XİN Ukraynadan təxliyə edilən Azərbaycan vətəndaşları ilə bağlı növbəti dəfə açıqlama verib

XİN Ukraynadan təxliyə edilən Azərbaycan vətəndaşları ilə bağlı növbəti dəfə açıqlama verib
4 Mart 2022
Mətni dəyiş
Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) martın 4-də Ukraynaya Rusiyanın hücumundan sonra bu ölkədən təxliyə edilən vətəndaşları ilə bağlı açıqlama yayıb. Bildirilir ki, Azərbaycan vətəndaşlarının Moldova, Polşa, Slovakiya, Macarıstan və Rumıniya ərazisinə keçidi davam edir. Sözügedən dövlətlərlə əldə edilmiş razılıq əsasında Azərbaycan vətəndaşlarının tranzit keçidi üçün viza tələbi müvəqqəti qaldırılıb (yalnız səyahət sənədi təqdim edilir), COVID-19 pasportu və PCR testinin neqativ nəticəsi mütləq şəkildə tələb olunmur: “Ukraynada hərbi əməliyyatların başlanmasından quru yolla qonşu ölkələrdən Moldovaya 6 min 500 nəfər, Polşaya 770 nəfər, Rumıniyaya 318 nəfər, Slovakiya 60 nəfər, Macarıstana 48 nəfər vətəndaşımız daxil olub”. Nazirlik qeyd edir ki, Rumıniya ərazisindən həyata keçirilən beş çarter reysi ilə 900 nəfər, xüsusilə də qadınlar, uşaqlar, yaşlılar Azərbaycana təxliyə olunub. Ukraynada nə qədər Azərbaycan vətəndaşının olduğu rəsmən açıqlanmayıb. Media orqanlarında bu rəqəm bir neçə yüz min göstərilib. Martın 2-də 1200 azərbaycanlının Moldova istiqamətində yola salındığı açıqlanmışdı. Təxliyə olunanların Kiyevlə yanaşı, Xarkov, Xerson, Nikolayev, Mariupol vilayətlərindən gələn azərbaycanlılar olduğu deyilirdi. Martın 1-də isə Azərbaycanın Xarkovdakı fəxri konsulluğu açıqlama yayaraq bildirdi ki, həmin gün 500 nəfər azərbaycanlı Lvova yola salınıb. Onların Lvovdan Ukrayna-Polşa sərhəddini keçmələrinə kömək göstəriləcək. Daha sonra konsulluq əlavə etmişdi ki, Xarkov Cənub Dəmir Yolu İdarəsi və Xarkov Dəmir Yolu Vağzalı ilə aparılan danışıqlar əsasında bu yerlərdə Azərbaycan vətəndaşlarının gündəlik təxliyəsi üçün şərait yaradılıb: “Xarkov şəhərini tərk etmək istəyən azərbaycanlılardan Dəmir Yolu Vağzalının növbətçi hissəsi və Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğu ilə əlaqə saxlamaları xahiş olunur”. Lakin vağzala gedən azərbaycanlılar sosial şəbəkələrdə paylaşım edərək bildirmişdilər ki, deyilənlərin hamısı yalandır: “Bizə söz verilmişdi ki, azərbaycanlılar üçün vaqon ayrılacaq, onların təxliyəsi həyata keçiriləcək. Biz də yığışıb gəlmişik, heç nə yoxdur. Səfirliyə zəng edirik, konsulluğa zəng edirik, heç birindən cavab gəlmir. Hər yerə zəng etmişik, hətta registrasiyadan da keçmişik. Buradakı polislər bildirirlər ki, sizə heç bir yer ayrılmayıb. Hamı necə, siz də elə”. Bu il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Ondan üç gün əvvəl Rusiya Ukrayna ərazisində separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın müstəqilliyini tanıyıb. Altı il əvvəl isə Ukraynanın bir hissəsini – Krımı ilhaq edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun