Cəmiyyət

“Toplum TV işi” üzrə həbsdə olan Ramil Babayev 10 günlük aclıq aksiyasını dayandırıb

2 dəqiqə
“Toplum TV işi” üzrə həbsdə olan Ramil Babayev 10 günlük aclıq aksiyasını dayandırıb

Foto: sosial media

“Toplum TV işi” üzrə həbsdə olan Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev keçirdiyi 10 günlük aclıq aksiyasını dayandırıb.

Bu barədə o, ailə üzvləri vasitəsilə “Toplum TV”yə göndərdiyi müraciətdə məlumat verib.

Babayev bildirib ki, sağlamlıq vəziyyətinin ağırlaşması və digər həbs olunan şəxslərin ona dəstək məqsədilə aksiyaya qoşulması qərarında mühüm rol oynayıb.

“Məqsədimə çatmadan aksiyanı dayandırmalı oldum”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, yalnız su qəbul etməklə keçirdiyi aclıq aksiyası gözlədiyindən daha ağır nəticələr doğurub. Babayev bildirib ki, bundan əvvəl uzunmüddətli quru aclıq keçirməsi və səhhətində yaranan problemlər vəziyyətini daha da çətinləşdirib.

“Aclığın son iki günündə qan qusmaqla yanaşı, bütün bədənimdə səpkilər əmələ gəlmiş, ayaqlarımda isə göyərmələr müşahidə olunmuşdu”, - deyə o qeyd edib.

Ramil Babayev bildirib ki, eyni iş üzrə həbs olunmuş IDI rəhbəri Akif Qurbanovun, eləcə də “Toplum TV” əməkdaşları Fərid İsmayılov və Müşfiq Cabbarın ona dəstək məqsədilə aclığa başlaması qərarına təsir göstərib.

“Mən öz etirazımı davam etdirmək naminə digər insanların sağlamlığını riskə atmağa mənəvi haqqımın olmadığını düşünürdüm”, - deyə o yazıb.

Babayev müraciətində veqan dostlarından birinin ona göndərdiyi məktubdan da bəhs edib. O bildirib ki, məktubda yer alan “Bizim mübarizəmiz ölüm üzərində qurula bilməz. Biz həyatın tərəfindəyik” fikri onun qərarına təsir edən amillərdən biri olub.

Həbsdə olan fəal aclıq aksiyasının nəticəsi olaraq bir sıra dəyişikliklərin baş verdiyini iddia edib. Onun sözlərinə görə, Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov rəis müavini Cavid Güləliyevin bir daha məhbuslara qarşı zorakılığa yol verməyəcəyinə dair söz verib.

Babayev həmçinin bildirib ki, Cavid Güləliyevin səlahiyyətlərinin böyük hissəsi başqa əməkdaşa verilib və əvvəlki aclıq aksiyası zamanı irəli sürdüyü tələblərlə bağlı müəyyən addımlar atılıb.

Müraciətinin sonunda o, penitensiar müəssisələrdə saxlanılan şəxslərin yaxınlarını işgəncə və pis rəftar halları barədə məlumat verməyə çağırıb.

“İndiki mərhələdə zorakılıqla mübarizənin yeganə effektiv üsulu kimi zorakılıq qurbanlarının öz hüquqlarını bilməsi və etirazlarını dilə gətirməsi görünür”, - deyə Babayev bildirib.

Ramil Babayev bundan əvvəl aprelin sonunda başladığı aclıq aksiyasına səkkiz gün sonra müvəqqəti ara vermişdi. O, bunu Bakı İstintaq Təcridxanası rəhbərliyinin tələblərinin yarıdan çoxunu yerinə yetirməsi ilə izah etmişdi.

Lakin Babayev sonradan təcridxanada bir məhbusun işgəncəyə məruz qaldığını gördüyünü bildirərək aksiyanı yenidən bərpa etmişdi.

Onun tələbləri arasında təcridxanada işgəncə və ayrı-seçkilik hallarına son qoyulması, cərimə kameralarında sanitar şəraitin yaxşılaşdırılması, şikayətlərin ünvanlarına çatdırılmasının təmin edilməsi, siyasi məhbus kimi tanınan şəxslərin görüşlərinin dinlənilməməsi və “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədlinin müalicəsinə imkan yaradılması da yer alırdı.

Babayev həmçinin Bakı İstintaq Təcridxanasının rəis müavini Cavid Güləliyev barəsində işgəncə və digər maddələr üzrə araşdırma aparılmasını tələb edirdi.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun