Pol Qobl: Brüssel görüşü irəliyə doğru kiçik addım idi

Pol Qobl: Brüssel görüşü irəliyə doğru kiçik addım idi
9 Aprel 2022
Mətni dəyiş

ABŞ administrasiyasının keçmiş Sovet İttifaqı üzrə müşaviri olmuş politoloq Pol Qobl Amerikanın Səsinə müsahibəsində Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən danışıqları şərh edib.

"Bu, irəliyə doğru kiçik bir addım idi, belə ki, əslində Bakının istədiyi belə bir sənədi hazırlamaq öhdəliyi var və bu, kiçik addımdır, çünki əlaqəli məsələləri həll etmir və Qarabağ və Laçın dəhlizinə dair razılıq əldə olunmayana qədər sərhədlərin delimitasiyası başa çatdırıla bilməz və mümkün deyil," o deyib.

Yekun bəyanatda Dağlıq Qarabağın qeyd edilməməsi məsələsinə gəlincə ekspert deyib: “Qarabağ və Laçının adlarının çəkilməməsi tərəflərin onları müzakirə və sonra qərar qəbulu üçün çərçivəyə salmağa çalışdığına açıq işarədir, lakin bu məsələlər üzrə razılaşma olmadıqda, hər iki tərəf digərləri üzrə razılaşmağın çətin, hətta mümkünsüz olacağını görəcək.”

Aprelin 6-da Brüsseldə Azərbaycan, Ermənistan və Aİ liderləri arasında üçtərəfli görüş keçirilib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşdən sonra bəyanat yayıb.

"Prezident Mişel həm prezident Əliyevin, həm də baş nazir Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan etdiklərini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırılması razılaşdırıldı.

Onların ikitərəfli sərhədlərinin delimitasiyası və demarkasiyası vacib olacaq; bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının yaradılması razılaşdırılıb," sənəddə qeyd edilir.

Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq:

Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası və sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etmək.

"Prezident Mişel həmçinin vurğuladı ki, qüvvələrin müvafiq məsafədə saxlanmasının təmin edilməsi insidentlərin qarşısının alınması və gərginliyin azaldılmasının vacib elementidir. Prezident Mişel Aİ-nin məsləhət və dəstək verməyə hazır olduğunu bir daha təsdiqlədi.

Liderlər Ermənistan və Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya/əlaqə infrastrukturunun bərpasını müzakirə ediblər. Prezident Mişel dəmiryol xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı avtomobil yolu əlaqələrinin bərpası üçün effektiv həll yolları tapmağa təşviq edib. Aİ öz İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə əlaqələrin inkişafına dəstək verməyə hazırdır.

Liderlər görüşlərinin nəticələrini izləmək və əlaqələri davam etdirmək barədə razılığa gəliblər," bəyanatda deyilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun