Moskva məktəbində müharibəyə qarşı çıxan azərbaycanlı müəllim dünya mediasına çıxıb

Moskva məktəbində müharibəyə qarşı çıxan azərbaycanlı müəllim dünya mediasına çıxıb
22 Mart 2022
Mətni dəyiş

Rusyada yaşayan 28 yaşlı azərbaycanlı coğrafiya müəllimi Kamran Manaflı dövlət propaqandasına etiraz etdiyinə görə Moskvanın mərkəzində işlədiyi məktəbdən xaric edilib.

Bu barədə 'BBC News' reportaj hazırlayıb və Kamran Manaflı ilə bağlı məqaləni əsas xəbər bölümündən verib. Hadisə ilə bağlı Kamran Manaflı ‘Instagram’ hesabından bu fikirləri paylaşıb: 

“Elə yaşamalıyıq ki, vicdanımız bizə əzab verməsin. Bu yaxınlarda məktəbdə mənə dedilər: “Sənin dövlətin mövqeyindən başqa heç bir mövqeyin ola bilməz”. Yaxşı, mənim öz fikrim var! Tək mənim yox, bir çox müəllimlərin öz fikirləri var. Və bilirsən nə? Dövlətin mövqeyi ilə açıq şəkildə üst-üstə düşmür. Mən dövlət təbliğatının güzgüsü olmaq istəmirəm. Fəxr edirəm ki, indi bu haqda yazmaqdan çəkinmirəm, fəxr edirəm ki, müəlliməm! Vicdanım məni narahat etmir. Keçmişdə, indi və gələcəkdə olan bütün şagirdləri sevirəm”.

Azərbaycanlı müəllim sosial media Rusiyada məhdudlaşdırılmamışdan bir neçə gün əvvəl bu fikirləri yazıb. O, Moskvanın mərkəzində yerləşən orta məktəbində keçirilən iclasda ona və həmkarlarına öz şagirdləri ilə Ukraynadakı vəziyyətlə bağlı necə danışmaq, hökumətin mövqeyindən kənara çıxmamaq barədə deyiləndən sonra post yazmağa məcbur olub.

Yazandan iki saat sonra məktəbin direktoru ona zəng edərək paylaşımını dərhal silməyi və ya işini tərk etməsini söyləyib.

“Mən onu silmək istəmədim. Mən dərhal anladım ki, mübahisə etməyin mənası yoxdur, ona görə də istefa verməyi ən yaxşı seçim hesab etdim”, - K.Manaflı BBC-yə açıqlamasında deyib. 

Ertəsi gün əşyalarını götürüb istefa ərizəsini imzalayaraq məktəbə gələndə ona binaya giriş qadağan edilib.

"Uşaqlar mənə dəstək olmaq, sağollaşmaq üçün küçəyə çıxmağa başladılar"

"Dedilər ki, məni içəri buraxmamaq əmri var. Uşaqlar mənə dəstək olmaq, sağollaşmaq və s. üçün küçəyə çıxmağa başladılar. Sonra kimsə polisə zəng edərək icazəsiz aksiya təşkil etdiyimi dedi".

BBC tərəfindən görülən videolarda uşaqların Kamran müəllimin ətrafına toplaşaraq alqışladıqları, gülümsədikləri və sağollaşdıqları görünür.

Nəhayət, ertəsi gün o, əşyalarını geri ala və məktəbin direktoru ilə görüşə bilib. Direktor ondan sosial mediada niyə siyasi fikirlər paylaşdığına dair rəsmi izahat istəyib. Məktəb rəhbərliyi Manaflının istefa verəcəyini hiss edib və ona işdən çıxarılacağı bildirilib.

"İki gündən sonra mənə məlumat verildi ki, işdə əxlaqsız davranışa görə xaric edilirəm. Mənim üçün ən qəribəsi odur ki, şəxsi fikrin ifadəsini “əxlaqsızlıq” hesab edirlər”, - deyə Kamran Manaflı bildirim.

Məktəb direktoru məsələ ilə bağlı açıklama verməkdən imtina edib. Lakin BBC tərəfindən görülən WhatsApp mesajlarında məktəb rəhbərliyi valideynlərə deyib ki, Kamran Manaflının sosial mediadakı paylaşımlarına görə əmək müqaviləsini pozub və buna görə işdən çıxarılıb. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun