“The Wall Street Journal”: Avropa İttifaqı ABŞ-nin NATO-dan çıxacağı halda ehtiyat plan üzərində işləyir

“The Wall Street Journal”: Avropa İttifaqı ABŞ-nin NATO-dan çıxacağı halda ehtiyat plan üzərində işləyir
15 Aprel 2026
Mətni dəyiş

Avropa İttifaqı ABŞ-nin NATO-dan mümkün çıxışı halında təhlükəsizliyini təmin etmək üçün alternativ plan üzərində qeyri-rəsmi müzakirələri intensivləşdirib. “The Wall Street Journal” yazır ki, təşəbbüs mövcud NATO strukturlarından istifadə etməklə Avropanın müdafiə qabiliyyətini gücləndirməyi hədəfləyir.

Avropada ABŞ-nin NATO-dan çıxacağı ehtimalına qarşı ehtiyat plan hazırlanması istiqamətində müzakirələr aktivləşib. “The Wall Street Journal” nəşrinin bir neçə mənbəyə istinadla verdiyi məlumata görə, planın məqsədi Avropa İttifaqının mövcud NATO hərbi strukturlarından istifadə edərək özünü müstəqil şəkildə müdafiə edə bilməsini təmin etməkdir.

Mənbələrin sözlərinə görə, bu təşəbbüslər hələlik qeyri-rəsmi xarakter daşıyır və əsasən qapalı görüşlər və işçi naharlar çərçivəsində müzakirə olunur. Bildirilir ki, məqsəd mövcud alyansa rəqib qurum yaratmaq deyil.

Müzakirələrin intensivləşməsində əsas amillərdən biri Almaniyanın mövqeyində baş verən dəyişiklikdir. Əvvəllər Berlin Fransanın təşviq etdiyi Avropanın müdafiə baxımından daha müstəqil olması ideyasına qarşı çıxır və ABŞ-nin təhlükəsizlik sahəsində əsas təminatçı rolunu qorumağa üstünlük verirdi. Lakin 2025-ci ilin mayında kansler vəzifəsinə gələn Fridrix Merts dövründə Almaniyada ABŞ-nin etibarlı müttəfiq olub-olmaması ilə bağlı şübhələr artıb.

WSJ mənbələrinin bildirdiyinə görə, Merts ABŞ-nin siyasətinə yenidən baxmağa başlayıb və Donald Trampın Ukraynaya dəstəyi dayandıra biləcəyi qənaətinə gəlib. Onu narahat edən məqamlardan biri də Trampın müharibədə tərəfləri yanlış qiymətləndirməsi və NATO çərçivəsində ABŞ siyasətində aydın dəyərlər sisteminin zəifləməsidir.

Ehtiyat plan üzərində çalışan bəzi rəsmilər bu təşəbbüsü “Avropa NATO-su” adlandırır. Məqsəd alyans daxilində komanda və qərargah vəzifələrində daha çox avropalının təmsil olunmasını təmin etmək və ABŞ-ın hərbi resurslarını Avropa imkanları ilə tamamlamadır.

Praktiki baxımdan əsas suallar isə belədir: ABŞ hərbçiləri geri çəkiləcəyi halda NATO-nun hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərini kim idarə edəcək, Polşa və Baltik ölkələrinə qoşunların daşınması necə təşkil olunacaq, logistika və genişmiqyaslı regional təlimləri kim həyata keçirəcək. Eyni zamanda, ABŞ qoşunlarını Avropadan çıxarsa belə, nüvə qalxanının etibarlılığının necə qorunacağı da müzakirə mövzusudur.

Bununla belə, WSJ qeyd edir ki, bu planların həyata keçirilməsi çətin olacaq. NATO-nun Avropadakı birləşmiş qüvvələrinin ali baş komandanı postunu ənənəvi olaraq ABŞ nümayəndəsi tutur və Vaşinqtonun bu mövqedən imtina etmək niyyətində olmadığı bildirilir.

ABŞ və Avropa arasında NATO çərçivəsində münasibətlər Donald Trampın ikinci prezidentlik müddəti üçün Ağ Evə qayıdışından sonra gərginləşib. Gərginlik nöqtələrindən biri də Trampın Qrenlandiyanı “ələ keçirmək” hədəsi olub. Nəşrin yazdığına görə, bundan sonra Avropada ehtiyat planla bağlı müzakirələr daha da sürətlənib.

Trampın tənqidinə səbəb olan digər məsələ isə Avropa ölkələrinin İranla müharibəyə reaksiyası olub. Avropa hərbi əməliyyatlara qoşulmayıb, bəzi ölkələr isə ABŞ-nin İranı bombalamağa gedən hərbi təyyarələri üçün öz bazalarından istifadəyə icazə verməyib. ABŞ prezidentinin əsas tənqid hədəflərindən biri İspaniyanın baş naziri Pedro Sançes olub. Tramp dəfələrlə NATO üzvlərinin “kifayət qədər kömək etmədiyini” bildirib və alyansdan narazılığını ifadə edib.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun