Dünya

Vaşinqton–Tehran qarşıdurması dərinləşir: qarşılıqlı zərbələr davam edir

3 dəqiqə
Vaşinqton–Tehran qarşıdurması dərinləşir: qarşılıqlı zərbələr davam edir

Foto: AFP photo/Royal Thai Navy

ABŞ prezidenti Donald Trampın Tehranın sülh sazişi ilə bağlı danışıqları “həddindən artıq uzatdığını” və bunun “bədəlini ödəyəcəyini” bəyan etməsindən sonra ABŞ qüvvələri İranda hərbi müşahidə vasitələrinə, rabitə sistemlərinə və hava hücumundan müdafiə (HHM) obyektlərinə zərbələr endirib.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, “yüksək dəqiqlikli” zərbələr “özünümüdafiə məqsədilə” həyata keçirilib və “İranın əsassız və davam edən təcavüzünə cavab” xarakteri daşıyıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) buna iki mərhələli hücumla cavab verdiyini açıqlayıb. Birinci mərhələdə İran hərbçilərinin 18 hədəfə zərbə endirdiyi, o cümlədən Küveytdə yerləşən iki ABŞ hərbi bazasının - Əli əs-Salem və Əhməd əl-Cabir bazalarının, həmçinin Bəhreyndəki Şeyx İsa bazasının hədəf alındığı bildirilib.

İkinci mərhələdə isə İran İordaniyanın Əl-Əzraq bölgəsində yerləşən ABŞ hərbi hava bazasına 12 ballistik raket atdığını açıqlayıb. SEPAH bəyan edib ki, F-35, F-15 və F-16 qırıcılarının yerləşdiyi baza məhv edilib və bu tip təyyarələrin “xeyli hissəsi” sıradan çıxarılıb. Bu məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

İranın hücumları və HHM sistemlərinin fəaliyyəti fonunda Küveyt hakimiyyəti iyunun 11-i səhər saatlarında hava məkanını müvəqqəti bağlayıb, bir sıra reyslər isə alternativ hava limanlarına yönləndirilib. Küveyt ordusu sakinlərə təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edib.

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani isə ABŞ-la uzunmüddətli razılaşmanın güc yolu ilə əldə edilməsinin mümkün olmadığını bildirib.

“Davamlı razılaşmaya təhdid, qorxutma və ya güc tətbiqi ilə nail olmaq mümkün deyil”, - deyə İrəvani BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.

Diplomat vurğulayıb ki, ABŞ prezidenti İrana qarşı təkrarlanan təhdidlərdən, o cümlədən yenidən güc tətbiq etmək hədələrindən çəkinməlidir.

“İran heç vaxt təhdid və təzyiq altında danışıqlar aparmayıb”, – deyə o əlavə edib.

İrəvaninin sözlərinə görə, Vaşinqton həqiqətən diplomatik həll yolunda maraqlıdırsa, təhdid ritorikasından imtina etməli və İranla qarşılıqlı hörmət, suveren bərabərlik və beynəlxalq hüquqa tam riayət prinsipləri əsasında əlaqə qurmalıdır.

Bundan bir gün əvvəl ABŞ və İran arasında qarşılıqlı zərbələr yenidən başlamışdı. Donald Tramp iyunun 10-da “Fox News” telekanalına müsahibəsində yüksək vəzifəli İran rəsmilərinin bombardmanların dayandırılması üçün ona zəng etdiyini iddia edib.

Tramp bildirib ki, Tehran yaxın vaxtlarda sülh sazişini imzalamasa, ABŞ qarşıdurmanı sürətlə genişləndirməyə hazırdır. O, həmçinin İranı “yerlə-yeksan etmək” hədəsi ilə çıxış edib.

ABŞ müdafiə naziri Pit Heqset də Pentaqonun prezident Trampın gözlədiyi razılaşmanın əldə olunmasını təmin etmək üçün lazımi şərait yaratmağa hazır olduğunu deyib. Onun sözlərinə görə, İrana endirilən zərbələr də bu məqsədə xidmət edir.

İranın xarici işlər naziri Abbas Əraqçi isə iyunun 10-da “X” sosial şəbəkəsində paylaşdığı bəyanatda ölkəsinin silahlı qüvvələrinin “heç bir hücumu və ya təhdidi cavabsız qoymayacağını” bildirib.

“Təhlükəsiz qalmaq istəyirsinizsə, regionumuzu tərk edin. Fars körfəzinin tarixi kənardan müdaxilə edənlərin faciəvi taleyi ilə bağlı çoxsaylı səhifələrlə zəngindir”, - deyə Əraqçi yazıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun