Cəmiyyət

Binəqədi Məhkəməsi Əfqan Sadıqov barəsində həbs qətimkan tədbiri seçib

2 dəqiqə
Binəqədi Məhkəməsi Əfqan Sadıqov barəsində həbs qətimkan tədbiri seçib

“AzelTV” YouTube kanalının rəhbəri, jurnalist Əfqan Sadıqov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə iyulun 30-dək həbs qətimkan tədbiri seçilib.

Bu barədə onun vəkili Nemət Kərimli məlumat verib.

Vəkilin sözlərinə görə, Baş Prokurorluq Əfqan Sadıqov haqqında 2024-cü ildə başlanmış cinayət işinə xitam versə də, iş üzrə zərərçəkənlər həmin qərardan məhkəməyə şikayət ediblər.

“Binəqədi Rayon Məhkəməsi zərərçəkənlərin şikayətinə baxaraq Baş Prokurorluğun cinayət işinə xitam verilməsi barədə qərarını ləğv edib. Bununla da Əfqan Sadıqovla bağlı cinayət işi yenidən istintaqa qaytarılıb. Həmin gün keçirilən digər məhkəmə iclasında isə onun barəsində iyulun 30-dək həbs qətimkan tədbiri seçilib”, - Nemət Kərimli bildirib.

Hökumətə yaxın “APA” agentliyi vəkilə istinadən yazıb ki, Əfqan Sadıqova Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə), 182.2.2-ci (təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Mayın 26-da jurnalistin ölkədən çıxışına qadağa qoyulduğu barədə məlumat yayılmışdı.

“Baş Prokurorluq mənimlə bağlı cinayət işinə aprelin 1-də xitam versə də, bu gün gömrükdən keçəndə dedilər ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq ölkədən çıxışıma qadağa qoyub”, - Sadıqov həmin vaxt sosial şəbəkə hesabında yazmışdı.

Əfqan Sadıqov aprelin 5-də Gürcüstanda saxlanılaraq Azərbaycana deportasiya edilib. Gürcüstan Daxili İşlər Nazirliyi bildirmişdi ki, jurnalist barəsində sosial şəbəkədə polisi təhqir etmə ittihamı ilə İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi üzrə icraat başlanıb. Qurumun açıqlamasına görə, onun saxlanılması məhkəməyə çıxarılmasını və işə vaxtında baxılmasını təmin etmək məqsədi daşıyıb.

Nazirlik həmçinin qeyd etmişdi ki, Azərbaycan Prokurorluğu Strasburq Məhkəməsinin müvəqqəti tədbir tətbiq etdiyi cinayət işi üzrə təqibin dayandırılması barədə Gürcüstan tərəfini rəsmi şəkildə məlumatlandırıb.

Həmin gün keçirilən məhkəmə iclasında Sadıqov inzibati xəta törətməkdə təqsirli bilinib. Məhkəmə onun Azərbaycana deportasiya olunması, Gürcüstana üç il müddətinə girişinin qadağan edilməsi və 2 min lari məbləğində cərimələnməsi barədə qərar çıxarıb.

Əfqan Sadıqov 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana köçüb. O, 2024-cü il avqustun 3-də Azərbaycan hüquq-mühafizə orqanlarının tələbi əsasında Tbilisidə saxlanılmışdı. Azərbaycan tərəfi onu hədə-qorxu ilə pul tələb etməkdə ittiham edərək ekstradisiyasını istəyib. Gürcüstan hakimiyyəti isə jurnalistə siyasi sığınacaq verməkdən imtina edib.

2024-cü il noyabrın 28-də Tbilisi Şəhər Məhkəməsi onun Azərbaycana ekstradisiyası barədə qərar çıxarsa da, qərar icra olunmayıb.

Əfqan Sadıqov ittihamların siyasi motivli olduğunu bildirərək onları rədd edir. O, 2025-ci il aprelin 16-da təxminən səkkiz aylıq həbsdən sonra 5 min lari girov qarşılığında azadlığa buraxılıb. Bundan sonra onun Gürcüstanda bir neçə dəfə inzibati qaydada saxlanıldığı bildirilib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun