Ermənistanda məhkəmə “Güclü Ermənistan” Partiyasının üzvü və partiya lideri, rusiyalı milyarder Samvel Karapetyanın tərəfdarı Alik Aleksanyanın barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Bu barədə “Azadlıq Radiosu”nun erməni xidməti məlumat yayıb.
Aleksanyan seçicilərin ələ alınması və xüsusilə külli miqdarda vəsaitin leqallaşdırılması (çirkli pulların yuyulması) ittihamı ilə üzləşib.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, o, 2025-ci ilin sentyabrından 2026-cı ilin mayınadək rəhbərlik etdiyi təşkilatda təxminən 1400 nəfəri formal olaraq işə götürüb. Həmin şəxslərin Karapetyanın tərəfdarları, “Bizim kimi” ictimai təşkilatı və “Güclü Ermənistan” Partiyasının təşkil etdiyi mitinq və toplantılarda iştirak etdiyi bildirilir. Onlardan 400-dən çoxunun başqa şirkətlərdə də işlədiyi qeyd olunur.
İstintaqın iddiasına əsasən, işə qəbul edilənlərin əksəriyyəti faktiki olaraq işləməyib və ya təşkilatın ofisini ayda cəmi bir neçə dəfə ziyarət edib. Daha sonra isə onlar işdən çıxarılıblar.
Məlumata görə, 2025-ci ilin oktyabrından 2026-cı ilin martınadək “Bizim kimi” təşkilatının hesablarına təxminən 1,6 milyard dram (təxminən 4,5 milyon dollar), 230 min avro və 75 min dollar daxil olub. Bu vəsaitlərin Karapetyanla əlaqəli “Taşir” xeyriyyə fondu, “Intego Energy” və “Taşir Kapital” şirkətlərinin “ianə” və “borcu” kimi rəsmiləşdirildiyi bildirilir.
Həmin məbləğin 763 milyon dramdan (2 milyon dollardan çox) artıq hissəsinin əməkhaqqı ödənişlərinə yönəldildiyi vurğulanır.
Samvel Karapetyan isə Aleksanyanın həbsini “cəfəngiyat” və “qanun pozuntusu” adlandırıb.
“Komandamda pul yumağın necə həyata keçirildiyini bilən bir nəfər belə yoxdur”, - deyə o bildirib.
Rusiyada “Taşir” şirkətlər qrupunun və “Rio” ticarət-əyləncə mərkəzləri şəbəkəsinin sahibi olan Karapetyan Ermənistanda hakimiyyətin zorla ələ keçirilməsinə və ölkənin ərazi bütövlüyünün pozulmasına çağırışlarda ittiham olunur. Onun barəsində ölkədən çıxış qadağası tətbiq edilib.
“Reuters” agentliyinin üç Qərb rəsmisinə istinadən yaydığı məlumata görə, Karapetyan Moskva üçün Ermənistan rəhbərliyinə ən arzuolunan namizədlərdən biri hesab olunur.
Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət isə Avropa İttifaqı ilə yaxınlaşma siyasəti fonunda son illər Rusiyanın siyasi və iqtisadi təzyiqlərilə üzləşdiyini bəyan edir.
