Saleh Rüstəmlinin vaxtından əvvəl azadlığa buraxılmasıyla bağlı ərizəsi təmin olunmayıb

Saleh Rüstəmlinin vaxtından əvvəl azadlığa buraxılmasıyla bağlı ərizəsi təmin olunmayıb
5 Mart 2022
Mətni dəyiş
Gədəbəyin keçmiş icra başçısı, AXCP-yə maliyyə yardımında ittiham edilərək həbs olunan Saleh Rüstəmlinin vaxtından əvvəl azadlığa buraxılmasıyla bağlı ərizə təmin olunmayıb. Bu barədə AzadlıqRadiosu-na onun ailə üzvləri məlumat verib. Rüstəmlinin vəkilləri o, hələ aclıq etdiyi dövrdə - 2021-ci il dekabrın 6-da məhkəməyə ərizə vermişdi ki, sağlıq durumunun ağırlığına görə cəzanın qalan hissəsindən azad edilsin. Bu iş Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin icraatında idi. Bundan öncə bir dəfə dekabrın 30-da məhkəmə iclası keçirilmiş, ekspertiza təyin edilmişdi. Yaxınlarının sözlərinə görə, ərizəyə martın 3-də Rüstəmlinin vəkillərinin də iştirakı və xəbəri olmadan baxılıb: “Vəkil Bəhruz Bayramova hakimin köməkçisi deyib ki, məhkəmə ayın 3-nə təyin olunur. Vəkil də bildirib ki, artıq həmin günə Gəncədə məhkəmədə təyin olunmuş başqa bir işi var. Hakimin köməkçisi deyib ki, o zaman bir həftə sonraya – martın 10-na keçirilir. Biz də buna əsaslanıb, elan vermişik ki, Saleh Rüstəmlinin işinə martın 10-da baxılacaq”. Rüstəmli martın 4-də ailə üzvləriylə telefonla əlaqə saxlayaraq, onlara bir gün öncə məhkəmənin keçirildiyini xəbər verib. Rüstəmli ailəsinin məhkəmə ilə bağlı dediklərini vəkil Bəhruz Bayramov da AzadlıqRadiosu-na təsdiqləyib. Vəkil bildirib ki, hakimin köməkçisi ona prosesin təxirə salındığını demişdi. Müdafiəçi əlavə edib ki, qərardan apellyasiya şikayəti veriləcək. 1992-1993-cü illərdə Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmli 2018-ci il mayın 8-dən həbsdədir. 1998-ci ildən Rusiyada yaşayan və bu ölkənin vətəndaşı olan Rüstəmli həmin vaxt yaxınlarını görmək üçün Azərbaycana gəlib. Qardaşı və onun həyat yoldaşıyla birlikdə gedərkən Şəmkir postunda saxlandığını deyən Rüstəmli öncə narkotik ittihamıyla təqsirləndirilib. Daha sonra onun qardaşı oğlu Vidadi Rüstəmli və AXCP-nin üç funksioneri – Aqil Məhərrəmov, Ruslan Nəsirov və Babək Həsənov həbs edilib. İddia olunub ki, Saleh Rüstəmli Rusiyadan partiyaya pul göndərib, qardaşı oğlu və bu cəbhəçilər vasitəsilə çatdırıb. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında Rüstəmlinin iki il ərzində təxminən 412 min dollar maliyyə göndərdiyi iddia olunurdu. Rüstəmli isə bu iddianı rədd edir. O bildirir ki, Rusiyada kiçik sahibkarlıqla məşğul olur. Arabir o da Rusiyadakı başqa azərbaycanlılarla birlikdə Bakıdakı siyasi məhbus ailələrinə yardım göndərib. İki il ərzində yardımın məbləği uzağı 10-12 min dollar olardı. AXCP sədri Əli Kərimli ittihamı rədd edərək “qurama iş” adlandırıb. Bildirib ki, Saleh Rüstəmli ilə uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun