Vəkil Zabil Qəhrəmanovun həbs müddəti üçüncü dəfə uzadılıb

Vəkil Zabil Qəhrəmanovun həbs müddəti üçüncü dəfə uzadılıb
19 May 2026
Mətni dəyiş

Vəkil Zabil Qəhrəmanov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 ay 7 gün uzadılıb.

Qərar mayın 16-da Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda qəbul olunub. Məhkəmə baş prokuror Kamran Əliyevin təqdimatını təmin edərək Qəhrəmanovun həbs müddətini iyulun 23-dək artırıb.

İclas zamanı müstəntiq istintaqın tamamlanmadığını və əlavə prosessual hərəkətlərə ehtiyac olduğunu əsas gətirərək həbs müddətinin uzadılmasını istəyib. Müdafiə tərəfi isə vəkilin artıq yeddi aydır əsassız şəkildə həbsdə saxlanıldığını bildirərək təqdimatın rədd olunmasını tələb edib. Buna baxmayaraq, məhkəmə təqdimatı təmin edib. Müdafiəçilər qərardan apellyasiya şikayəti veriblər.

Bu, Zabil Qəhrəmanov barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı üçüncü qərardır. 

Zabil Qəhrəmanovu 2025-ci il oktyabrın 23-də Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları saxlayıb. İki gün sonra Gəncə Şəhər Məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

İlkin olaraq ona Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 221.2.2 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. İttihamlardan birində onun saxlanıldığı gün avtoyuma məntəqəsində işləyən Fazil İsgəndərovla mübahisə zamanı zor tətbiq etdiyi iddia olunur. Digər ittihama görə isə, Şəmkir sakini Emin İbrahimov Qəhrəmanovun 5600 manat alaraq məsələni “istədiyi kimi” həll edəcəyinə söz verdiyini, lakin vədini yerinə yetirmədiyini bildirib.

2026-cı il yanvarın 19-da vəkilə əlavə ittihamların verildiyi açıqlanıb. Müdafiəçisi Babək Həmidovun sözlərinə görə, hazırda Qəhrəmanov Cinayət Məcəlləsinin 221.2.2, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham olunur.

Qəhrəmanov ittihamları qəbul etmir. O, barəsindəki cinayət təqibinin sifarişli olduğunu və adıçəkilən şəxslərdən ona qarşı istifadə edildiyini bildirir.

Zabil Qəhrəmanov Azərbaycanda rezonans doğuran bir sıra işlər üzrə müdafiəçi kimi tanınır. O, Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı işdə təqsirləndirilən İlkin Süleymanovun, həmçinin əvvəllər qətl ittihamı ilə məhkum edilən və sonradan bəraət alan Polad İsmayılovun vəkili olub. Qəhrəmanov eyni zamanda “Tərtər hadisələri” üzrə bir neçə zərərçəkmişin və müxtəlif ictimai-siyasi fəalların müdafiəsini həyata keçirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun