Azərbaycan-Rusiya gərginliyi fonunda Bakıda saxlanılan daha iki Rusiya vətəndaşına hökm oxunub

Azərbaycan-Rusiya gərginliyi fonunda Bakıda saxlanılan daha iki Rusiya vətəndaşına hökm oxunub
13 May 2026
Mətni dəyiş

Azərbaycanla Rusiya arasında son illərdə dərinləşən siyasi və diplomatik gərginlik fonunda Bakıda saxlanılan Rusiya vətəndaşları ilə bağlı növbəti məhkəmə hökmü çıxarılıb.

Mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində rusiyalı informasiya texnologiyaları mütəxəssisləri İqor Zabolotskiy və İlnur Valitov 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamı irəli sürülüb. İstintaqın iddiasına görə, onlar kibercinayətkarlıq yolu ilə əldə olunmuş 98 min manat vəsaiti leqallaşdırıblar.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərin 4 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Bundan əvvəl - aprelin 22-də rusiyalı sahibkar və proqramçı Aleksandr Vaysero da çirkli pulların yuyulması ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Zabolotskiy və Valitov digər Rusiya vətəndaşları - sahibkarlar, İT şirkətlərinin əməkdaşları və turistlərlə birlikdə saxlanılmışdılar. Onlar İrandan narkotik vasitələrin qaçaqmalçılığı və kibercinayətlərdə ittiham olunurlar. Rusiyalılara həbs qətimkan tədbiri seçilən məhkəmə prosesində onların üzərində ağır zorakılıq izlərinin olduğu diqqət çəkmişdi.

“Novaya Yevropa” nəşri apreldə Azərbaycan istintaqının saxlanılan Rusiya vətəndaşlarını iki qrupa böldüyünü yazmışdı. Birinci qrupa Sergey Sofronov, Dmitri Bezuqlıy, İlya Bezuqlıy, Aleksey Vasılçenko, Valeri Dulov, Anton Draçyov, Dmitri Fyodorov və Boris Timaşov daxil edilib. Onlar narkotik vasitələrin dövriyyəsində ittiham olunurlar.

İkinci qrup isə kiberdələduzluqda ittiham edilir. Nəşrin məlumatına görə, bu qrupa Aleksandr Vaysero, İqor Zabolotskiy və adı daha əvvəl mediada hallanmayan İlnur Valitov daxil edilib.

Azərbaycan və Rusiya arasında münasibətlər 2025-ci ilin iyunun sonunda Yekaterinburqda etnik azərbaycanlılara qarşı zorakılıqla müşayiət olunan reydlərdən sonra daha da kəskinləşib. Həmin əməliyyatlar zamanı iki azərbaycanlı ölüb, 50-dən çox şəxs saxlanılıb.

Rusiya İstintaq Komitəsi Ziyəddin və Hüseyn Səfərov qardaşlarının ürək çatışmazlığından öldüyünü açıqlasa da, Azərbaycanın məhkəmə-tibbi ekspertləri onların çoxsaylı xəsarətlər nəticəsində həyatını itirdiyini bildirib. Reydlərin 10-20 il əvvəl törədilmiş sifarişli qətllərin araşdırılması çərçivəsində keçirildiyi qeyd olunub.

Həlak olan Ziyəddin və Hüseyn Səfərov qardaşları 2001-ci ildə törədilmiş qətldə iştirakda şübhəli bilinirdilər. Mart ayında həmin qətlin təşkilində ittiham olunan “Azərbaycan-Ural” milli-mədəni təşkilatının rəhbəri Şahin Şıxlinski məhkum edilib.

Yekaterinburqdakı reyddən sonra Bakıda “Sputnik Azərbaycan”ın direktoru İqor Kartavıx və baş redaktor Yevgeni Belousov da həbs edilmişdi. Onlar Rusiya və Azərbaycan prezidentlərinin köməkçiləri Yuri Uşakov və Hikmət Hacıyevin apardığı danışıqlardan sonra oktyabr ayında azadlığa buraxılıblar.

Bu hadisələr Bakı ilə Moskva arasında onsuz da gərgin olan münasibətlər fonunda baş verib. 2024-cü ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin Qroznı üzərində vurulmasından sonra tərəflər arasında münasibətlər daha da pisləşib. Rəsmi Bakı Moskvadan üzr istənilməsini, kompensasiya ödənilməsini və günahkarların cəzalandırılmasını tələb edib.

2025-ci il oktyabrın 9-da Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin görüşü münasibətlərdə nisbi yumşalma kimi qiymətləndirilib. Rusiya prezidenti Vladimir Putin təyyarə qəzası ilə bağlı üzr istədiyini xatırladıb və kompensasiyanın ödəniləcəyini bildirib.

2026-cı ilin aprelində isə Rusiyanın kompensasiya ödəməyə hazır olduğu açıqlanıb.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun