“Tərtər hadisələri”ndə yeni mərhələ: əsas fiqurantlar cəzalandırılacaqmı?

“Tərtər hadisələri”ndə yeni mərhələ: əsas fiqurantlar cəzalandırılacaqmı?
19 May 2026
Mətni dəyiş

Ötən həftənin ən çox müzakirə olunan məsələlərindən biri “Tərtər hadisələri” və bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ilə Azərbaycan hakimiyyəti arasında başlanmış kommunikasiya prosesidir. Ekspertlər bu addımı 2017-ci ildə baş vermiş hadisələrin araşdırılması və həqiqətlərin ortaya çıxarılması istiqamətində mühüm mərhələ kimi qiymətləndirirlər.

“Tərtər hadisələri” üzrə kommunikasiya: nə gözlənilir?

Xəbər verildiyi kimi, AİHM “Tərtər hadisələri” ilə bağlı Azərbaycandan daxil olan yeni şikayətlər üzrə hökumətlə rəsmi kommunikasiya prosesinə başlayıb. Şikayətlər həmin hadisələr zamanı dövlətə xəyanət və digər ağır ittihamlarla uzunmüddətli həbs cəzası alan, sonradan isə bəraət verilərək azadlığa buraxılan 10 hərbçinin işi ilə bağlıdır. Onlardan 9-u birbaşa “Tərtər işi” ilə əlaqəli, biri isə dolayısı ilə bu işlə bağlıdır.

Şikayətçilər – Müşfiq Əhmədli, Rauf Orucov, Turan İbrahimli, Emin Adilzadə, Nasif Əliyev, Mirpaşa Mehdiyev, Atabəy Rəhimov, Məcid Qasımov, Faiq Əhmədov və Emil Əliyev – Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin, yəni ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia edirlər.

AİHM daxil olan ərizələr əsasında Azərbaycan hökumətinə rəsmi suallar ünvanlayaraq iş üzrə kommunikasiya mərhələsinə keçib.

Həmin 10 nəfəri Avropa Məhkəməsində təmsil edən hüquqşünas Yalçın İmanov “Abzas Media”ya müsahibəsində prosesin detallarına aydınlıq gətirib. O bildirib ki, AİHM aprelin 21-də həm Azərbaycan hökumətinə, həm də ərizəçilərin nümayəndəsi kimi ona kommunikasiyanın başlanması barədə məlumat verib: 

“Biz bu iş üzrə şikayətləri Avropa Məhkəməsinə 2021-ci ildə göndərmişdik, təxminən 5 ildən sonra kommunikasiya başlandı. İndi AİHM Azərbaycan hökumətinə bu ilin sentyabr ayının 15-dək məhkəmənin suallarını cavablandırmağı təklif edir. Həmin suallar Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin – yəni ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu ilə bağlıdır. Suallar əsasən ərizəçilərin əsaslandırılmış qərar hüququna malik olub-olmaması, tərəflərin bərabərliyi və çəkişmə prinsipinə hörmət edilməsi ilə əlaqədardır. Eyni zamanda bura ərizəçilərin ittihamlara qarşı dəlilləri mübahisələndirmək, müdafiə xəttini dəstəkləyən arqumentlər təqdim etmək və bu sənədləri məhkəmənin qiymətləndirməsi üçün kifayət qədər imkan yaradılması ilə bağlı hüquqları daxildir. Ərizəçilərin istintaq və məhkəmə dövründə keyfiyyətli, səmərəli hüquqi yardım almaq hüququna hörmət edilməsi ilə bağlı suallar da mətndə yer alıb. Ümumilikdə bu suallar ədalətli məhkəmə araşdırması hüququnun bir çox elementlərini özündə əks etdirir. Ona görə də başlanmış kommunikasiya prosesini böyük ölçüdə müsbət qiymətləndirmək olar, qoyulmuş suallar pozuntuların miqyasını müəyyən etməyə xidmət edir”.

Ekspert qeyd edib ki, hökumət öz cavablarını təqdim edəndən sonra həmin sənədlər ərizəçilərin nümayəndəsi kimi ona göndəriləcək. Təxminən bir ay və ya bir qədər artıq müddətdə həm hökumətin mövqeyinə, həm də məhkəmənin suallarına qarşı tərəfin cavabı hazırlanacaq:

“Bizim suallara cavablarımız, hökumətin mövqeyi ilə bağlı dəlillərimiz, eyni zamanda təzminat və ədalətli əvəzlə bağlı mövqeyimiz Azərbaycan hökumətinə göndəriləcək. Məhkəmə qaydalarına görə, hökumət bizim qeydlərimizlə bağlı mövqeyini ifadə edib məhkəməyə göndərdikdən sonra qərar qəbuletmə mərhələsinə daxil olunacaq. Yəni, ondan sonra qərarın çıxarılmasını gözləmək lazım gələcək”.

Yalçın İmanov güman edir ki, kommunikasiya bu ilin sonuna qədər bitə bilər, növbəti illərdə isə qərarın qəbul edilməsi gözlənilir. Onun sözlərinə görə, AİHM-də “Tərtər işi” ilə bağlı kommunikasiyanın başlanması böyük əhəmiyyət daşıyır və hüquqları pozulmuş yüzlərlə zərərçəkmiş şəxsin əvvəlki status-kvo vəziyyətinə qaytarılmasına mühüm töhfə verə bilər:

“Düzdür, ölkədaxili məhkəmələrdə 2021-ci ildə bu iş üzrə yeni araşdırma başlayandan sonra bir çox şəxslərə, o cümlədən bu 10 nəfərə də bəraət və təzminat verildi. Onlar müəyyən şəkildə öz əvvəlki vəziyyətlərinə qaytarıldılar, amma tam şəkildə reabilitasiyanın baş verdiyini demək mümkün deyil. Ona görə də hesab edirəm ki, Avropa Məhkəməsində başlayan bu kommunikasiya Tərtər işinin hüquqi baxımdan qiymətləndirilməsi üçün mühüm proses kimi dəyərləndirilməlidir”.

Hüquqşünas Ataxan Əbilovun fikrincə, “Tərtər hadisələri” ilə bağlı AİHM-in kommunikasiya prosesini başlatması son dərəcə mühüm hüquqi və siyasi hadisədir:

“Çünki AİHM istənilən şikayət üzrə avtomatik şəkildə kommunikasiya mərhələsinə keçmir. Məhkəmə yalnız ilkin araşdırma zamanı təqdim olunmuş faktların ciddi insan hüquqları pozuntularına işarə etdiyini, dövlətin cavab verməli olduğu əsaslı hüquqi sualların mövcudluğunu və işin açıq-aşkar əsassız olmadığını gördükdə hökumətlə rəsmi kommunikasiyaya başlayır. Bu isə artıq onu göstərir ki, “Tərtər hadisələri” ilə bağlı təqdim olunmuş materiallar Strasburqda ciddi hüquqi narahatlıq yaradıb”.

Əbilov hesab edir ki, “Tərtər işi” çağdaş Azərbaycan tarixinin ən ağır və ən faciəli hüquq pozuntularından biridir. Onun sözlərinə görə, insanların dövlətə xəyanət kimi son dərəcə ağır ittihamlarla həbs olunması, sistemli işgəncələrə məruz qalması, bəzi şəxslərin həyatını itirməsi, digərlərinin saxta ittihamlarla uzun illər azadlıqdan məhrum edilməsi kimi hallar təkcə ayrı-ayrı istintaq səhvləri deyil, hüquq-mühafizə və hərbi-istintaq sistemində çox dərin, sistemli böhranın göstəricisidir.

Ekspertin fikrincə, hadisələrin miqyası və xarakteri göstərir ki, bu cür prosesləri yalnız aşağı səviyyəli icraçıların həyata keçirməsi inandırıcı görünmür.

“Hadisələrin xarakteri, uzun müddət gizlədilməsi, sistemli şəkildə aparılması və sonradan ört-basdır edilməyə çalışılması cəmiyyətdə belə qənaət formalaşdırıb ki, bu işin bir ucu Azərbaycanın yüksək hakimiyyət və güc strukturlarına qədər uzana bilər. Məhz buna görə də məsələ hakimiyyət üçün son dərəcə həssasdır”.

Onun sözlərinə görə, AİHM-in kommunikasiya qərarı ilə məsələ artıq daxili hüquqi mübahisə çərçivəsindən çıxaraq beynəlxalq hüquqi nəzarət predmetinə çevrilir.

“Azərbaycan hökuməti indi Strasburq qarşısında izahat verməlidir: İnsanlar hansı əsaslarla məhkum olunub, işgəncə iddiaları niyə effektiv araşdırılmayıb, niyə sonradan həmin şəxslərin bir hissəsinə bəraət verilib və ən əsası, ədalətli məhkəmə hüququ necə təmin olunub?”, – deyə Əbilov bildirib.

Ataxan Əbilovun sözlərinə görə, bu proses həm də onu göstərir ki, “Tərtər hadisələri” qapanmış mövzu deyil. Hakimiyyət daxilində müəyyən dairələr bu işi zamanla unutdurmağa çalışsa da, beynəlxalq hüquq mexanizmləri onu yenidən gündəmə gətirir:

“Bu hadisə gələcəkdə daha geniş hüquqi və siyasi nəticələr doğura biləcək bir prosesin başlanğıcı ola bilər. Çünki burada söhbət təkcə 10 nəfərin hüququndan deyil, bütövlükdə Azərbaycanda hüququn gerçək vəziyyətindən gedir”.

Siyasi ekspert, Azərbaycan Xalq Parlamentinin dönəm sədri Ərəstun Oruclu da kommunikasiya prosesini müsbət tendensiya kimi qiymətləndirib:

“Tərtər qətliamı törədilərkən burada cinayət təkcə gizlədilməyib, onu təkcə hüquqi cəhətdən əsaslandırmağa çalışmayıblar. Həm də hökmləri gecikdirməklə, sənədləri insanlara verməməklə, onları təhdid etməklə, əksər vəkillərin əli ilə aldatmaqla elə addımlar atıblar ki, nəticədə zərərçəkmişlərin AİHM-ə müraciət etmə müddəti keçib. Yəni cinayətin təşkilatçıları hətta o həddə qədər gediblər ki, insanları AİHM-ə müraciət hüququndan belə məhrum ediblər. Bu baxımdan Tərtər cinayəti həqiqətən tarixdə ikinci bir nümunəsi olmayan cinayətdir. Bu kontekstdə, təbii ki, 10 nəfərin işi üzrə kommunikasiyaya başlanılması çox müsbət hadisədir. Düzdür, AİHM-də prosedurlar illərlə çəkir, amma Tərtər qətliamı elə bir cinayətdir ki, o bizim üçün təkcə insanların zorakılığa, qəddarlığa, qətlə məruz qalması deyil, bu həm də bir tarixdir”.

“Tərtər cinayəti”: hüquqi cəza olacaqmı?

Yalçın İmanov hesab edir ki, 2017-ci ilin may-iyun aylarında baş vermiş “Tərtər hadisələri” qurbanların miqyası, amansızlığı və total xarakteri baxımından Azərbaycanın ən dəhşətli hadisələrindən biridir. Onun sözlərinə görə, proseslərin sonrakı inkişafı göstərir ki, məsələ yalnız davamlı şəkildə gündəmdə saxlanıldıqda hakimiyyət yeni araşdırmalar aparmağa məcbur olur.

“2017-ci ildə hüquq-mühafizə orqanlarının birgə bəyanatında zərərçəkənlər dövlətə xəyanət etmiş və düşmənlə birgə Azərbaycan xalqının və dövlətinin əleyhinə fəaliyyət göstərmiş şəxslər kimi təqdim olunmuşdular. Bu hadisələrlə bağlı uzun illər ərzində hər hansı bir açıqlama vermək və hökumətin versiyasından fərqli fikirlər bildirmək faktiki olaraq qeyri-mümkün idi. Yalnız 2019-cu ildən etibarən yerli hüquq müdafiəçilərinin təşəbbüsü nəticəsində baş verən qanunsuzluqların miqyası üzə çıxdı. Cəmiyyətin davamlı diqqətindən sonra hüquq-mühafizə orqanları hadisənin baş verməsindən 4 il sonra - 2021-ci ilin 16 dekabr tarixində cinayət işi üzrə icraatı təzələdilər. Baş Prokurorluqda qərarlar qəbul olundu və həmin təzələmə nəticəsində 19 hərbçi sağlığında, iki hərbçi isə ölümündən sonra bəraət aldı. Hansı ki, həmin şəxslər dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunurdular, həm azadlıqdan məhrum edilmişdilər, həm də saxlanılan zaman, istintaq dövründə ağır işgəncələrdən həyatlarını itirmişdilər”.

İmanovun fikrincə, əgər cəmiyyətin bu məsələyə diqqəti davamlı və fasiləsiz olsa, Tərtər hadisələri üzrə təkcə icraçılar yox, həm də təşkilatçılar – əsas fiqurantlar nə vaxtsa cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilər:

“Yox, diqqətdən kənarda qalacaqsa, bu hadisə də Azərbaycan tarixində baş vermiş digər kifayət qədər mürəkkəb və qalmaqallı cinayət işləri kimi üstüaçılmayan cinayətlər kateqoriyasına daxil edilərək “üstü örtüləcək”. Ona görə də fiqurantların layiq olduqları cəzalara çatdırılmaları üçün bu işin davamlı şəkildə diqqətdə saxlanılması və onun gündəlikdən düşməsinə imkan verilməməsi vacibdir”.

Ərəstun Oruclu isə cinayəti törədənlərin məsuliyyətə cəlb olunacaqlarına inandığını bildirir:

“Bugünkü hakimiyyətin dönəmində onlar heç bir cəza almayacaqlar. Necə ki, iki dəfə – 2018-2019-cu illərdə və 2021-2023-cü illərdə bu cinayətin istintaqı imitasiya olundu. Birinci dəfə adi işgəncə verənləri cəzalandırdıqları kimi, ikinci dəfə də elə etdilər. Bir neçə nəfəri əlavə etməklə eyni adamları cəzalandırdılar. Bu cinayətə qərar verənləri yox, xırda, ən aşağı səviyyəli icraçıları cəzalandırdılar. Amma mən inanıram ki, mütləq hamısı öz cəzasını alacaq, bu, sadəcə zaman məsələsidir”.

AİHM nə cəza verəcək?

Ataxan Əbilov xatırladır ki, AİHM birbaşa cinayət məhkəməsi deyil və fərdlərə həbs cəzası vermir, onun əsas funksiyası dövlətin öhdəliklərini pozub-pozmadığını müəyyən etmək və kompensasiya təyin etməkdir. Lakin bunun hüquqi fəsadları daha dərindir:

“Strasburq Məhkəməsinin qərarında sistemli işgəncə və ədalətsiz məhkəmə faktları detallı şəkildə rəsmiləşərsə, bu, beynəlxalq sənəd statusu alacaq. Məhkəmə dövlətə işin yenidən araşdırılması və institusional islahatların aparılması barədə tövsiyələr verə bilər ki, bu da daxili sistemə beynəlxalq təzyiqi artıracaq. Daha mühüm məqam isə budur ki, sistemli işgəncə insanlıq əleyhinə cinayət hesab olunduğu üçün gələcəkdə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) diqqətini çəkə bilər. Bu iş zaman keçdikcə ört-basdır edilsə də, tam unudulmur və hüquqi qiymətini mütləq tapır”.

Ekspert bildirib ki, bəzi hallarda AİHM dövlətlərə tövsiyə xarakterli yanaşmalar da təqdim edir. Buraya işin yenidən araşdırılması, effektiv istintaqın aparılması və sistemli problemlərin aradan qaldırılması kimi məsələlər daxil ola bilər.

“Əgər belə yanaşma “Tərtər işi” üzrə də ortaya qoyularsa, bu, Azərbaycanın daxili hüquq-mühafizə və məhkəmə sisteminə əlavə beynəlxalq təzyiq yarada bilər”.

Hüquqşünas qeyd edir ki, digər mühüm məsələ AİHM qərarlarında təsbit olunmuş ağır işgəncə və insanlıq əleyhinə xarakter daşıyan faktların gələcəkdə başqa beynəlxalq instansiyaların da diqqətini çəkə bilməsidir:

“Xüsusilə Beynəlxalq Cinayət Məhkəməsi (BCM) kimi qurumların bu məsələyə maraq göstərməsi istisna deyil. Çünki beynəlxalq hüquqda sistemli işgəncə artıq təkcə daxili cinayət işi kimi deyil, beynəlxalq məsuliyyət doğuran ağır hüquq pozuntusu kimi qiymətləndirilir. Hesab edirəm ki, “Tərtər hadisələri“ hüquqi baxımdan hələ yekunlaşmış məsələ deyil. Bu iş zaman keçdikcə daha da böyüyə bilər. Xüsusilə beynəlxalq hüquq müstəvisində faktların rəsmiləşməsi və sənədləşməsi gələcəkdə aidiyyəti instansiyaların məsuliyyət məsələsini daha sərt şəkildə gündəmə gətirə bilər. Tarix göstərir ki, belə ağır cinayətlər müəyyən dövrlərdə ört-basdır olunsa belə, tam şəkildə unudulmur və gec-tez hüquqi qiymət məsələsi yenidən gündəmə qayıdır”.

“Tərtər işi”: Hakimiyyət niyə həvəsli deyil?

Yalçın İmanovun fikrincə, Azərbaycan hakimiyyətinin “Tərtər işi” üzrə araşdırmalarda həvəssiz görünməsi təbiidir:

“Çünki bu hadisələrin baş verməsi, 11 nəfərin ağır işgəncələr nəticəsində ölməsi və yüzlərlə hərbçinin – zabitin amansız, ağlagəlməz işgəncələrə məruz qalması Azərbaycan hakimiyyətinin ən yüksək səviyyəsində təmsil olunmuş şəxslərin bilavasitə rəhbərliyi, iştirakı və aktiv təşkilatçılığı ilə baş verib. 2017-ci ilin may ayında Baş Prokurorluğun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Müdafiə Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə bəyanatı var idi. Həmin bəyanatın mətnini bir daha diqqətlə nəzərdən keçirsək, əslində bu hadisənin hansı yüksək səviyyədə himayə olunduğunu və qanunsuzluğun hansı miqyasda dəstəkləndiyini müşahidə etmək mümkündür. Mətndə ifadə olunan sözlər təqsirsizlik prezumpsiyası hüququnu birmənalı şəkildə rədd edirdi. Qeyd olunurdu ki, bir qrup azərbaycanlı hərbçi və mülki şəxs guya Ermənistan xüsusi xidmət orqanları xeyrinə casusluq edib”.

Ataxan Əbilov isə bildirib ki, hakimiyyətin tam və obyektiv araşdırmada maraqlı görünməməsinin əsas səbəbi məsuliyyət zəncirinin yüksək idarəetmə səviyyələrinə qədər uzanması ehtimalıdır.

“Birincisi, bu hadisələrin miqyası və xarakteri göstərir ki, söhbət ayrı-ayrı müstəntiqlərin və ya bir neçə hərbçinin fərdi qanunsuz əməlindən getmir. Burada sistemli işgəncə praktikası, koordinasiyalı istintaq fəaliyyəti, saxta ittihamlar və uzun müddət davam edən institusional ört-basdır elementləri görünür. Belə hallarda obyektiv istintaq qaçılmaz olaraq məsuliyyət zəncirini daha yuxarı idarəetmə səviyyələrinə aparıb çıxara bilər. Hakimiyyətin əsas narahatlığı da məhz budur. Əgər proses tam şəffaf aparılarsa, o zaman cəmiyyət qarşısında çox ağır suallar yaranacaq: Bu qədər insan necə işgəncəyə məruz qaldı, kimlər bu əmrləri verdi, hansı dövlət strukturları prosesdə iştirak etdi, niyə prokurorluq, məhkəmələr və digər nəzarət mexanizmləri həmin dövrdə susdu? Bu suallar artıq təkcə hüquqi yox, həm də siyasi məsuliyyət məsələsini gündəmə gətirir.

İkinci mühüm səbəb isə bu məsələnin avtomatik olaraq Azərbaycanda məhkəmə institutunun müstəqillik problemini gündəmə gətirməsidir. Eyni zamanda “Tərtər hadisələri”nin obyektiv araşdırılması həm də istintaq aparan orqanların özlərinin araşdırma predmetinə çevrilməsini labüd edir. Praktikada isə dövlət sistemi çox zaman öz daxilində baş vermiş ağır cinayətləri tam açmaqda maraqlı olmur. Çünki bu, bütövlükdə güc strukturlarının legitimliyinə zərbə vurur.

Məlumdur ki, Azərbaycan hakimiyyəti uzun illər ərzində təhlükəsizlik və dövlətçilik ritorikasını özünün əsas siyasi dayaqları kimi təqdim edib. “Tərtər hadisələri” isə göstərdi ki, məhz dövlət təhlükəsizliyi adı altında insanların ən fundamental hüquqları kobud şəkildə pozula bilərmiş. Buna görə də “Tərtər işi”nin bütün detalları ilə açılması hakimiyyətin formalaşdırdığı siyasi narrativ üçün də ciddi risk yaradır. Ona görə də belə rezonanslı işlərdə əsas məqsəd həqiqəti sona qədər ortaya çıxarmaq yox, ictimai təzyiqi minimuma endirmək olur”.

Ərəstun Oruclu isə məsuliyyətin birbaşa dövlət rəhbərliyinin üzərində olduğunu iddia edir:

“Bu cinayətdə prokurorluq, DİN, DTX və Müdafiə Nazirliyi daxil olmaqla ən azı 11 dövlət qurumu iştirak edib. Bu qurumların hamısı birbaşa prezident İlham Əliyevə tabedir. İki ay ərzində insanların kütləvi işgəncələrə məruz qalmasından onun xəbərsiz olması qeyri-mümkündür. Ona görə də o, bu işin hüquqi müstəvidə sonadək araşdırılmasında maraqlı deyil”.

İlham Aslanoğlu keysi: Kimlər təqib olunur?

Yalçın İmanov bildirib ki, hakimiyyət təkcə “Tərtər işi”ni araşdırmaqda maraqsız davranmır, eyni zamanda bu işi araşdıran şəxsləri də təqib edir. Onun sözlərinə görə, Yevlaxda yaşayan hüquqşünas və keçmiş vəkil İlham Aslanoğlu məhz “Tərtər hadisələri” qurbanları ilə bağlı araşdırmalar apardığına görə təqiblərlə üzləşib. İmanov qeyd edib ki, İlham Aslanoğlu 500-dən çox zərərçəkmişdən videogörüntülü ifadələr alıb və həmin ifadələrdə işgəncələr detallı şəkildə təsvir olunub.

“Həmin izahatlarda onların məruz qaldığı işgəncələr detallı şəkildə təsvir olunub, qanunsuzluqların miqyası qeyd edilib. İlham Aslanoğlu eyni zamanda bu məsələ ilə bağlı ölkədə aparılan ictimai müzakirələrdə aktiv şəkildə iştirak edib. Lakin 2022-ci il ərzində ona qarşı dalbadal 3 hərbçi ailəsi tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə müraciət olunub və bu müraciətlər nəticəsində o, azadlıqdan məhrum edilib. Yeri gəlmişkən, İlham Aslanoğlu ilə bağlı Avropa Məhkəməsində iki iş üzrə kommunikasiya başa çatıb və qərarlar artıq qəbuledilmə ərəfəsindədir. Bir sıra digər şəxslər də məhz “Tərtər hadisələri” ilə bağlı danışdıqlarına və cəmiyyətdə fikir bildirdiklərinə görə cinayət təqiblərinə məruz qalıb və təqib olunublar.

Tərtər hadisələri uzun müddətdir ki, tabu şəklində qalıb. Sonradan bu mövzudan danışanlar nəinki hüquq-mühafizə orqanları tərəfindən baş vermiş pozuntuların miqyasının cəmiyyətlə birgə aradan qaldırılmasında faydalı, səmərəli əməkdaşlığa dəvət olunub, əksinə, həmin şəxslərin özləri qanunsuz və əsassız cinayət təqiblərinə məruz qalıblar, azadlıqdan məhrum ediliblər. Ona görə bu işin - Tərtər hadisələrinin bu Azərbaycan hakimiyyətinin mövcudluğu dövründə tam şəkildə aşkara çıxarılması və onun təşkilatçılarının tam şəkildə cəzalandırılacağı mənə, açığı, inandırıcı gəlmir”.

Əsas fiqurantlar kimlərdir?

Ərəstun Oruclunun sözlərinə görə, “Tərtər hadisələri”ndə adı hallanan bir sıra yüksək vəzifəli şəxslər sonradan vəzifədə irəli çəkilib və ya təltif olunublar. Onun fikrincə, həmin dövrdə vəzifədə olmuş Zakir Qaralov, Ramil Usubov, Zakir Həsənov, Mədət Quliyev və digər şəxslər cinayətin təşkilatçıları sırasındadır.

“İndi bunlar mühakimə oluna bilməzlər. Niyə? Çünki bunlar Azərbaycanın güc strukturlarının rəhbərləridirlər və onlar tapşırığı yalnız İlham Əliyevdən ala bilərdilər. Təbii ki, onlara dair hüquqi prosedurlar başlananda onlar başlayacaqlar İlham Əliyevə qarşı ifadə verməyə, onu şantaj etməyə. Yalnız hakimiyyət ciddi təhlükə hiss edərsə, ictimai rəyi yayındırmaq üçün spekulyativ addım ataraq bir neçə generali qurban verə bilər. Amma ümumilikdə nə qədər ki, İlham Əliyev hakimiyyətdədir, bu cinayətlə bağlı real hüquqi prosedurlar həyata keçirilməyəcək”.

Yalçın İmanov isə keçmiş hərbi prokuror Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinə hakim təyin edilməsini diqqətçəkən məqam kimi qiymətləndirib:

“İndiyədək ağlabatan hər hansı təkzib dəlili və ya təkzib arqumenti eşitməmişik. Xanlar Vəliyevin Tərtər hadisələri ilə bağlı, zərərçəkənlərin ifadələri əsasında hər hansı prosessual statusda və ya heç olmasa şahid qismində istintaq orqanı tərəfindən cəlb olunub dindirilməsinin baş verdiyini də müşahidə etməmişik”.

Onun sözlərinə görə, generallar Hikmət Həsənov və Mais Bərxudarovla bağlı da çoxsaylı iddialar mövcuddur və bu iddialar indiyədək təkzib edilməyib.

“Düzdür, Mais Bərxudarov vəzifəsindən azad edilsə də, hər hansı formada onun da 2021-ci ilin dekabrında təzələnmiş cinayət işi üzrə icraatda heç olmasa şahid qismində dindirildiyi barədə də hər hansı məlumat yoxdur. Hikmət Həsənovla bağlı isə o qədər iddialar var ki, bu iddiaların hər hansı bir formada təkzibi baş verməyib. Beləliklə, Xanlar Vəliyev və Hikmət Həsənov yüksək vəzifə daşımaqda davam edirlər. Bu işlə bağlı digər qaranlıqda qalan fiqurantların mövcudluğu istisna olunmur. Ona görə onların gələcəkdə tam şəkildə istintaqa cəlb olunması və layiq olduqları cəzaya çatdırılması üçün yalnız siyasi iradə lazımdır və obyektiv və asılı olmayan istintaq qrupu lazımdır. Tərtər hadisələri ilə bağlı aparılmış istintaq və məhkəmə qərarlarında müəyyən şəxslərə cəzalar verilib. Ancaq bütün bunlarla belə həmin şəxslər barəsində qəsdən adam öldürmə ittihamının irəli sürülməməsinin hər hansı bir izahatına da rast gəlməmişəm. 11 nəfər şəxsin dəhşətli işgəncələrdən ölümü bu şəxslərin qəsdən öldürüldüyü qənaətinə gəlməyə əsas verir. Ancaq bildiyim qədərilə bu ittiham irəli sürülməyib və məhkəmə sənədlərində və onlar barəsində çıxarılan ittiham hökmlərində cinayət məcəlləsinin 120-ci maddəsinin tətbiq olunduğunu demək mümkün deyil”.

“Bütün zərərçəkmişlərə kompensasiya ödənilməlidir”

Yalçın İmanov bildirib ki, 2021-ci ildə cinayət işinin icraatının təzələnməsi və bəzi şəxslərə bəraət verilməsi tam obyektiv və ədalətli araşdırmanın aparıldığı anlamına gəlməməlidir. Onun sözlərinə görə, bu işin miqyası və prosesdə ağır və dəhşətli işgəncələrə məruz qalmış şəxslərin hüquqlarının bərpasını gələcəkdə müstəqil istintaq qrupu müəyyən etməlidir.

Ərəstun Oruclu isə geniş və şəffaf istintaqın vacibliyini vurğulayaraq təkliflərini səsləndirib. Onun fikrincə, cinayətdə iştirak edənlərin hamısı bir-bir aşkarlanaraq mühakimə olunmalıdır:

“Tərtər cinayətində həyatını itirənlərə şəhid statusu verilməlidir. Sağlamlığını itirmiş hərbçilərin müalicəsi dövlət tərəfindən təmin olunmalı, bütün zərərçəkmişlərə kompensasiya ödənilməlidir. Dövlət bu cinayətə görə xalqdan üzr istəməlidir.

Nəhayət, Tərtər cinayəti zamanı hərbçilərimizə çox ağır, insan ləyaqətini alçaldan ittihamlar verilib. Bütün bu məsələlər məhkəmə hökmlərində, Prokurorluğun verdiyi ittihamlarda, bəyanatlarda öz əksini tapıb. Bununla bağlı müvafiq parlament qətnaməsi qəbul olunmalıdır, bunların hamısı inkar olunmalıdır və dövlətin başçısı birbaşa bu barədə müvafiq sənəd imzalamalıdır. Çünki bu, tarixdə qalacaq. Tərtər qətliamını törədənlər Azərbaycan xalqına tarixi düşmənlik ediblər və onlar heç bir halda bağışlana bilməzlər. Ən adi işgəncə verənlərdən tutmuş ölkənin prezidenti sayılan, özünü ali baş komandan sayan İlham Əliyevə qədər. Hər biri mühakimə olunmalıdır. Yalnız bu halda Tərtər qətliamını törətmiş olduğu fəsadlar qismən aradan qalxa bilər və millətin adı təmizlənə bilər”.

Beynəlxalq Cinayət Məhkəməsinə müraciət olunacaq

Ərəstun Oruclu bildirib ki, təmsil olunduğu Azərbaycan Xalq Parlamenti “Tərtər hadisələri” ilə bağlı sənəd hazırlayıb və həmin sənəd beynəlxalq institutlara təqdim olunub. Onun sözlərinə görə, hazırda sənədlərin Beynəlxalq Cinayət Məhkəməsinə təqdim olunmasının son mərhələsi üzərində iş gedir:

“Əgər Azərbaycanda bu cinayətin hüquqi baxımdan təhqiqatı zəruri prosedurlarla həyata keçirməzsə, bu, əslində Beynəlxalq Cinayət Məhkəməsinin araşdırma predmetidir. Çünki Tərtərdə törədilmiş cinayət insanlığa qarşı cinayətdir. Bu, təkcə fiziki zorakılıq, qətl, işgəncə deyil, həm də insan ləyaqətinin alçaldılması, bir cəmiyyətin, insanlığın təhdid olunmasıdır. Hazırda Şahidlərin və zərərçəkmişlərin ifadələri ingilis dilinə tərcümə olunur. Bu proses başa çatdıqdan sonra Beynəlxalq Cinayət Məhkəməsinə müraciət olunacaq”.

Ərəstun Oruclu bildirib ki, müraciətin qəbul olunub-olunmayacağına məhkəmə qərar verəcək:

“Amma biz bunu mütləq edəcəyik. Çünki bu məsələ şəxsi yox, xalqın qürur və ləyaqət məsələsidir”.

Müəllif: Cəsur Məmmədov

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun