Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb Foto: Ülviyyə Əli
15 May 2026
Mətni dəyiş

Mayın 14-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal və “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədlinin həbsindən verilən şikayətinə baxılıb.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.

Əhməd Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsinin “Toplum TV”yə verdiyi məlumata görə, fəal məhkəmədən ona bəraət verilməsini istəyib. O, alternativ olaraq səhhətindəki problemlərlə əlaqədar ev dustaqlığına buraxılmasını xahiş edib.

Məmmədli çıxışı zamanı ağır şərtlərdə həbsdə saxlanıldığını bildirərək, “Əgər bu da mümkün deyilsə, mənə ölüm hökmü çıxarın. Azərbaycanda ölüm hökmü yoxdur, amma mənim üçün 6 il işgəncə altında qalmaqdansa, bu, daha şərəfli olar”, - deyə bildirib.

Fəal ittihamların sübut olunmadığını vurğulayıb. Onun sözlərinə görə, əvvəlki məhkəmə instansiyaları cinayət işinin materiallarını obyektiv araşdırmayıb.

“Ortada nə bıçaq var, nə də qan izi. Mən necə bıçaqla adam yaralamışam ki, hadisə ilə bağlı heç bir fiziki sübut təqdim olunmur?” - deyə o məhkəmədə bildirib.

Məmmədlinin vəkili Elçin Sadıqov da çıxışında ittiham aktındakı ziddiyyətli məqamları diqqətə çatdırıb. Vəkilin sözlərinə görə, hadisənin baş verdiyi iddia olunan taksidə olan digər iki sərnişin eyni kənddən olan və bir-birini əvvəldən tanıyan şəxslər olub.

Məhkəmə müşavirədən sonra şikayətin təmin olunmadığını elan edib.

Əhməd Məmmədli 2025-ci il mayın 6-da saxlanılıb. Ona Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham irəli sürülüb.

İstintaqın versiyasına əsasən, 1988-ci il təvəllüdlü Vüqar Dünyamalıyev ötən ilin mayında Biləcəri qəsəbəsində bıçaqlanıb. Hüquq-mühafizə orqanları hadisəni törətməkdə Əhməd Məmmədlini təqsirləndirib.

Məmmədli isə ittihamları rədd edir. O, əvvəlki məhkəmə iclaslarında bildirib ki, saxlanıldığı gün “manatlıq taksi”də sonuncu sərnişin olub və yolboyu heç bir mübahisə yaşanmayıb. Onun sözlərinə görə, avtomobil dayandırıldıqdan sonra naməlum şəxslər onu zorla maşından çıxarıb, daha sonra isə zərərçəkmiş kimi tanınan şəxs tərəfindən döyülüb.

İctimai fəal saxlanılarkən işgəncəyə məruz qaldığını, hadisə yerində isə “saxta cinayət ssenarisi” qurulduğunu iddia edir. O, həbsini ictimai-siyasi və jurnalist fəaliyyəti ilə əlaqələndirir.

Əhməd Məmmədli martın 16-da 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun