İyunun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Kənan Zeynalovun (Basqal) cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
“Azadlıq Radiosu”nun məlumatına görə, proses zamanı müdafiə tərəfi bir sıra vəsatətlərlə çıxış edib. Vəkil Nazim Musayev hadisə günü zərərçəkmiş qismində tanınan Anar Rəhimovun telefon əlaqələrinin araşdırılmasını istəyib. Müdafiə tərəfi hesab edir ki, Rəhimov hadisədən əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlaqədə olub və mümkün təxribat planının iştirakçısı ola bilər.
Vəkil həmçinin diqqətə çatdırıb ki, zərərçəkmiş şəxs indiyədək məhkəmə iclaslarında iştirak etməyib. Müdafiə tərəfi onun prosesə qatılmamasının səbəblərinin araşdırılmasını tələb edib.
“Bizim ona ünvanlayacağımız suallar var. Niyə məhkəməyə gəlmədiyi və işin araşdırılmasında niyə maraq göstərmədiyi aydınlaşdırılmalıdır”, - vəkil Nazim Musayev bildirib.
Kənan Zeynalov ittihamları qəbul etmədiyini deyib. Onun sözlərinə görə, hadisə zamanı heç kimə bıçaqla xəsarət yetirməyib. O iddia edir ki, yolda hərəkətdə olarkən Anar Rəhimov ona yaxınlaşıb, daha sonra qışqıraraq yerə yıxılıb və qısa müddət sonra polis əməkdaşları hadisə yerinə gəlib.
Müdafiə tərəfi bu ardıcıllığın şübhələr yaratdığını vurğulayaraq, hadisənin əvvəlcədən planlaşdırılmış ola biləcəyini bildirib. Bu səbəbdən vəkil həmin gün zərərçəkmişin kimlərlə əlaqə saxladığının müəyyənləşdirilməsini vacib sayıb.
“Hadisələrin bu cür gedişatı bizdə ciddi şübhələr yaradır. Necə oldu ki, bu hadisə baş verəndən dərhal sonra polislər gəldi? Bu hadisənin əvvəldən hazırlanmış plan olduğunu düşünürük. Ona görə də xahiş edirik, həmin gün kimlərlə əlaqə saxlayıbsa, müəyyənləşdirilsin”, – vəkil vəsatətini belə əsaslandırıb.
Nazim Musayev ekspertiza rəyi ilə zərərçəkmişin ifadələri arasında ziddiyyət olduğunu da qeyd edib. Onun sözlərinə görə, ekspertiza yalnız bir xəsarəti təsdiqlədiyi halda, Anar Rəhimov iki və ya üç bıçaq zərbəsi aldığını iddia edib.
Məhkəmə müdafiə tərəfinin qaldırdığı vəsatətlərin heç birini təmin etməyib.
Növbəti məhkəmə iclası iyunun 25-nə təyin olunub. Həmin prosesdə məhkəmə istintaqının başa çatdırılması və dövlət ittihamçısının təqsirləndirilən şəxsə cəza tələbi ilə çıxış etməsi gözlənilir.
Kənan Zeynalov 2025-ci il martın 21-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah qismində istifadə edilən əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələr üzrə 11 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
AXCP-nin məlumatına görə, partiyanın sədri Əli Kərimli də daxil olmaqla, hazırda 15-dən çox üzvü həbsdədir. Partiya həmin şəxslərin siyasi motivlərlə təqib olunduğunu bildirir.
Hüquq müdafiəçilərinin hesabatlarında Azərbaycanda 328 siyasi məhbusun olduğu qeyd edilir. Rəsmi qurumlar isə ölkədə siyasi məhbusların mövcudluğu ilə bağlı iddiaları qəbul etmir və siyahılarda yer alan şəxslərin konkret cinayət əməllərinə görə mühakimə olunduğunu bəyan edirlər.
