Transgenderi yandırıb öldürən şəxsə 9 il həbs cəzası verildi

Transgenderi yandırıb öldürən şəxsə 9 il həbs cəzası verildi
8 Aprel 2022
Mətni dəyiş

Qaradağ rayonu, Puta qəsəbəsində transgender, 27 yaşlı Əhəd Nuriyevin öldürülməsi və meyitin yandırılmasıyla bağlı məhkəmə araşdırmaları yekunlaşıb. Aprelin 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində onu qətlə yetirməkdə təqsirləndirilən Mirşahid Mehdiyevə hökm oxunub. Hakim Əhməd Quliyevin sədrliyilə çıxarılan hökmə əsasən, 37 yaşlı Mirşahid Mehdiyev 9 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə təqsirli bilinib.

Hökmdən əvvəl çıxış edən prokuror isə ona 10 il 6 ay həbs cəzası verilməsini istəyib. Dövlət ittihamçısı bildirib ki, zərərçəkmiş tərəflə barışıq olması, himayəsində azyaşlı uşaqlarının olması yüngülləşdirici hal sayılır.

Mirşahid Mehdiyev özü də son sözündə əməlindən peşman olduğunu deyib.

“Günahkaram. Amma məni şantaj etməsəydi, onu öldürmək fikrim yox idi…”, – təqsirləndirilən şəxs son sözündə bildirib.

Əhəd Nuriyevin meyiti 2021-ci il avqustun 22-də axşam saat 21 tapılıb. Amma qətl hadisəsinin bundan bir neçə gün əvvəl – avqustun 18-də baş verdiyi məlum olub.

Əhəd Nuriyevin qətlindən sonra bir qrup LGBT fəalı avqustun 24-də axşam saatlarında Qaradağ Rayon Polis İdarəsi və Ombudsman Aparatının qarşısında aksiya keçirib. Onlar baş vermiş hadisəyə görə bloger Sevinc Hüseynovanı ittiham ediblər: “O, gəlinlik paltarında ad günü keçirəndən sonra Sevinc Hüseynova onun və bizim hamımızın əleyhinə çağırışlar etdi, yazılar paylaşdı. Bu da nəticəsi. Bir insanı öldürmək, yandırmaq vəhşilikdir”.

Məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində Əhəd Nuriyevin anası tanınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun