Rusiya hərbçilərinin Ermənistanın cənubundakı Nrnadzor yolunda şəxslərin hərəkətini məhdudlaşdırdığı və onları sorğu-suala tutduğu iddia olunur. Bu barədə ermənistanlı jurnalist, “1in TV”nin əməkdaşı Zhirayr Voskanyan “Facebook” hesabında paylaşım edib.
Onun iddiasına görə, Ermənistan hakimiyyətinin rus hərbçilərinin Meğri bölgəsindəki keçid məntəqələrindən çıxarıldığına dair açıqlamalarına baxmayaraq, onlar fəaliyyətlərini davam etdirirlər.
Jurnalist iddia edir ki, seçkilər ərəfəsində bir Avropa ölkəsinin vətəndaşları və Ermənistan sakinləri Meğriyə gedərkən rus hərbçiləri onların avtomobilini saxlayaraq Nrnadzora keçidə icazə verməyiblər.
“Ruslar bunu belə əsaslandırırlar: “Meğri icmasında qeydiyyatda olmayan Ermənistan vətəndaşları və xarici ölkə vətəndaşları Nrnadzora daxil olmaq üçün xüsusi icazə almalıdırlar”. Bu, məhz Azərbaycan-Rusiya və bəzi yerli müxalifətçilərin “Zəngəzur dəhlizi” adlandırdığı marşrutun keçməli olduğu yaşayış məntəqələri arasındakı yoldur”, - Voskanyan yazıb.
Onun sözlərinə görə, rus hərbçiləri şəxsləri məcburi şəkildə saxlayır, sorğu-suala tutur və bir neçə saat gözləməyə məcbur edirlər.
Voskanyan bildirib ki, bir neçə saat sonra saxlanılan şəxslər Meğri polis şöbəsinə aparılıb. Onun sözlərinə görə, Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyəti yumşaltmağa çalışıblar.
Jurnalist dövlət qurumlarına müraciət edərək rus hərbçilərinin hansı əsasla həmin keçid məntəqələrində fəaliyyət göstərdiklərini, məhdudiyyətləri hansı hüquqi əsasla tətbiq etdiklərini və Ermənistanın hansı qurumunun rus hərbçilərinə ölkənin suveren ərazisində bu səlahiyyətləri verdiyini sorğulayıb.
Azərbaycanın hökumətyönlü mediası da jurnalistin iddialarını tirajlayıb. Məsələ ilə bağlı adı çəkilən heç bir ölkə rəsmi açıqlama verməyib.
Nrnadzor kəndi (keçmiş Nüvədi) Azərbaycanın Zəngilan rayonu ilə sərhəd yaxınlığında yerləşir.
2024-cü il oktyabrın 8-də Moskvada Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə 2025-ci il yanvarın 1-dən etibarən Rusiya sərhədçilərinin Ermənistan-İran sərhədindəki keçid məntəqəsində xidmətini dayandırması barədə razılıq əldə olunub. Həmin razılaşmaya əsasən, 2020-ci il müharibəsindən sonra Ermənistanın cənubunda yerləşdirilmiş bir sıra kiçik rus hərbi məntəqələrinin də fəaliyyətinin dayandırılması nəzərdə tutulurdu.
2024-cü il iyulun 31-də Rusiya sərhədçiləri Yerevandakı Zvartnots hava limanında xidmətlərini başa vurublar.
1993-cü ildə imzalanmış sazişə əsasən, Ermənistan Türkiyə və İranla sərhədlərinin mühafizəsini Rusiyaya həvalə edib. Müxtəlif mənbələrin məlumatına görə, hazırda Ermənistanda təxminən 5 minə yaxın rus hərbçisi xidmət edir. Onların böyük hissəsi Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasında xidmət aparır.
2010-cu ildə imzalanmış protokola əsasən, həmin bazanın Ermənistanda qalma müddəti 2044-cü ilə qədər uzadılıb.

