Eldəniz Səlimovun apellyasiya şikayəti təmin edilməyib, deputatlığına xitam verilib

Eldəniz Səlimovun apellyasiya şikayəti təmin edilməyib, deputatlığına xitam verilib
28 Fevral 2022
Mətni dəyiş
Bu gün deputat toxunulmazlığı ləğv edilmiş Eldəniz Səlimovun barəsində olan məhkəmə hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi baş tutub. Xəbərə görə, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb. Həmçinin Eldəniz Səlimovun deputat toxunulmazlığına da xitam verilib. Apellyasiya Məhkəməsinin qərarı qanuni qüvvəyə minmiş hökm olduğundan onun deputat toxunulmazlığı aradan qaldırılıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, E. Səlimov 3 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdə o da bildirilir ki, E. Səlimov 2 il 6 ay müddətinə vəzifə tuta bilməz. 29 iyul 2021-ci il tarixdə Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. İstintaqla qeyd edilən tarixdə Eldəniz Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz rayon polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun