Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, dövlət büdcəsi üzrə 160 milyon manatdan çox vəsaitin dəqiqləşdirilməsinə ehtiyac var.
O, bu barədə iyunun 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında danışıb.
Gülməmmədov deyib ki, Palatanın apardığı seçmə təhlillər zamanı bəzi strateji tədbirlərin maliyyələşdirilməsi ilə bağlı fərqli yanaşmalar müəyyən edilib.
“Qurumlar tərəfindən təqdim olunmuş məlumatlarla büdcə sənədlərində əks olunan strategiya tədbirləri üzrə məbləğlər arasında fərqlər aşkar olunub. Bu da strategiyalar üzrə maliyyələşdirmənin 160 milyon manatdan çox hissəsinin dəqiqləşdirilməsinə ehtiyac olduğunu göstərir”, - o bildirib.
Palata sədri işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına ayrılan vəsaitlərlə bağlı göstəricilərin də yenidən nəzərdən keçirilməli olduğunu deyib.
Onun sözlərinə görə, illik hesabatda bu istiqamət üzrə 4,4 milyard manat vəsaitin icra olunduğu göstərilsə də, Hesablama Palatasının hesablamaları məbləğin 60 milyon manatdan çox artıq ola biləcəyini göstərir.
Gülməmmədov bildirib ki, 2025-ci ildə dövlət büdcəsinin icrası zamanı edilən dəyişikliklərin ümumi həcmi 3,7 milyard manat olub. Bu, təsdiq edilmiş büdcə xərclərinin 8,9 faizinə bərabərdir. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 2,4 milyard manat təşkil edib.
O qeyd edib ki, dəyişikliklərin 1,8 milyard manatı “Büdcə sistemi haqqında” qanunun müvafiq maddələrinə əsasən həyata keçirilib.
Palata sədri debitor borcların artdığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, 2025-ci ildə debitor borclar 17 faiz və ya 1 milyard manat artaraq 7 milyard manata çatıb.
“Bu, qurumlara ayrılmış vəsaitlərin azı 1 milyard manatının faktiki xərcə çevrilmədiyini göstərir”, - deyə o bildirib.
Gülməmmədov həmçinin Təminat Fonduna qaytarılmalı vəsaitlərin icrasında ciddi geriqalma olduğunu qeyd edib. O bildirib ki, 2025-ci il üzrə qrafikə əsasən fonda 199,7 milyon manat qaytarılmalı olsa da, bunun yalnız 10,7 faizi icra olunub.
Palata sədri dövlət büdcəsinin sərbəst qalığından 184,8 milyon manat vəsaitin qanunvericilikdə nəzərdə tutulmayan istiqamət üzrə istifadə edildiyini də açıqlayıb.
Onun sözlərinə görə, 2025-ci ildə bir qurumun büdcədənkənar xərclərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsinin sərbəst qalığından vəsait ayrılıb.
“‘Büdcə sistemi haqqında’ qanunun sərbəst qalıqdan istifadə istiqamətlərini müəyyən edən maddəsində nəzərdə tutulmayan bu istiqamət üzrə 184,8 milyon manat vəsait icra edilib”, - deyə Gülməmmədov bildirib.
O əlavə edib ki, məsələ digər normativ-hüquqi aktlarda əks olunsa da, büdcə qanunvericiliyinin tələbləri baxımından bu istiqamətə yenidən baxılmasına ehtiyac var.
