“Nizami” Kino Mərkəzinin binasındakı qraffitilərlə bağlı cinayət işi çərçivəsində həbs edilən Ardeşir Seypfur Saad Abadi ictimaiyyətə müraciət edib.
Onun yaxınları müraciəti iyunun 13-də yayıblar.
Belarus vətəndaşı olan, ADA Universitetinin ikinci kurs tələbəsi Ardeşir Seypfur Saad Abadi barəsində irəli sürülən ittihamları qəbul etmədiyini bildirib.
“Valideynlərim məni 11 aylıq olarkən Azərbaycana gətiriblər. Şüurlu həyatımın 19 ilini burada keçirmişəm. Burada təhsil almışam, 160 nömrəli Gimnaziyanı bitirmişəm və daha sonra ADA Universitetinə daxil olmuşam”, - o qeyd edib.
Abadi dizayn və müasir mədəniyyətlə məşğul olduğunu, komiks üslubunda personajlar, geyim dizaynları və müxtəlif suvenirlər hazırladığını bildirib. O, həmçinin yerli skeyt mədəniyyətinin təşviqi və gənc rəssamların sərgilərinin təşkili ilə məşğul olduğunu deyib.
Müraciətdə o, aprelin 2-dən etibarən media orqanlarında onun haqqında həqiqətə uyğun olmayan məlumatların yayıldığını iddia edib.
“Azərbaycanda nə qədər yaşadığımla bağlı yanlış məlumatlar verilib, görünüşümlə bağlı təhriflər edilib. Başqa insanlara aid şəkillərdən istifadə olunaraq onların guya mən olduğum təqdim edilib”, - Abadi bildirib.
O, özünü təqsirli hesab etmədiyini vurğulayıb.
“Mən 2006-cı ildə anadan olmuşam, 19 ildir burada yaşayıram və Azərbaycanın xeyrinə fəaliyyət göstərmişəm. Mənə qarşı irəli sürülən ittihamların reallıqla heç bir əlaqəsi yoxdur”, - müraciətdə deyilir.
Abadi hazırda etmədiyi əmələ görə 4 ildən 8 ilədək azadlıqdan məhrum edilmə təhlükəsi ilə üzləşdiyini bildirib və işinin “ədalətli və şəffaf şəkildə araşdırılması” tələbi ilə petisiyanın hazırlanacağını qeyd edib.
Bundan əvvəl də o, yaxınları vasitəsilə yaydığı açıqlamada “Nizami” Kino Mərkəzinin üzərindəki rəsm və yazılarla əlaqəsinin olmadığını bildirmişdi.
Ardeşir Seypfur Saad Abadi bu ilin aprelində həbs olunub. O, “Nizami” Kino Mərkəzinin binasının divarlarına qraffiti çəkməkdə ittiham edilir.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Aprelin 1-dən 2-nə keçən gecə Kino Mərkəzinin binasının üzərinə naməlum şəxslərin qraffiti çəkməsini əks etdirən görüntülər yayılmışdı. Bundan sonra hökumətyönlü media hadisə ilə əlaqədar 4 nəfərin saxlanıldığını yazmışdı. Həmin şəxslərdən yalnız Ardeşir Seypfur Saad Abadi barəsində həbs qətimkan tədbiri seçildiyi, digər üç nəfər haqqında isə alternativ qətimkan tədbirlərinin tətbiq edildiyi bildirilmişdi.
