Azər Qasımlı: "Sülh Müqaviləsində Qarabağın Azərbaycana məxsus olduğu qeyd edilməlidir"

Azər Qasımlı: "Sülh Müqaviləsində Qarabağın Azərbaycana məxsus olduğu qeyd edilməlidir"
8 Aprel 2022
Mətni dəyiş

Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşü müsbət haldır. Bu barədə siyasi analitik Azər Qasımlı Turan Agentliyinə verdiyi şərhində bildirib.

"Prosesin Rusiyanın nəzarətindən çıxarılması zərurəti baxımından müsbət haldır. Proses Rusiyanın nəzarətindən çıxsa, mən sizi inandırıram ki, həm Ermənistan, həm Azərbaycan bizim bölgədə daha yaxın olacaq. Bölgədə sülh və əmin amanlığın olma ehtimalı daha da yüksək olacaq", deyə Qasımlı qeyd edib.

Amma o, Bakının Moskvanı prosesdən kənarlaşdırmaqda maraqlı olduğundan əmin deyil. Ukraynada müharibə başladıqdan sonra Azərbaycan hələ də "balans" siyasətini  saxlamağa çalışır. Belə ki, BMT-də və Avropa Şurasında Moskvanın hərəkətlərini pisləyən səsvermələrdə Azərbaycan ümumiyyətlə iştirak etməyib.

"Amma İlham Əliyev ölkəyə qayıdandan sonra nə olacaq, bölgədə hansı addımlar atılacaq, hansı qərarlar veriləcək, oradakı razılaşmalara uyğun olaraq hərəkət  edəcəkmi? Eyni sual müəyyən mənada Ermənistana da aiddir. Çünki Rusiyanın Ermənistana da təsir imkanları var", deyə Qasımlı bildirib.

Brüssel görüşündən sonra atəşkəsin pozulması sülh prosesinə xələl gətirə bilər. Ekspertin fikricə, Rusiya sülhməramlıları tərəfindən də təxribatlar ola bilər.

Ermənistanın hələ 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığı barədə bəyanatına gəlincə, bu, hiylədir.

Ermənilər demək istəyirlər ki, Azərbaycanı Dağlıq Qarabağsız tanıyıblar. Vaxtilə Lavrov da bunu deyob.

Hər hansı manipulyasiyanın qarşısını almaq üçün sülh sazişində qeyd edilməlidir ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır.

Bununla belə, sənəddə erməni əhalinin təhlükəsizliyinin Azərbaycanla birlikdə müzakirə oluna biləcəyi də əksini tapmalıdır.

Heç bir statusdan söhbət belə gedə bilməz, məsələ birgə yaşayış çərçivəsində müzakirə olunmalıdır, Qasımlı belə hesab edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun