AMEA-da korrupsiya cinayətini ifşa edən alim özü korrupsiyada ittiham olunur

AMEA-da korrupsiya cinayətini ifşa edən alim özü korrupsiyada ittiham olunur Səbuhi Hüseynov/APA
15 Fevral 2023
Mətni dəyiş

"İnstitutun yeni direktoru Abbas Seyidovun hüquqşünası bizə dedi ki, geri qayıtmayın, qayıtsanız, sizi həbs etdirəcəyik”

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları Qarabağda tədqiqat aparmaq adı ilə külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunurlar.

İnstitutun sabiq əməkdaşları Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevaya Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Onların hər ikisi barəsində məhkəməyə qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Bu barədə məlumatı tarixçi alim Səbuhi Hüseynov Abzas Media-ya təsdiq edib.

İttihama əsasən, o və həyat yoldaşı  Qarabağda tədqiqat işlərinin aparılması ilə bağlı institutdan külli miqdarda vəsait alıb, ancaq heç bir tədqiqat aparmayıb.

Onlar ümumilikdə 92 min manat pulu mənimsəməkdə şübhəli bilinirlər.

Səbuhi Hüseynov isə ittihamları rədd edir. 

Onun sözlərinə görə, tədqiqatlar aparılıb və bununla bağlı materiallar da var:

“O, tədqiqatların günlük şəkilləri, videoları məndə var. Mən minalı sahələrə tədqiqata gedirdim, portala düşürdüm, yanımda təhlükəsizlik üçün polis və ya xüsusi təyinatlılar olurdu. Bunlar hamısı var, amma istintaq bunların heç birini nəzərə almadı. Əgər men ekspedisiyaya gedirəmsə, bir il əvvəl elmi plan yazıram, onu şöbə müdirim, direktor, elmi şura müzakirəyə qoyur, kimlə gedəcəmsə onu da direktor müəyyən edib təsdiqləyir. Yəni, mənim və yoldaşımın maliyyə məsələlərinə qarışacağı yoxdur, hamısı onlarlıqdır. Biz bütün tədqiqatları hazırlayıb, lazımi yerlərə göndərmişik. Mənim apardığım tədqiqatlar ölkədə istifadə olunur hazırda, amma mənə cinayət işi açırlar ki, guya tədqiqat aparmamışam. Bir neçə adamı da gətiriblər, onlar da direktorun diqtəsilə, qorxudan üzümüzə durublar” – deyə Səbuhi Hüseynov bildirib.

Tarixçi alim deyir ki, bütün bunların səbəbi 2021-ci ildə institutda korrupsiya hallarının yoxlanılması ilə bağlı AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyevə müraciətləridir.

Onun sözlərinə görə, müraciətdən sonra o və həyat yoldaşı işini itirməli olub.

“AMEA-nın o vaxtkı rəhbəri Ramiz Mehdiyevə müraciət etmişdik ki, institutda böyük miqdarda korrupsiya var, gəlin buranı yoxlayın. Yoxlanış aparıldı və məlum oldu ki, institutda milyonlar yeyilib. Düzdür, yoxlanışdan sonra direktor Mayisə Rəhimova işdən çıxarıldı, amma bu şikayət bizə də baha başa gəldi, yoldaşımı da işdən çıxardılar. Bundan sonra mən də öz ərizəmlə işdən çıxdım və yoldaşım məhkəməyə müraciət etdi. Məhkəmədə qələbə qazandıq, ancaq institutun yeni direktoru Abbas Seyidovun hüquqşünası bizə dedi ki, geri qayıtmayın, qayıtsanız, sizi həbs etdirəcəyik” – deyə Səbuhi Hüseynov bildirib.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun hüquqşünası Fəxrəddin Gözəlov isə iddiaları təkzib edib.

Abzas Media-ya danışan hüquqşünas deyib ki, qarşıdakı günlərdə bu istiqamətdə iki iş üzrə məhkəmə prosesi keçiriləcək:

“İnstitutda audit yoxlaması olub və pozuntu halları aşkarlanıb. Gülüstan İsayeva və bəzi şəxslər də bununla bağlı arayışa imza atıb, razılaşıblar. Bundan sonra institut rəhbərliyi Gülüstan İsayevaya təklif edib ki, məktub yazıb, maaşı daha yüksək olan başqa şöbəyə keçsin. Xanım əvvəl razı olsa da, sonradan imtina edib. Həmkarlar İttifaqının iclası da keçirildi, Gülüstan xanımla bağlı narazılıqlar səsləndirildi. Bundan sonra institut direktorunun əmri ilə o işdən çıxarıldı. İşə bərpa olunması ilə bağlı məhkəməyə müraciət edib Yasamal Rayon Məhkəməsində uddu, ancaq Apelyasiya Məhkəməsində uduzdu. İndi kassasiya şikayəti verib, ona da baxılacaq. Bundan sonra Səbuhi Hüseynov da gəlib öz ərizəsilə işdən çıxdı, Tarix İnstitutuna getdi” – deyə institutun hüquqşünası bildirib.

Fəxrəddin Gözəlov deyib ki, institutun direktoru hər iki şəxslə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət ünvanlayıb.

 “Araşdırma aparılıb və məlum olub ki, Səbuhi Hüseynov 7 dəfə ekspedisiyaya gedib, buna görə pul alıb, ancaq iş görülməyib və hesabat verilməyib. Bundan əlavə, məlum olub ki, ekspedisiyaya gedən şəxslərin əvəzindən, onların xəbəri olmadan sənədlərə imza atılıb. Aydın olub ki, imzaların yarısı Səbuhinin, yarısı da xanımının olub. Ekspedisiyanın əmrləri kadrlar şöbəsindən keçir, yəni xəbərləri olur".

Cinayət işi üzrə ibtidai istintaq başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun