Cəmiyyət

Ali Məhkəmə İqbal Əbilov haqqında 18 illik həbs hökmünü qüvvədə saxlayıb

2 dəqiqə
Ali Məhkəmə İqbal Əbilov haqqında 18 illik həbs hökmünü qüvvədə saxlayıb

Foto: Amerikanın Səsi

İyunun 11-də Ali Məhkəmədə talış tədqiqatçısı İqbal Əbilova açılan cinayət işi üzrə müdafiə tərəfinin verdiyi kassasiya şikayətinə baxılıb.

Bu barədə məlumatı “İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi” yayıb.

Məlumata görə, Əbilov məhkəmə iclasına üzərində Nazim Hikmətin “Sən yanmasan, mən yanmasam, biz yanmasaq, necə çıxar qaranlıqlar işıqlığa?” misrasının talış dilinə tərcüməsi yazılmış qara köynəklə qatılıb.

İclas zamanı Əbilov talış dilində çıxış etmək istədiyini bildirərək tərcüməçi ilə təmin olunması barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib.

Bundan sonra o, talış, Azərbaycan, ingilis və rus dillərində qısa çıxış edib:

“Mən yenə də elan etmək istəyirəm ki, bütün insanların, etnik qrupların və dillərin bərabərliyinə inanıram. Sizin talış dilindən tərcüməçi dəvət etməmə qərarınız göstərir ki, siz və təmsil etdiyiniz sistem ölkə vətəndaşlarının və xalqlarının bərabərliyinə inanmırsınız. Mənə qarşı açılan cinayət işi kimi bu qərar da ölkədə talışlara qarşı mövcud olan sistematik diskriminasiyanın bir parçasıdır. Mən buna qarşı öz etirazımı bildirirəm. Buna görə də başqa hər hansı bir çıxış etməyəcəyəm”.

Məlumata görə, dövlət ittihamçısı çıxışında ölkədə diskriminasiyanın olmadığını bildirib. Prosesə sədrlik edən hakim İlkin Rəcəbov da bu mövqeyi dəstəkləyərək qeyd edib ki, ölkədə diskriminasiya olsaydı, talış əsilli hakimin belə bir işə sədrlik etməsi mümkün olmazdı. Hakim bununla özünün də talış əsilli olduğunu vurğulayıb.

Əbilov isə cavabında hakimin talış əsilli olmasının ölkədə etnik diskriminasiyanın mövcud olmadığı anlamına gəlmədiyini bildirib. O, dövlət ittihamçısına etnik diskriminasiya anlayışını araşdırmağı tövsiyə edib, həmçinin onun işi üzrə kifayət qədər araşdırma aparılmadığını deyib.

Müşavirədən sonra Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib və Şirvan Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Məhkəmənin qərarına əsasən, apellyasiya instansiyasının hökmü dəyişdirilmədən qüvvədə qalıb.

İqbal Əbilovu 2024-cü il iyulun 22-də Masallının Bala Kolatan kəndində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlayıb. Ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb.

2025-ci il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu 18 il müddətinə azadlıqdan məhrum edib. Həmin il oktyabrın 23-də Şirvan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Əbilov və müdafiə tərəfi ittihamları rədd edir. Onlar hesab edirlər ki, hökm talış tarixi və mədəniyyəti ilə bağlı araşdırmalarına görə irəli sürülmüş saxta ittihamlar əsasında çıxarılıb.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları İqbal Əbilovu siyasi məhbus kimi tanıyıblar.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun