Beynəlxalq Hüquqşünaslar Komissiyası: “Azərbaycanda müstəqil vəkillər kollegiyadan uzaqlaşdırılır, təqiblərə məruz qalır”

Beynəlxalq Hüquqşünaslar Komissiyası: “Azərbaycanda müstəqil vəkillər kollegiyadan uzaqlaşdırılır, təqiblərə məruz qalır”
19 May 2026
Mətni dəyiş

Beynəlxalq Hüquqşünaslar Komissiyası (BHK) mayın 18-də yaydığı yeni hesabatda Azərbaycanda hüquq peşəsinin müstəqilliyinin icra hakimiyyətinin nəzarəti və Vəkillər Kollegiyasına təsiri nəticəsində ciddi şəkildə məhdudlaşdırıldığını bildirib.

“Azərbaycanda Təzyiq Altında Ədalət: Vəkillərin Müstəqilliyi və Ədalətli Məhkəmə Hüququ” adlı hesabatda qeyd olunur ki, vəkilliyə qəbul zamanı ayrı-seçkilik, intizam icraatlarından cəza aləti kimi istifadə olunması, həmçinin müstəqil vəkillərin təzyiq və cinayət təqiblərinə məruz qalması davam edir.

Təşkilat vurğulayır ki, bu problemlər məhkəmə hakimiyyətinin müstəqil olmaması ilə birlikdə cinayət proseslərində təqsirləndirilən şəxsləri “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt” və “Avropa İnsan Hüquqları Konvensiyası” ilə təmin olunan ədalətli məhkəmə hüququndan faktiki olaraq məhrum edir.

Hesabat BHK-nın 2016-cı ildə dərc etdiyi “Müdafiəsiz Müdafiəçilər” hesabatından və 2018-ci il məlumat sənədindən sonrakı dövrü əhatə edir. Sənəddə bildirilir ki, həmin vaxt verilən tövsiyələri nə Azərbaycan hakimiyyəti, nə də digər qurumlar əhəmiyyətli şəkildə həyata keçirib və hüquq peşəsinə icra hakimiyyətinin müdaxiləsi əvvəlki kimi davam edir.

BHK qeyd edir ki, Azərbaycan Vəkillər Kollegiyasına qəbul prosesi insan hüquqları müdafiəçisi kimi tanınan hüquqşünasların peşədən kənarda saxlanılması üçün istifadə olunur.

“İntizam icraatları peşə etikasını qorumaq vasitəsi kimi deyil, nəzarət aləti kimi fəaliyyət göstərib”, - hesabatda deyilir.

Sənədə əsasən, siyasi həssas hesab olunan işlərdə müdafiə həyata keçirən vəkillər kollegiyadan xaric edilmə, cinayət təqibi və digər təzyiq formaları ilə üzləşirlər. BHK-nın müsahibə apardığı hüquqşünasların sözlərinə görə, hazırda belə işlərdə çıxış etməyə hazır olan insan hüquqları vəkillərinin sayı çox azdır.

Hesabatda Avropa İnsan Hüquqları Məhkəməsinin İntiqam Əliyev, Xalid Bağırov və Aslan İsmayılovla bağlı qərarlarının da yerinə yetirilmədiyi qeyd olunur.

“Avropa İnsan Hüquqları Məhkəməsinin vəkillərin hüquqlarının pozulduğunu tanıdığı qərarlar əsasən icra olunmamış qalır və həmin vəkillərdən heç biri peşəsinə bərpa edilməyib”, - sənəddə vurğulanır.

BHK hesabatında Bakı Hərbi Məhkəməsində qondarma “Dağlıq Qarabağ” rejiminin keçmiş rəsmilərinə qarşı aparılan cinayət prosesləri ayrıca nümunə kimi təhlil olunub.

Təşkilat bildirir ki, həmin proseslərdə mülki şəxslər hərbi məhkəmədə mühakimə olunub, təqsirləndirilən şəxslərə seçdikləri vəkillərlə effektiv işləmək imkanı verilməyib, iş materialları ya təqdim olunmayıb, ya da onların anlamadığı dildə təqdim edilib.

BHK həmçinin qeyd edir ki, müdafiə tərəfinin vəsatətləri əsaslandırılmadan rədd edilib və məhkəmə protokollarına daxil edilməyib, tərcümə xidmətləri ya qeyri-kafi olub, ya da ümumiyyətlə təmin edilməyib.

“Təqsirləndirilən şəxslərə münasibətdə tərəflərin bərabərliyi və ədalətli məhkəmə təminatları beynəlxalq insan hüquqları standartlarının tələb etdiyi səviyyədə olmayıb”, - hesabatda bildirilir.

Sənəddə əlavə olunur ki, məhkəmə iclaslarına ictimaiyyətin, o cümlədən akkreditə olunmuş diplomatik nümayəndələrin çıxışına da icazə verilməyib.

BHK Azərbaycan hakimiyyətini Vəkillər Kollegiyasının həqiqətən müstəqil özünüidarə edən qurum kimi fəaliyyət göstərməsini təmin etməyə çağırıb.

Təşkilat həmçinin siyasi xarakterli işlərdə iştirak edən vəkillərə qarşı təqiblərin dayandırılmasını, beynəlxalq hüququn pozulması nəticəsində kollegiyadan uzaqlaşdırılmış vəkillərin - o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqlarının pozulduğunu tanıdığı şəxslərin - peşəyə qaytarılmasını tələb edib.

BHK vurğulayıb ki, bütün təqsirləndirilən şəxslərin prosesin bütün mərhələlərində, o cümlədən apellyasiya instansiyalarında seçdikləri vəkillərlə effektiv müdafiə hüququ təmin edilməlidir.

Hesabatın hazırlanması zamanı açıq mənbələrdən, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından, Birləşmiş Millətlər Təşkilatı və Avropa Şurası qurumlarının hesabatlarından istifadə olunub. Sənəd həmçinin 2025-ci ildə azərbaycanlı hüquqşünaslar və insan hüquqları vəkilləri ilə aparılmış müsahibələrə əsaslanır.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun