ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin adını “Mətbuat Azadlığı” qətnaməsinə daxil edib

ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin adını “Mətbuat Azadlığı” qətnaməsinə daxil edib
6 May 2026
Mətni dəyiş

ABŞ Senatının Dünya Mətbuat Azadlığı Günü ilə bağlı qəbul etdiyi qətnamədə Azərbaycanda həbsdə olan jurnalistlər - “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı və “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə uzunmüddətli həbs cəzası ilə üzləşən jurnalistlər sırasında göstərilib, onların dərhal azad olunmasına çağırış edilib

3 May – Dünya Mətbuat Azadlığı Gününə həsr olunan sənəddə dünyada media azadlığına qarşı artan təhdidlərdən, jurnalistlərin təqib və həbslərindən, xüsusilə də avtoritar rejimlərdə media nümayəndələrinin üzləşdiyi təzyiqlərdən bəhs olunur.

Qətnamədə bildirilir ki, son 20 ildə dünyada media azadlığı ən çox geriləyən hüquq sahələrindən birinə çevrilib. Sənəddə “Sərhədsiz Reportyorlar” təşkilatının məlumatına istinadla qeyd olunur ki, mətbuat azadlığı son 25 ilin ən aşağı səviyyəsinə düşüb və ilk dəfə olaraq dünya ölkələrinin yarıdan çoxu “çətin” və ya “çox ciddi” kateqoriyalara daxil edilib.

Senat sənədində vurğulanır ki, 2025-ci ilin sonuna qədər dünyada 300-dən çox jurnalist həbsdə olub. Həmin siyahıda Gürcüstandan Mzia Amaglobeli, “Azadlıq Radiosu”nun jurnalistləri Fərid Mehralızadə və Nika Novakın, eyni zamanda sözügedən nəşrin keçmiş əməkdaşı Rza Vəlizadənin də adları çəkilir.

Qətnamədə daha sonra bildirilir ki, həbsdə olan jurnalistlərin üçdə birindən çoxu 5 ildən artıq həbs cəzası çəkir. Bu siyahıda isə digər jurnalistlərlə birlikdə Azərbaycandan “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızının adı xüsusi qeyd olunub.

ABŞ Senatı sənəddə bütün dünyada mətbuat azadlığının boğulmasını və jurnalistlərin təhlükəsizliyinə qarşı yönələn addımları pisləyib, haqsız yerə həbs olunan jurnalistlərin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırış edib.

Qətnamədə vurğulanır ki, azad media demokratik cəmiyyətlərin əsas sütunlarından biridir, korrupsiyanın ifşasında, hökumətlərin hesabatlılığının təmin edilməsində və ictimaiyyətin doğru məlumatlandırılmasında mühüm rol oynayır.

Senat həmçinin ABŞ prezidentini və dövlət katibini mətbuat azadlığının müdafiəsi, jurnalistlərə qarşı hücumların araşdırılması və bütün dünyada media azadlığının təşviqi istiqamətində fəaliyyəti gücləndirməyə çağırıb.

“Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı və “Azadlıq Radiosu”nun jurnalisti və iqtisadçı Fərid Mehralızadə “Abzas Media işi” çərçivəsində həbs ediliblər.

Onlardan başqa “Abzas Media”nın direktoru Ülvi Həsənli, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova da eyni iş üzrə saxlanılıblar.

Onlar qaçaqmalçılıq və maliyyə cinayətlərində ittiham ediliblər, lakin ittihamları rədd ediblər. 2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Abzas Media işi” üzrə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadəni 9 il, Nərgiz Absalamova və Elnarə Qasımovanı 8 il, Məhəmməd Kekalovu isə 7 il 6 ay azadlıqdan məhrum edib.

Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Beynəlxalq media və insan haqları təşkilatları bu həbsləri Azərbaycanda azad medianın susdurulmasına yönəlmiş kampaniya kimi qiymətləndirir. Son hesabatlara görə, ölkədə 30-a yaxın jurnalist peşə fəaliyyətlərinə görə həbsdədir. Azərbaycan hökuməti isə bildirir ki, ölkədə heç bir jurnalist peşə fəaliyyətinə görə təqib olunmur və həbs olunan şəxslər konkret cinayətlərə görə məsuliyyətə cəlb ediliblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun