Tural Sadıqlı valideynlərinə ölkədən çıxış qadağası qoyulduğunu deyir

Tural Sadıqlı valideynlərinə ölkədən çıxış qadağası qoyulduğunu deyir
15 May 2026
Mətni dəyiş

Mühacirətdə yaşayan bloger Tural Sadıqlı valideynlərinin ölkədən çıxışına məhdudiyyət qoyulduğunu bildirib.

O, mayın 15-də sosial şəbəkə hesabında paylaşdığı məlumatda valideynlərinin Bakı hava limanından geri qaytarıldığını yazıb.

Sadıqlının sözlərinə görə, atası Əlövsət Sadıqlı və anası Mətanət Sadıqlı Avropaya övladlarını ziyarət etmək məqsədilə səfər etmək istəyərkən sərhəd nəzarətindən buraxılmayıblar.

Tural Sadıqlı bildirib ki, valideynlərinə ölkədən çıxış qadağasını Daxili İşlər Nazirliyinin qoyduğu deyilib.

Bloger valideynlərinin heç bir cinayət işi üzrə təqsirləndirilən və ya şahid olmadıqlarını vurğulayaraq, baş verənləri öz fəaliyyətinə görə təzyiq kimi qiymətləndirib.

“Hakimiyyətin valideynlərimə qarşı etdiyi bu mənfur əməl sadəcə məndən qisas almaqdır”, - Sadıqlı paylaşımında yazıb.

Tural Sadıqlının əmisi Elmir Sadıqov ötən ilin oktyabrında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Tural Sadıqlının özü isə Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 220.2 (kütləvi iğtişaşlara çağırış) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsi ötən il dekabrın 26-da onun barəsində 14 il müddətinə qiyabi həbs hökmü çıxarıb.

Sadıqlı ittihamları qəbul etmir və onları tənqidi fəaliyyəti ilə əlaqələndirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun