Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Əbülfəz Bünyadov ağır xəstə olmasına baxmayaraq, xəstəxanaya getmək üçün hər dəfə polisdən icazə almağa məcbur edildiyini deyir. Onun sözlərinə görə, 2015-ci ildə Nardaran hadisələrindən sonra yaşadığı evin qarşısında 24 saat polis nəzarəti qurulub və illərdir bu nəzarət davam edir.
Bu barədə o, “Abzas Media”ya müsahibəsində danışıb.
Əbülfəz Bünyadov bildirir ki, evlərinin qarşısında polis postunun olması ilə bağlı dəfələrlə rəsmi qurumlara müraciət etsə də, şikayətləri nəticəsiz qalıb:
“Nardaran hadisələrindən bu tərəfə, yəni 2015-ci ildən bu yana bizim qapıda 24 saat polis nəzarəti dayanır. Bununla bağlı rəsmi müraciət etmişəm. Daxili İşlər Nazirliyinin özünə də müraciət eləmişəm. Mənə məktub göndərmişdilər, yazılmışdı ki, “biz Sabunçu Rayon Polis İdarəsi ilə əlaqə saxladıq, siz yalan deyirsiniz. Qapınızda polis yoxdur”. Amma qapımızdadırlar”.
O deyir ki, yataq xəstəsi olduğu üçün hər ay xəstəxanaya getməyə məcburdur, lakin hər dəfə evdən çıxarkən polis müdaxiləsi ilə üzləşir:
“Ayda bir dəfə xəstəxanaya gedirəm, çünki məndə drenaj var, kateter qoşublar. Ayda bir dəfə Sabunçu Rayon 1 nömrəli xəstəxanaya gedirik, onları dəyişirlər. Hər dəfə mən evdən çıxanda polis gəlib kəsdirir ki, “getmək olmaz. Sabunçu Baş Polis İdarəsi icazə verməsə, sən qapıdan çıxa bilməzsən””.
MBH üzvünün sözlərinə görə, bir neçə gün əvvəl təcili tibbi yardıma ehtiyac yarananda da eyni vəziyyət yaşanıb:
“Bir həftə bundan qabaq axşam kateter işləmədi. İşləməyəndə sidik işləmir deyə ayaqlarım şişir. Axşam saat 11-də təcili yardım çağırmışam, 12-də gəliblər. Gəlib qoyublar məni xərəyə, qapıdan çıxırıq, polis buraxmır. “Olmaz getmək. Mütləq olaraq Sabunçu Baş Polis İdarəsi sənə icazə verməlidir”. Deyirəm, mənim vəziyyətimi görürsünüz? Xəstəxanaya gedirəm, bu da təcili yardım. Amma yenə də buraxmırlar. Təxminən 40 dəqiqəyə yaxın saxladılar məni. Haçan onlar mənə icazə verəcəklər, ondan sonra xəstəxanaya gedəcəm”.
Bünyadov bildirib ki, bu hal artıq Sabunçu rayonundakı təcili yardım briqadaları üçün də adi vəziyyətə çevrilib:
“Hər dəfə təxminən orta hesabla 20 dəqiqə, 40 dəqiqə arasında eyni şey baş verir. Mütləq olaraq polis idarəsi icazə verməlidir. Özü də kimə? Təcili yardım dayanıb. Təcili yardım özü də deyir ki, “qoy, icazə versinlər, sonra gedək”. Bunu artıq Sabunçu rayon ərazisində olan təcili yardımların hamısı bilir. “İcazə almasaq, biz qapıdan çıxa bilmərik””.
O deyib ki, səhhətindəki digər problemlərlə bağlı da müalicə almaqda çətinlik çəkir:
“Mən hazırda da həkimə getməliyəm. Dişlərimdə problem var. Bunların ucbatından həkimə gedə bilmirəm. Getmək üçün icazə lazımdır. Bax, belə bir süründürməçilik. Hər dəfə eyni şeyi yaşayıram”.
Əbülfəz Bünyadov həmçinin ölkədən çıxışına icazə verilmədiyini deyir:
“Dəfələrlə demişəm ki, icazə versinlər, mən ölkədən çıxıb gedib. Mən çıxıb gedim normal bir müalicə alaram, həkim nəzarətində olaram, ağrıyıram, müəyyən müalicələrə ehtiyacım var. Mən çıxıb gedərəm ölkədən. İstənilən başqa ölkəyə getsəm, mənim müalicələrimi həyata keçirilər. Amma ölkədən çıxmağa qoymurlar, pasport vermirlər. Qapıdan bayıra çıxa bilmirəm, o ki qala ölkədən çıxmağım olsun”.
O bildirib ki, hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər etsə də, nəticə dəyişməyib:
“Dəfələrlə 102 xidmətinə zəng eləmişəm. Demişəm ki, “Axı bu, nədir edirsiniz? Bunun adı nədir?” Bir azdan sonra ya 42-ci polis bölməsindən, ya Sabunçu Polis Bölməsindən zəng eləyirlər ki, “heç bir problem yoxdur, heç kəs sizi saxlamır. Siz rahat gedib gəlin”. Bir dəfə Daxili İşlər Nazirliyinə şikayət yazmışdım. Ordan mənə zəng eləyib bildirdilər ki, “biz aydınlaşdırmışıq, siz yalan deyirsiniz”. Dedim ki, kamera sistemi var, nəzarət kameraları var da. Mənim qapımdan 10 metr aralıda kamera var. Açın kameranı, baxın görün, mənim qapımın ağzında polis dayanıb, ya yox. Bu kameradan baxın, qapımın ağzında bir polis, iki əsgər 24 saat nəzarət edirlər, ya yox”.
O bildirib ki, həm özü, həm də ailəsi uzun illərdir bu vəziyyətdə yaşayır:
“Onlar səliqəli formada bir növ mənə gözdağı verirlər. Bildirirlər ki, sənin evində olan hadisəyə görə səni bağışlamırıq. Mən bilmirəm məhkəmə məni hansı formada azad edib? Bunların mənə qoyduqları qadağa səbəbləri nə ilə bağlıdır? Belə yaşayıram. Özüm də, yaxınlarım da, ailəm də”.
Bu açıqlama ilə bağlı hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.
Əbülfəz Bünyadov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı həbs olunub. Həmin əməliyyat zamanı onun bir neçə güllə yarası aldığı və hərəkət qabiliyyətini tam itirdiyi bildirilir.
2018-ci ilin iyulunda məhkəmə onu 15 il müddətinə azadlıqdan məhrum edib. 2019-cu ildə isə səhhətindəki problemlər əsas gətirilərək məhkəmə qərarı ilə cəzasının qalan hissəsindən azad edilib.
Hazırda MBH-nin bəzi rəhbər şəxsləri Nardaran hadisələri ilə bağlı uzunmüddətli həbs cəzaları çəkirlər. Onlara terrorçuluq, qanunsuz silah saxlama və digər ittihamlar irəli sürülüb. Onlar ittihamları qəbul etmir və siyasi baxışlarına görə təqib olunduqlarını bildirirlər. Rəsmi qurumlar isə Azərbaycanda heç kimin siyasi və dini baxışlarına görə təqib olunmadığını bəyan edir.