Prezident Administrasiyasının işçisi Sultan Dadaşovun həbsi xəbəri Daxili İşlər Nazirliyi tərəfindən təkzib edildi.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Meydan TV-yə danışıb.
Elşad Hacıyevin sözlərinə görə, Prezidentin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri Sultan Dadaşov inzibati cəza alması barəsində xəbər həqiqəti əks etdirmir:
“Məlumat sosial şəbəkələrdə yayılıb, doğru deyil. Bu barədə hələ heç nə yoxdur, olan kimi məlumat yayacağıq”.
***
Ötən gün paytaxt ərazisində motosikletçiyə qarşı xuliqanlıq əməli törədən “Lexus” markalı avtomobilin sürücüsü, Prezident Administrasiyasının işçisi Sultan Dadaşov saxlanılıb.
APA-nın məlumatına görə, məmurun barəsində inzibati protokol tərtib edilib və baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə qarşısına çıxarılan Sultan Dadaşov inzibati qaydada 25 sutka müddətinə həbs edilib.
Aprelin 25-də motoroller sürücüsünü döyməklə hüquq pozuntusu törətmiş Sultan Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.
![Motosikletçini döyən məmurun həbsi xəbəri təkzib edildi [yenilənib]](/_next/image?url=https%3A%2F%2Fs3.eu-central-1.amazonaws.com%2Fabzasmedia%2Fmedia%2Ffeatured_images%2F2022%2F07%2F02%2Ff4383f55-e964-4a3d-b48b-9e1eb8927259.jpeg&w=3840&q=75)