Cəmiyyət

Məmməd İbrahim, Ramiz Mehdiyev və Eldar Əmirovla bağlı qətimkan tədbirlərinin müddəti uzadılıb

2 dəqiqə
Məmməd İbrahim, Ramiz Mehdiyev və Eldar Əmirovla bağlı qətimkan tədbirlərinin müddəti uzadılıb

Foto: Abzas Media

İyunun 10-da Səbail Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahim, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və Administrasiyanın keçmiş əməkdaşı Eldar Əmirov barəsində seçilmiş qətimkan tədbirlərinin müddətinin uzadılması barədə qərar verib.

Məhkəmə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdimatlarına baxaraq Məmməd İbrahimin həbs müddətini daha 5 ay uzadıb.

Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti də 5 ay artırılıb.

Eyni qərarla AMEA Katibliyinin keçmiş rəisi və Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirovun həbs müddəti daha 5 ay uzadılıb.

DTX iddia edir ki, AXCP sədri Əli Kərimli də daxil olmaqla bir sıra şəxslər hakimiyyətin zorla ələ keçirilməsinə və dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş hərəkətlər törədiblər.

Qurumun məlumatına görə, Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zahid Cinayət Məcəlləsinin 278.1-ci maddəsi (hakimiyyətin zorla ələ keçirilməsi və ya dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) ilə təqsirləndirilirlər.

İstintaq çərçivəsində Eldar Əmirova Cinayət Məcəlləsinin 32.5 və 278.1-ci maddələri (hakimiyyətin zorla ələ keçirilməsinə və ya dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyevə isə 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci maddələr üzrə ittiham irəli sürülüb.

AXCP rəhbərliyi partiya üzvlərinin, o cümlədən sədr Əli Kərimlinin Ramiz Mehdiyevlə əməkdaşlıq etməsi barədə iddiaları rədd edib. Partiya ittihamları “tamamilə əsassız” adlandırıb və baş verənləri “hakimiyyətin növbəti repressiv kampaniyası” kimi qiymətləndirib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun