Hazırda həbsdə olan “Meydan TV” jurnalisti Aytac Tapdığın anası Dilrubə Amanovanın ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.
Məlumatı jurnalistin bacısı Aydan Soltan mayın 12-də sosial şəbəkə hesabında paylaşıb.
Onun sözlərinə görə, anası aprelin 30-da Berlinə getmək istəyərkən hava limanında ölkədən çıxışına qadağa qoyulduğunu öyrənib.
Aydan Soltan bildirib ki, Dövlət Sərhəd Xidmətindən onlara qadağanı Daxili İşlər Nazirliyinin (DİN) tətbiq etdiyi deyilib:
“Vəkilimizin DİN və Bakı Şəhər Baş Polis İdarəsinə müraciətindən sonra qadağanın aradan qaldırıldığı bildirildi. Buna görə yenidən mayın 12-nə Berlinə bilet aldıq. Lakin anam yenidən hava limanında saxlanıldı və çıxışına qadağa olduğu deyildi”.
Onun sözlərinə görə, Dilrubə Amanova əvvəlcə hava limanı yaxınlığındakı DİN ofisinə, daha sonra isə Bakı Şəhər Baş Polis İdarəsinə yönləndirilib. Ailə üzvləri bildirirlər ki, qurumlar qadağanı hansı orqanın tətbiq etdiyini açıqlamayıb.
Aydan Soltan paylaşımında qeyd edib ki, ailə 17 aydır bir-biri ilə görüşə bilmir və iki dəfə alınan aviabiletlər istifadə olunmadan qüvvədən düşüb.
O, həmçinin vəkilə qeyri-rəsmi şəkildə “gedib Avropada çıxış etməsin” deyildiyini iddia edib və qadağanın bacısı Aytac Tapdığın jurnalist fəaliyyəti ilə əlaqələndirildiyini bildirib.
“Bu, sadəcə siyasi məhbus ailəsinə qarşı təzyiqdir”, – deyə o vurğulayıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Bundan əvvəl də həbsdə olan bəzi jurnalist və ictimai fəalların yaxınlarının oxşar məhdudiyyətlərlə üzləşdiyi barədə məlumatlar yayılıb.
“Meydan TV işi” üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Ümüdova və Ülvi Tahirov 2024-cü ilin dekabrında saxlanılıblar.
2025-ci ildə isə Şəmşad Ağa, Fatimə Mövlamlı, Nurlan Libre (Qəhrəmanlı), Ülviyyə Əli (Quliyeva) və foto-müxbir Əhməd Muxtar həbs olunub.
Onlara əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham irəli sürüldüyü, sonradan isə ittihamların ağırlaşdırıldığı bildirilir.
Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı siyasi sifariş olduğunu bəyan edirlər.