Mayın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Proses zamanı təqsirləndirilən şəxslər və onların vəkilləri ittihamlarla bağlı çıxış edib, məhkəməyə bir sıra vəsatətlər təqdim ediblər.
“Toplum TV”nin məlumatına görə, III Respublika Platformasının spikeri və Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri Akif Qurbanov çıxışında qanunsuz gəlir əldə etməsi ilə bağlı ittihamları rədd edib. O bildirib ki, həm özünün, həm də həyat yoldaşının rəsmi və vergisi ödənilmiş gəlirləri istintaqın iddia etdiyi məbləğdən dəfələrlə artıqdır.
“Bu isə mənə imkan verib ki, qanuni gəlirlərimlə bu işləri görə bilim. Araşdırılsa, sizin də əmlak və avtomobillərinizin dəyəri əməkhaqqınızın məbləğindən çox ola bilər”, – deyə Qurbanov hakimlərə və prokurora müraciətlə bildirib.
O, həmçinin dövlət vəzifələrində çalışan şəxsləri gəlirlərini açıqlamağa çağırıb.
Daha sonra “Toplum TV”nin həmtəsisçisi və media eksperti Ələsgər Məmmədli çıxış edərək 2000-ci illərdə çalışdığı iş yerləri ilə bağlı sənədlərin cinayət işinə əlavə olunduğunu deyib.
“Həmin dövrdə aldığım əmək haqqının vergilərini ödəmişəm. O işlə bağlı sənədlər, hətta vizit kartlar belə cinayət işinə daxil edilib və bunun əsasında ittiham aktı hazırlanıb. Halbuki onların hazırkı işə heç bir aidiyyəti yoxdur”, - o bildirib.
Məmmədli iki ildən artıqdır həbsdə saxlanıldıqlarını vurğulayaraq bunu ağır cəza müddəti ilə müqayisə edib.
“İki ildən çoxdur ki, biz həbsdəyik. Mən araşdırdım, bu, ən az 200 cinayət əməlinin cəzası kimi nəzərdə tutulan müddətə bərabərdir. Yəni, biz barəmizdə hökm olmadan artıq 200 cinayətin cəzasını çəkmiş sayılırıq”, - deyə o qeyd edib.
Bu zaman prosesə sədrlik edən hakim Azər Tağıyev onun çıxışını dayandıraraq bu fikirləri son söz zamanı deməsinin mümkün olacağını bildirib. Ələsgər Məmmədli isə buna etiraz edib:
“Biz iki ildən çoxdur ki, həbs yaşayırıq, dözürük. Siz isə 25 dəqiqə bizim çıxışımıza dözə bilmirsiniz”.
Məhkəmədə daha sonra Akif Qurbanovun vəkili Fuad Ağayev vəsatətlə çıxış edib. Vəkil IDI ofisində və bəzi evlərdə aşkarlandığı iddia olunan pul əskinasları ilə bağlı ekspertiza rəylərinin sübutlar siyahısından çıxarılmasını və ekspertin məhkəmədə dindirilməsini istəyib.
Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin ekspert rəyləri məhkəmədə yetərincə araşdırılmadan elan olunub.
“Hətta müdafiə tərəfinin vəsatəti ilə məhkəməyə gətirilmiş pul əskinaslarına maddi sübut kimi baxış keçirilən zaman buna heç bir maraq göstərməyən prokuror müdafiəçinin əskinasları kamera ilə çəkməsinə qəti etirazını bildirdi. Pul əskinaslarına seçmə yolu ilə keçirilən baxış zamanı məlum oldu ki, əskinaslar tərtəmizdir, sütüldür - yəni rəydə göstərildiyindən fərqli olaraq onların üzərində SIRCHIE qara maqnit tozunun əsər-əlaməti belə yoxdur”, - vəkil deyib.
Fuad Ağayev ekspertiza rəylərinin beynəlxalq standartlara uyğun olmadığını da iddia edib.
“Bir əskinasın tam emalı tək bir kimyəvi reagent ardıcıllığı üçün belə ən azı 30-45 dəqiqə vaxt aparır. Beynəlxalq standartlara əsasən tam dörd mərhələli ardıcıllığın tətbiqi isə hər əskinas üçün - kimyəvi reagentlərin reaksiya və quruma müddəti hesabına - 24-72 saat real iş vaxtı tələb edir. Bu, ya ekspertizanın səthi həyata keçirildiyini, ya da nəticələrin əvvəlcədən hazırlandığını, yəni xidməti saxtakarlığı göstərir”, - o bildirib.
Vəkil çıxışını “Avropa ölkələri gəlsin bizdən ekspertiza öyrənsin” sözləri ilə tamamlayıb.
Məhkəmə həmin vəsatəti təmin etməyib.
“Toplum TV” əməkdaşı Fərid İsmayılov isə çıxışında Dövlət Vergi Xidmətinin nümayəndəsinin proses boyu konkret vergi yayındırılması faktı təqdim etmədiyini deyib.
“Zərərçəkmiş qismində tanınmış Dövlət Vergi Xidmətinin nümayəndəsi bütün proseslərdə burada əyləşir. Bir ildir məhkəmə gedir, bir dəfə dedim ki, kim konkret nə qədər vergidən yayınıb, gətirin təqdim edin məhkəməyə. Dedi ki, “bilmirəm”, danışanda da istintaq materiallarına istinad edir. Halbuki zərərçəkən tərəf budur, bunun iddiası ilə biz iki ildir həbsdəyik. Azər bəy, sizdən də bir dəfə soruşdum ki, cinayət işində qaçaqmalçılıq etdiyimlə bağlı fakt varmı? Dediniz ki, yoxdur, buna yekunda qiymət veriləcək. Deməli, qaçaqmalçılıq etmədiyim halda mən qaçaqmalçılıq ittihamı ilə həbsdəyəm”, - o bildirib.
Müşfiq Cabbarın vəkili Rəsul Cəfərov saxlanma protokolundakı imzanın müvəkkilinə məxsus olmadığını deyib və əməliyyatçılarla hal şahidlərinin dindirilməsini istəyib.
IDI əməkdaşları Ramil Babayev və İlkin Əmrahovun vəkili Günay İsmayılova isə məhkəmə istintaqına cəlb olunmayan hal şahidlərinin və axtarışlarda iştirak etmiş polis əməkdaşlarının dindirilməsi, həmçinin axtarış protokollarının sübutlar siyahısından çıxarılması barədə vəsatət verib.
Məhkəmə təqdim olunan vəsatətlərin bir hissəsini təmin etməyib, digər hissəsini isə baxılmamış saxlayıb.
Bundan sonra Akif Qurbanov etiraz edərək təqsirləndirilən şəxslərin məhkəmə proseslərini boykot edəcəyini açıqlayıb. Hakim Azər Tağıyev isə onların prosesdə iştirak etməyə borclu olduqlarını bildirib. Tərəflər arasında bu səbəbdən mübahisə yaranıb.
“Biz bilirik ki, sizin müstəqil qərar vermə səlahiyyətləriniz yoxdur. Bu bir şoudur, məhkəmə deyil”, - Qurbanov deyib.
Zalda iştirak edən şəxslər də vəsatətlərin əsaslandırılmadan rədd edilməsinə etiraz ediblər.
Prosesin günün ikinci yarısında davam etdirilməsi planlaşdırılsa da, vəkillərin iştirak edə bilməməsi səbəbindən məhkəmə mayın 25-nə təxirə salınıb.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər cinayət məsuliyyətinə cəlb olunub. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, IDI əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbsdədir. Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı isə əvvəl ev dustaqlığına buraxılıb, daha sonra polis nəzarətinə götürülüb.
Təqsirləndirilən şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar. Sonradan ittihamların ağırlaşdırıldığı bildirilib. Onlar ittihamları qəbul etmir və həbslərinin siyasi sifariş əsasında həyata keçirildiyini bəyan edirlər.