Gündəm

“Abzas Media” və “Meydan TV” “Azad Media Öncülü” mükafatına namizədlər arasındadır

3 dəqiqə
“Abzas Media” və “Meydan TV” “Azad Media Öncülü” mükafatına namizədlər arasındadır

Foto: IPI

Beynəlxalq Mətbuat İnstitutu (IPI) və Beynəlxalq Media Dəstəyi (IMS) 2026-cı il üzrə “Azad Media Öncülü” Mükafatının qısa siyahısına daxil edilən 11 media orqanının adını açıqlayıb. Siyahıda Azərbaycandan iki media qurumu - “Abzas Media” və “Meydan TV” də yer alıb.

Qısa siyahıya dünyanın müxtəlif ölkələrindən olan media qurumları daxil edilib. Bildirilir ki, bu media orqanları öz ölkə və regionlarında xəbərlərin və informasiyanın sərbəst dövriyyəsi üçün yeni imkanlar açaraq öncül rol oynayıblar və azad mətbuatın dayanıqlılığını nümayiş etdiriblər.

IPI və IMS-in məlumatında qeyd edilir ki, 2016-cı ildə yaradılan “Abzas Media” yüksək səviyyəli korrupsiya faktlarını üzə çıxaran araşdırmaları, həssas qrupların səsini çatdırması və hakimiyyəti hesabatlı olmağa çağıran jurnalistikası ilə tanınır.

IPI və IMS hesabatlılıq jurnalistikasına sadiqliyinin “Abzas Media”nı Azərbaycanın avtoritar Əliyev hakimiyyətinin təqib hədəfinə çevirdiyini vurğulayır. 2023-cü ilin payızında başlanan həbslərdən sonra “Abzas Media”nın altı jurnalisti və “Azadlıq Radiosu”nun bir jurnalisti “Abzas Media işi” üzrə mühakimə olunaraq 2025-ci ilin iyununda 7 il 6 aydan 9 ilədək azadlıqdan məhrum ediliblər.

“Buna baxmayaraq, “Abzas Media” jurnalistləri sürgündə və hətta həbsxanadan fəaliyyətlərini davam etdirərək hökumətin saytın bloklanması və auditoriyaya çıxışın məhdudlaşdırılması cəhdlərini müxtəlif yollarla aşmağa çalışırlar”, - IPI və IMS məlumatında deyilir.

“Abzas Media”nın icraçı direktoru və baş redaktoru Günel Səfərova deyib ki, bu mükafata namizəd göstərilmək “Abzas Media” üçün əhəmiyyətli məna daşıyır:

“Dövlət rəsmilərinin korrupsiya əməllərini ifşa edən araşdırmalarına görə, “Abzas Media” 2023-cü ilin noyabrında ölkədə tənqidi səsləri və müstəqil medianı hədəf alan repressiya dalğasının ilk hədəfinə çevrildi. Bu iş üzrə “Abzas Media”nın altı jurnalisti də daxil olmaqla, ümumilikdə yeddi jurnalist hələ də həbsdədir. Onların həbs edilməsinin yeganə səbəbi peşələrini vicdanla yerinə yetirmələri, ölkədəki qanunsuzluqları, ədalətsizlikləri və korrupsiya sistemini ifşa etmələri olub.

Bu səviyyədə repressiyalara baxmayaraq, “Abzas Media” araşdırmalarını davam etdirir. Bizim üçün bu tanınma təkcə peşəkar fəaliyyətimizin qiymətləndirilməsi deyil. Bu, həm də bir neçə illik həbs cəzasına məhkum edilmiş həmkarlarımızın unudulmadığını, onların cəsarətinin görüldüyünü və həqiqət uğrunda mübarizənin həbsxana divarlarından kənarda da davam etdiyini göstərən mühüm dəstək göstəricisidir”.

“Azad Media Öncülü” Mükafatı hər il jurnalistika, media fəaliyyəti və ya mətbuat azadlığının müdafiəsi sahəsində innovativ modellər yaradan təşkilatlara və media icmalarına təqdim olunur. Mükafat müstəqil jurnalistikanı gücləndirmək və cəmiyyətlərin informasiya ehtiyaclarını qarşılamaq üçün yeni yanaşmalar ortaya qoyan təşəbbüsləri qiymətləndirir.

2025-ci ildə mükafat Macarıstanın müstəqil mediasına siyasi və iqtisadi təzyiqlər şəraitində nümayiş etdirdiyi innovasiya, uyğunlaşma qabiliyyəti və davamlılığa görə təqdim olunmuşdu. Əvvəlki qaliblər arasında Qırğızıstanın “Kloop” nəşri, Myanmardan “Now” və Filippinin “Rappler” media qurumu da var.

Builki qaliblərin yaxın həftələrdə elan ediləcəyi bildirilir. Mükafatlar iyulun 24-26-da Kolumbiyanın Boqota şəhərində keçiriləcək Gabo Festivalı çərçivəsində “Dünya Mətbuat Azadlığı Qəhrəmanı Mükafatı” ilə birlikdə təqdim olunacaq.

 

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun