Samirə Qasımlı: “Umbakı təcridxanasında Azər Qasımlının saxlanıldığı kameraya ağır Hepatit C xəstəsi yerləşdirilib”

Samirə Qasımlı: “Umbakı təcridxanasında Azər Qasımlının saxlanıldığı kameraya ağır Hepatit C xəstəsi yerləşdirilib” Foto: Sosial Media
12 May 2026
Mətni dəyiş

Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru, siyasətçi Azər Qasımlının saxlanıldığı Umbakı Penitensiar Kompleksində məhbusların saxlanma şəraitinin pozulduğu bildirilir.

Bu barədə onun həyat yoldaşı Samirə Qasımlı sosial şəbəkədə paylaşım edib.

Samirə Qasımlının sözlərinə görə, bir müddət əvvəl Azər Qasımlının saxlanıldığı kameraya ağır Hepatit C xəstəsi olan məhbus yerləşdirilib. O bildirib ki, həm kameradakı şəxslər, həm də Azər Qasımlı həmin şəxsin vəziyyətinin ağır olduğunu əsas gətirərək rəhbərliyə müraciət ediblər.

Azər şəxsən müraciət etmişdi ki, bu adamın ayaqları şiş vəziyyətində (qanqrena əlamətləri) olduğu üçün təcili xəstəxanaya yerləşdirilməlidir və müalicə olunmalıdır”, – Samirə Qasımlı yazıb.

Onun sözlərinə görə, daha sonra həmin məhbus Penitensiar Xidmətin Tibb Mərkəzinə köçürülsə də, müalicəsi yarımçıq dayandırılaraq yenidən Umbakı təcridxanasına qaytarılıb.

Bir həftədən sonra Tibb Mərkəzində məhbusun dediyinə görə baş həkimin xəbəri olmadan müalicəsi yarımçıq saxlanılaraq rəisin göstərişi ilə yenidən Umbakıya göndərilib”.

Samirə Qasımlı bildirib ki, Ombudsman Aparatına edilən müraciətdən sonra nümayəndələr Azər Qasımlı ilə görüşüb və məsələ onların diqqətinə çatdırılıb. O qeyd edib ki, daha sonra Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin əməkdaşları xəstənin vəziyyətini ağır qiymətləndirərək onun xəstəxanaya yerləşdirilməli olduğu qənaətinə gəliblər.

Buna baxmayaraq, Umbakı təcridxanasının rəhbərliyi tərəfindən təkcə xəstə üçün deyil, eyni zamanda onun yanındakı sağlam adamlar üçün yaranmış təhlükəli vəziyyət gözardı edilir”, - Samirə Qasımlı yazıb.

Paylaşımda Umbakı təcridxanasında saxlanma şəraitinin “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”na zidd olduğu da bildirilib. Samirə Qasımlının sözlərinə görə, 4 nəfərlik kamerada 6 nəfər saxlanılır və məhbusların təmiz hava alma imkanları məhdudlaşdırılır.

Azərin saxlanıldığı kamera 4 nəfərlik olduğu halda bura 6 nəfər yerləşdirilib, hələ üstəlik bu sıxlığa Hepatit C kimi ağır xəstə gətirilib.

Bu da azmış kimi kameranın içindəki gəzinti yeri gün boyu qapalı saxlanılır, yalnız bir neçə saatlıq açılıb bağlanılır. Sual olunur, əgər bu kiçicik təmiz hava udmaq yeri kameranın içindədirsə, onu bağlı saxlamağın məntiqi nədir?

Mən hələ demirəm ki, rəhbərliyin özünün də istinad etdiyi qanun və qaydalar hər bir məhbusun gün ərzində təmiz hava alması üçün təcridxana rəhbərliyinin qarşısında öhdəlik qoyub”,– o bildirib.

O, həmçinin Azər Qasımlının iki aya yaxındır isti yeməkdən məhrum olduğunu yazıb. Bildirilib ki, kameraya yemək qızdırıcısının buraxılması ilə bağlı müraciət edilsə də, buna icazə verilməyib.

Kamerada yemək qızdırıcısı olmadığından evdən aparılan yeməkləri soyuq şəkildə yeməyə məcbur qalıb. Hətta rəhbərliyə müraciət edildi ki, kiçik qazan formalı mikrodalğalı qızdırıcının kameraya buraxılmasına icazə verilsin. Lakin rəhbərlik bununla da razılaşmadı. Məsələ burasındadır ki, istinad edilən qanun və qaydalarda qeyd edilən “İstintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların” siyahısında olmayan əşyalar qadağan edilə bilməz. Əgər qadağan olunan əşyaların siyahısında mikrodalğalı qızdırıcının adı qeyd edilməyibsə, hansı istinadla o, qadağan edilə bilər?

Samirə Qasımlı paylaşımında Ombudsman Aparatının nümayəndələrinin də Umbakı müəssisəsində təcridxana ilə həbsxana rejiminin qarışdırıldığı barədə fikir bildirdiyini vurğulayıb.

“Halbuki, təcridxanadakı məhbus hökmü qüvvəyə minmiş cinayətkar yox, təqsirləndirilən şəxsdir”, – paylaşımda qeyd olunub.

Sonda o, Ədliyyə Nazirliyini və Penitensiar Xidməti məsələyə reaksiya verməyə çağırıb.

Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb və 2026-cı il martın 11-də 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələbetmə) ilə təqsirli bilinib.

İttihama görə, Azər Qasımlı Qurbanəli Yusifovu övladını qaçırmaq və atasını öldürmək hədəsi ilə pul verməyə məcbur edib. O isə ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Hazırda onun şikayətinə Apellyasiya Məhkəməsində baxılır. Növbəti məhkəmə prosesinin mayın 14-nə təyin olunduğu bildirilir.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun