilən şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar. Daha sonra ittihamların ağırlaşdırıldığı açıqlanıb. Onlar ittihamları qəbul etmir və həbslərinin siyasi sifariş əsasında həyata keçirildiyini bildirirlər.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun