Dünya

Zelenski Putinə neytral ölkədə görüşməyi təklif edib

2 dəqiqə
Zelenski Putinə neytral ölkədə görüşməyi təklif edib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə açıq məktub ünvanlayaraq onunla neytral ölkələrdən birində görüş keçirməyi təklif edib.

Məktub Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum (SPİEF) fonunda şəhərə qarşı həyata keçirilən dron hücumundan sonra yayımlanıb.

Zelenski müraciətində bildirib ki, Ukrayna müharibənin başa çatdırılması məsələsini iki ölkə lideri arasında birbaşa danışıqlar formatında müzakirə etməyə hazırdır.

“Ukrayna müharibəni sizinlə bizim aramızda aparılacaq danışıqlar formatında başa çatdırmağı təklif edir. Mən sizə görüş təklif edirəm.

Hamı eşitdi ki, nümayəndələriniz gülümsəyərək mənim guya Moskvaya gələ biləcəyimi deyirdilər. Lakin bu 26 ildən sonra Ukrayna liderinin Moskvada, Rusiya liderinin isə Kiyevdə işi yoxdur.

Müharibə və sülh məsələlərinin həlli üçün liderləri qəbul edən ənənəvi ölkələr var. İsveçrə, Türkiyə, ərəb ölkələri - onların çoxu bu görüşə ev sahibliyi etməyə hazırdır. Əsas qərarları məhz liderlər verir. Bu, həmişə belə olub. Görüş yerini birlikdə müəyyən etməyi təklif edirəm”, - deyə Zelenskinin məktubunda qeyd olunub.

Ukrayna Prezidenti danışıqlar müddətində tam atəşkəs rejiminin tətbiqinə və hərbi əsirlərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsinə hazır olduqlarını da vurğulayıb.

Zelenskinin sözlərinə görə, diplomatik prosesin başlanğıc nöqtəsi mövcud cəbhə xətti olmalıdır.

O həmçinin bildirib ki, ikitərəfli danışıqlar prosesinə ABŞ və Avropa ölkələri də qoşulmalıdır. Ukrayna lideri hesab edir ki, bu dövlətlər gələcək təhlükəsizlik razılaşmalarının real təminatçıları kimi çıxış edə bilərlər.

Məsələyə münasibət bildirən Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putinə Zelenskinin açıq məktubunun yazılı variantı təqdim edilib.

“Kütləvi informasiya vasitələrində dərc olunan məktub prezidentə təqdim olunub, o da onunla tanış olub”, - o əlavə edib.

Dmitri Peskovun sözlərinə görə, Zelenskinin açıq məktubunda qaldırılan mövzu, böyük ehtimalla, Rusiya Prezidentinin çıxış edəcəyi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında müzakirə olunacaq.

Peskov Putinin Ukrayna Prezidentinin məktubuna reaksiyasını isə şərh etməkdən imtina edib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun