Cəmiyyət

OCCRP: “Azərbaycanda qeydiyyatdan keçən 31 şirkət Rusiyanın “kölgə donanması” tankerlərini idarə edib”

2 dəqiqə
OCCRP: “Azərbaycanda qeydiyyatdan keçən 31 şirkət Rusiyanın “kölgə donanması” tankerlərini idarə edib”

OCCRP-nin əldə etdiyi korporativ sənədlərə əsasən, Azərbaycanda qeydiyyatdan keçmiş 31 şirkət Rusiyanın neft və digər neft məhsullarının ticarəti zamanı sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kölgə donanması”na aid tanker gəmilərinin təhlükəsizlik idarəçiliyini həyata keçirib.

Araşdırmaya görə, son iki il ərzində yeni yaradılmış bir sıra Azərbaycan şirkətləri səssiz şəkildə Avropa İttifaqı və Böyük Britaniyanın sanksiyalarına məruz qalmış onlarla neft tankerinin təhlükəsizlik idarəçiliyini öz üzərinə götürüb.

Brüssel və London həmin tankerləri Rusiyanın xam neft və neft məhsullarının daşınmasında iştirak etdiklərinə görə sanksiya siyahısına daxil edib. Bu ixrac əməliyyatları Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başladığı genişmiqyaslı işğaldan sonra tətbiq olunan məhdudiyyətlərin hədəfinə çevrilib.

Jurnalistlərin əldə etdiyi sənədlərə əsasən, 2023–2025-ci illər arasında Azərbaycanda ən azı 31 Beynəlxalq Təhlükəsizlik İdarəetməsi (International Safety Management - ISM) şirkəti qeydiyyatdan keçib.

Dəniz daşımalarının təhlükəsizliyinə nəzarət edən beynəlxalq “Equasis” platformasının məlumatlarına görə, bu şirkətlər 2024–2026-cı illərdə sanksiyaya məruz qalmış gəmiləri ya sanksiyalardan əvvəl, ya da sonra idarə edib.

Həmin 31 şirkətdən yeddisi artıq sanksiyalı gəmilərin meneceri kimi fəaliyyət göstərmir. Onların vəzifələri digər Azərbaycan şirkətlərinə ötürülüb.

Təmiz Hava və Enerji Araşdırmaları Mərkəzinin (Centre for Research on Energy and Clean Air) Avropa-Rusiya siyasəti üzrə rəhbəri İsaak Levi OCCRP-yə bildirib ki, ISM şirkətləri “dəniz daşımalarının əməliyyat dayağı” hesab olunur.

Onun sözlərinə görə, bu şirkətlər təhlükəsizlik standartlarına əməl olunmasından və ekipajların idarə edilməsindən tutmuş texniki xidmət və sığorta koordinasiyasınadək geniş funksiyalar yerinə yetirirlər. Levi qeyd edib ki, “kölgə donanması”nda onlar çox vaxt gəminin əsl sahibinin və ya nəzarətçisinin kim olduğunu gizlədən əlavə əməliyyat legitimliyi qatı yaradırlar.

Ekspert əlavə edib ki, bu cür şirkətlərin sahibləri tez-tez şəffaflığı zəif olan yurisdiksiyalara üstünlük verirlər. Çünki belə ölkələr anonimlik, məlumatların açıqlanmasına dair zəif tələblər və məhdud tənzimləyici nəzarət təklif edir ki, bu da gəmidən kimin faktiki olaraq istifadə etdiyini və ya gəlir əldə etdiyini gizlətməyi asanlaşdırır.

“‘Kölgə donanması’nda şəffaflığın olmaması çox vaxt məqsədli şəkildə qurulmuş mexanizmdir və sanksiyalara məruz qalmaq riskini azaltmağa xidmət edir”, - Levi bildirib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun