Ötən həftə Cənubi Qafqaz regionunun gündəmi Yerevanda baş tutmuş Avropa sammitlərinin mesajları ilə doldu. Avropanın bir sıra siyasi liderləri həm Ermənistana, həm də Azərbaycana səfər etdilər. Müşahidə olunan vəziyyət onu deməyə əsas verir ki, Cənubi Qafqaz Avropa Birliyi siyasətində əsas maraq hədəfi kimi ortaya çıxmaqdadır və bu proses getdikcə daha da intensivləşir.
İlk baxışdan bu diplomatik aktivliyin regionda sülh prosesinə dəstək vermək və Avropanın Cənubi Qafqazdakı rolunu gücləndirmək məqsədi daşıdığı görünür. Belə bir vəziyyət regionu özünün maraq dairəsi elan edən Rusiyanın diqqətindən kənar qala bilməz və Moskvanın Ermənistandakı seçkilərlə bağlı hazırladığı planlar regionda yayın gərgin keçəcəyindən xəbər verir.
Qarşılıqlı “ehtiyatlı” müharibə ritorikaları
Ötən həftə Yerevanda keçirilən Avropa sammitləri çərçivəsində səsləndirilən fikirlər əsasən iki ölkə arasında sülhün artıq faktiki mövcud olması və bu prosesin yeni - müzakirələr və qərarlar mərhələsinə qədəm qoyması ətrafında gedirdi.
Bəlli olduğu kimi, 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanmış sülh bəyannaməsi və TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) dəhlizi layihəsi bu sammitlərin əsas müzakirə fonunu təşkil edib. Avropa tərəfi Orta Dəhliz layihəsi çərçivəsində Cənubi Qafqazın təhlükəsiz zonaya çevrilməsində maraqlı görünür və bu sammitlər həmin dəstəyin nümayişi hesab edilir. Bəzi müşahidəçilərin fikrincə, belə diplomatik aktivlik sülh müqaviləsinin 2026-cı ilin sonuna qədər tam imzalanması ehtimalını xeyli artırır.
Bununla belə, Azərbaycan hələ də Ermənistandan konstitusiya dəyişikliyi etməsini və Azərbaycana qarşı ərazi iddialarını rəsmən ləğv etməsini gözləyir. Bu, sülh müqaviləsinin tam imzalanması üçün sonuncu böyük şərt hesab olunur. Tərəflər arasında sülh sazişinin imzalanması perspektivləri müzakirə mövzusu olduğu bir dövrdə hər iki tərəfin siyasi liderləri ehtiyatla müharibə təhlükəsi barədə açıqlamalar verməkdə davam edirlər.
Bu tip ritorikalar kökünü Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri və bu seçkilərdə rusiyayönümlü revanşist qüvvələrin qələbə əldə etməsi mümkünlüyünə dair ssenarilərdən götürür.
Dünən – mayın 10-da prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə açıq şəkildə bəyan edib ki, “nə qədər ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də biz ayıq olmalıyıq”. Əliyev söhbəti Avropa Birliyinin Ermənistandakı müşahidəçiləri ilə əlaqələndirib.
“Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri guya ki, keşik çəkirlər. Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq. Özünü Ermənistandakı bu tədbirdə yenə də yalançı qəhrəman kimi göstərmək ki, guya onlar Azərbaycanın qabağını alıblar, yoxsa bu aqressiv, təcavüzkar Azərbaycan Ermənistanı məhv edəcəkdi, hamısı cəfəngiyyatdır. Bizim belə niyyətimiz olmayıb, yoxdur və olmayacaq, əgər bizə qarşı yenidən təxribat törədilməsə. Ancaq biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq”, - deyə o bildirib.
Mayın 10-da xarici işlər naziri Ceyhun Bayramov da jurnalistlərə açıqlamasında deyib ki, iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri bu ölkənin siyasi gələcəyi baxımından əhəmiyyət daşıyır. Onun sözlərinə görə, faktiki olaraq hökumətin formalaşması bu seçkilərin nəticələrindən asılıdır və orada gərgin mübarizə gedir:
“Fərqli siyasi qruplar seçkiqabağı kampaniya dövründə müxtəlif vasitələrdən istifadə edir. Əfsuslar olsun ki, Ermənistanda hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var və onlar bu istiqaməti seçkiqabağı kampaniya zamanı açıq şəkildə nümayiş etdirirlər”.
Bayramov onu da əlavə edib ki, “Azərbaycan regionda lider dövlət kimi milli maraqlarına uyğun siyasət yürütməyə davam edəcək”,
Maraqlıdır ki, revanşizmlə bağlı xəbərdarlığı Ermənistan parlamentinin spikeri Alen Simonyan ötən həftə Almaniyanın “Deutsche Welle” informasiya resursunun rus bölməsinə müsahibəsində də edib.
Simonyan bildirib ki, Ermənistan vətəndaşları iyunun 7-dəki seçkinin müharibə ilə sülh arasında, amorf ölkə ilə real ölkə arasında seçim olacağını bilirlər.
Simonyan “amorf ölkə” deyərkən söhbətin “özünə Türkiyədən, Gürcüstandan və Azərbaycandan kiçik əraziləri daxil edən” ölkədən getdiyini bildirir. Onun sözlərinə görə, Ermənistanın nə vaxtsa yaranmış siyasi vəziyyətdən istifadə edərək və ya Rusiya ilə birləşərək hansısa torpaqları geri qaytarmaq perspektivləri barədə söhbətlər cəfəngiyyatdır və bunun heç bir mənası yoxdur.
Qarabağ məsələsinin Ermənistan və Azərbaycan üçün tələ olduğunu bəyan edən Simonyan bildirib ki, “Dağlıq Qarabağı hərəkatı”nın səhifəsi bağlanılıb və Ermənistan bu məsələyə qayıtmamalıdır.
“Bu, yeganə düzgün yoldur”, - deyə o bildirib.
Bu ilin əvvəllində Ermənistanın Xarici Kəşfiyyat Xidməti tərəflər arasındakı hərbi-siyasi niyyətləri nəzərə alaraq 2026-cı ildə hərbi eskalasiyanın baş verməsinin “çox az ehtimal olunduğu”nu bəyan edib, amma mövcud olan bir sıra proseslər, o cümlədən Ermənistanda qarşıdakı seçki ətrafında bəyanatlar tərəflər arasında sülh prosesinin kövrək olması və onun çoxsaylı amillərdən asılı olması qənaətinə gəlməyə imkan verir.
Nəzərə alınmalıdır ki, Ermənistana bağlı çoxsaylı informasiya resursları, xüsusilə də sosial şəbəkələr daha çox anti-Paşinyan xarakterli məlumatlar, informasiyalar yaymaqda maraqlıdırlar. Görəsən, bu prosesin Rusiyaya bağlılığına dair ehtimallar nə dərəcədə əsaslıdır?
Rusiyanın “anti-Paşinyan” planı
İsveçdə yerləşən müstəqil rəqəmsal media platforması “Blankspot” mayın 9-da etibarlı mənbə vasitəsilə Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqəli “2026-cı il üçün “Anti-Paşinyan” istiqamətində iş proqramı” adlı sənəd əldə edib.
Sənəddə həm əsas məqsədlər, həm də işin necə aparılacağına dair konkret metodlar göstərilir. Platforma qeyd edir ki, bu proqramın məqsədi sosial şəbəkələrdə hökumət əleyhinə narrativlərin sayını artırmaq və nəticədə Ermənistan hökumətinin populyarlığını azaltmaqdır.
Digər məsələlərlə yanaşı, sənəddə əsas məqsədin seçkilərin şəxsən Baş nazir Nikol Paşinyan əleyhinə etimad səsverməsi kimi təqdim etmək olduğu bildirilir. Həmçinin, 7 iyun parlament seçkilərindən əvvəl mövcud Ermənistan hökumətinin təsirini məhdudlaşdırmaq səyləri təsvir olunur. Digər məqsəd isə Paşinyanın “siyasi imicinin” səsvermədən əvvəl dəyişməsinin və ya “modernləşdirilməsinin” qarşısını almaqdır.
Lakin sənəddə Rusiyanın Ermənistanda hansı müxalifət partiyasına üstünlük verdiyi göstərilmir. Bunun əvəzinə, ictimai rəyə təsir etmək üçün istifadə ediləcək vasitələr təsvir olunur.
Təkliflər arasında sosial mediada Rusiya ilə əlaqəli narrativlərin mövcudluğunu 2025-ci ilin payızı ilə müqayisədə üç dəfə artırmaq - gündə bir milyon baxışdan üç milyon baxışa qədər - planı da var. Sənədə əsasən, Rusiya ilə əlaqəli şəbəkədə rəy formalaşdıranların sayı 15 nəfərdən 40 nəfərə qədər artırılacaq. Sənəddə daha sonra bildirilir ki, bu rəy formalaşdıranlardan ən görkəmliləri seçkilərdən əvvəl müxalifət partiyalarında seçilə bilən vəzifələrə təyin olunacaqlar.
“Anti-Paşinyan proqramı” həmçinin sosial mediada “saxta bayraq” kampaniyaları (günahı başqasına atmaq), hakim partiyanın seçki kampaniyası işçilərinə qarşı hədəflənmiş şərh kampaniyaları və seçki kampaniyası zamanı eksklüziv məzmun yaratmaq üçün xüsusi “səlahiyyətli qruplar”ın (stringer qrupları) yaradılmasını əhatə edir.
“Blankspot” sənədin həqiqiliyini və mənşəyini yoxlaya bilib, lakin bu strategiyanın nə dərəcədə həyata keçirildiyini və ya onun seçkilərdən əvvəl Rusiyanın Ermənistanla bağlı addımlarına nə dərəcədə təsir etdiyini müəyyən etmək mümkün olmayıb.
“Sənədin bir neçə aspekti Ermənistandakı son hadisələrlə uyğun gəlir”, - deyə müəllif qeyd edir.
Sənədin yoxlanılması zamanı “Blankspot” onun Rusiya kəşfiyyat xidmətlərində fəaliyyət göstərən bir şəxsin 2026-cı ilin mart ayından əvvəl, üçüncü tərəfin haker hücumuna məruz qalmasından sonra əldə edilən materiallardan qaynaqlandığını müəyyən edib. Onun Ermənistandakı fəaliyyəti sənədin məzmununu əks etdirir.
Ermənistanda həmin şəxs konfranslarda və seminarlarda iştirak edib, müxalifət siyasətçiləri ilə görüşüb və ölkənin siyasi inkişafı ilə bağlı mediada tez-tez şərhlər verib.
“Mesaj adətən eyni olub: Ermənistan Rusiyadan üz döndərməklə təhlükəli bir yola gedir”, - deyə “Blankspot” bildirir.
“Stockholm Azad Dünya Forumu” beyin mərkəzinin baş elmi işçisi və Rusiyanın təsir əməliyyatları üzrə ekspert Patrik Oksanen “Blankspot”un əldə etdiyi sənədin məzmununun İsveçin Lund Universitetinin Psixoloji Müdafiə İnstitutunun hesabatı ilə tam uyğun olduğunu bildirib:
“Sənəddən aydın olur ki, Rusiya təsiri əsasən klassik mənada təbliğatla bağlı deyil. Bu, sosial mühəndisliklə - cəmiyyətdə inamsızlıq, qütbləşmə və təslimçilik yaratmaqla bağlıdır”.
Oksanen strategiyanın yeni olmadığını iddia edərək bildirib ki, Rusiya təkcə insanların nə düşündüklərinə deyil, həm də necə reaksiya verdiyinə, hiss etdiyinə və siyasi cəhətdən necə davrandığına təsir etməyə çalışır.
“Sovet dövründə bu, refleksiv nəzarət kimi tanınırdı və demək olar ki, müasir reklam kampaniyaları və ya psixoloji əməliyyatlar kimi yüksək sistemli, məlumatlara əsaslanan və mütəşəkkil şəkildə həyata keçirilir. Ermənistan hadisəsi bunun daha bir təsdiqidir”, - deyə o qeyd edib.
Oksanen həmçinin xəbərdarlıq edib ki, Rusiya təsirinə qarşı mübarizə aparmaq üçün istifadə edilən ənənəvi metodlar - Qərbin dayanıqlığını bilik, faktların yoxlanılması və kibertəhlükəsizliyin artırılması yolu ilə gücləndirmək tam təsirli olmayıb. O hesab edir ki, indi Qərb əlavə metodları nəzərdən keçirməlidir.
Rusiyanın “Doppelgänger” kampaniyası
Lund Universitetinin Psixoloji Müdafiə İnstitutunun 2025-ci ildəki hesabatında tədqiqatçılar Ceyms Pamment və Darejan Tsurtsumia sızdırılmış sənədlərə əsaslanaraq, Rusiyanın qondarma “Doppelgänger” kampaniyası vasitəsilə dezinformasiya siyasətini araşdırıblar. Onlar həmçinin bunun arxasında duran əsas aktyorlardan biri olan Sosial Dizayn Agentliyinin (SDA) imkanlarını təhlil ediblər. (“Doppelgänger” (Alman dilindən: ikiqat, bənzər və ya oxşar deməkdir) kampaniyası, əsasən markaların öz rəqiblərinə qarşı və ya ictimai rəyi dəyişdirmək üçün istifadə etdiyi, rəqibin imicinə çox bənzəyən, lakin əslində ona zidd mesajlar daşıyan bir parodiya və ya əks-təbliğat marketinq strategiyasıdır).
Bəlli olub ki, 2022-ci ildə Rusiya aktyorları Ukraynaya beynəlxalq dəstəyi zəiflətmək, Rusiyayönlü narrativləri təbliğ etmək və qondarma “Doppelgänger” kampaniyası vasitəsilə Qərb demokratiyalarında inamsızlıq yaratmaq məqsədi ilə hərtərəfli və əlaqələndirilmiş təsir kampaniyası başladıb. Kampaniyada tanınmış xəbər mediasına bənzəyən saxta veb saytlardan istifadə olunurdu, arxasında Rusiya dövləti ilə sıx əlaqələri olan təşkilatlar, o cümlədən SDA təşkilatı dayanırdı.
Hesabatda 3000-dən çox sızdırılmış sənədə əsaslanaraq SDA-nın işi və imkanları haqqında ilk ətraflı məlumat verilir və bu qurumun Rusiyanın Qərbə qarşı maliyyələşdirdiyi və uzunmüddətli informasiya müharibəsindəki aktyorlardan biri olduğu qeyd edilir.
O da vurğulanır ki, SDA-nın “Doppelgänger” kampaniyasının təsiri şişirdilir və əks tədbirlər nəzərdə tutulan effekti vermir. Hesabatda müəlliflər ortada olan təcrübələrə istinadən demokratiyaların lazımsız informasiya təsirinə qarşı mübarizə aparmaq qabiliyyətlərini necə gücləndirə biləcəkləri ilə bağlı bir sıra tövsiyələr təqdim edirlər.
Moldovadan sonra Ermənistan?
“Blankspot” platforması xatırladır ki, Ermənistanda Rusiyanın təsiri ilə bağlı müzakirələr yerli hökuməti Moskvanın təsirinə qarşı mübarizə aparmaq üçün 2025-ci ilin dekabr ayında Avropa Birliyindən yardım istəməyə vadar edib. Belə ki, AB ötən ilin sentyabrında Moldovada keçirilən parlament seçkilərində eyni tipli dəstək göstərmişdi.
AB-nin baş diplomatı Kaya Kallas ötən ilin dekabrında bildirib ki, 2026-cı il parlament seçkilərindən əvvəl Ermənistan “AB-nin Moldovaya verdiyi kimi, zərərli təsirlə mübarizə aparmaq üçün oxşar yardım” istəyib. Kallas qeyd etmişdi ki, Ermənistanda “dezinformasiya kampaniyaları”nın arxasında duran aktyorlar “Rusiya və onun təmsilçiləri”dir.
“Biz Moldovada istifadə edilən eyni şəbəkələri görürük, yəni ssenari eynidir. AB-nin maliyyələşdirilməsi bu cür təsirləri aşkar etməyə və onlara cavab verməyə kömək edəcək”, - deyə Kallas bildirib.
Avropa Birliyi rəsmilərinin ehtimalına görə, oxşar şübhələr 2024-cü il seçkiləri zamanı AB-nin xüsusi dəstək tədbirlərinin dəvət olunmadığı qonşu Gürcüstanla bağlı olub.
Avropa Birliyinə üzv ölkələrin səfirləri aprel ayında Brüsseldə Ermənistana yeni mülki missiyanın göndərilməsi ilə bağlı qərar qəbul ediblər. 20-30 beynəlxalq əməkdaşdan ibarət “Avropa Birliyinin tərəfdaşlıq missiyası” adlı qrup Ermənistanda fəaliyyət gəstərəcəyi iki il müddətində digər istiqamətlərlə yanaşı Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirməli, nazirliklərə və təhlükəsizlik sahəsində fəaliyyət göstərən qurumlara strateji və praktiki məsləhət və dəstək verməlidir. Bu məsləhətlər siyasətlərin hazırlanması, xarici informasiya manipulyasiyalarının aşkarlanması və onlara cavab verilməsi, kibercumlar, həmçinin qanunsuz maliyyə axınları üzərində cəmlənəcək.
Beləliklə, aydın görünür ki, missiyanın məqsədlərindən biri “Rusiyanın sabitliyi pozan fəaliyyətlərini azaltmaq və neytrallaşdırmaq”dır.
Karapetyanın “imitasiya ordusu”
Aprel ayının sonlarında ABŞ senatorlarından ibarət qrup “Meta” və “Alphabet” şirkətlərinə məktub yazaraq onlardan Ermənistan parlament seçkiləri ərəfəsində “Rusiya dezinformasiyasına qarşı mübarizə” üçün çalışmalarını xahiş edib. Məktublarda şirkətlərə 2025-ci il Moldovanın seçkilərində Rusiyanın dəstəklədiyi oxşar hərəkətlərə qarşı mübarizə tədbirlərinə görə təşəkkür edilib və Rusiyanın Ermənistanın seçkilərinə təsir göstərmək üçün Moldovadakı hərəkətlərini yenilədiyini bildiriblər.
Ermənistan fakt yoxlayıcıları həmçinin xarici mənbələrdən artan miqdarda dezinformasiya gəldiyini, bəzilərinin Rusiyaya gedib çıxdığını, o cümlədən mövcud hakimiyyəti və onların siyasətini nüfuzdan salmağa çalışan məzmunun olduğunu bildiriblər.
Zukerberqə ünvanlanan məktubda senatorlar “seçkilərin Ermənistanın gələcəyini müəyyən etmək üçün həlledici əhəmiyyət kəsb etdiyini, Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının əsas komponenti olan flaqman Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) da daxil olmaqla regional sülh təşəbbüslərinin və əlaqə layihələrinin nəticəsini müəyyən edəcəyini” bildiriblər.
Hər iki məktubda Ermənistan vətəndaş cəmiyyəti qrupu olan Məlumatlı Vətəndaşlar Birliyinin “Meta” və “Alphabet” platformalarının seçkilər dövründə “manipulyasiya məzmunu” yaymaq üçün istifadə edildiyi barədə nəticələrinə istinad edilib. Bundan əlavə, Zukerberqə ünvanlanan məktubda senatorlar qrupunun Rusiya Federasiyasında “əhəmiyyətli yüksək vəzifəli xarici siyasi fiqur və ya oliqarx” kimi göstərilən rus-erməni oliqarxının idarə etdiyi “koordinasiyalı saxta davranış”ın sənədləşdirildiyi qeyd olunub.
Aprel ayında “Meta” Ermənistanda saxta hesab edilən təxminən 70 “Facebook” hesabı və səhifəsini bağlayıb. Ermənistanın “Media.am” resursunun aprel ayında apardığı araşdırmalar göstərib ki, 18 fevral 2026-cı ildə “Facebook”da Ermənistan hökumətinə, xüsusən də Nikol Paşinyan və onun ailə üzvlərinə qarşı sistemli şəkildə əks-təbliğat aparan və iş adamı və “Güclü Ermənistan” partiyasının baş nazirliyə namizədi Samvel Karapetyana dəstək imitasiyası yaradan aşağıdakı 17 səhifə yaradılıb.
Bu səhifələrin dərc etdiyi videoları yüzlərlə saxta hesab yayır, bunlardan təxminən 60-nı “Media.am”ın fakt yoxlama qrupu olan “Checked” müəyyən edilib. Videoların birində insanların Nikol Paşinyanı seçməklə Azərbaycan prezidenti İlham Əliyevə səs verəcəkləri iddia edilib. Mart ayının əvvəlindən bəri səhifələr süni intellektin yaratdığı, əsasən Nikol Paşinyan və Anna Hakobyanı hədəf alan, eləcə də Paşinyanı Samvel Karapetyanla müqayisə edən videoları daha aktiv şəkildə yayır. “Media.am” bildirir ki, videoların birində guya Azərbaycan qoşunlarının Yerevana hücum etdiyi əksini tapıb.
Nəşr qeyd edir ki, saxta hesabların əksəriyyəti bir-birinin “dost siyahısı”ndadır. Onlar media şərhləri bölməsində Samvel Karapetyanı və onun rəhbərlik etdiyi qüvvəni fəal şəkildə dəstəkləyir, eləcə də mövcud hökuməti tənqid edirlər. Maraqlıdır ki, saxta hesabların əksəriyyəti yeni deyil, 2023-cü ilin avqust-sentyabr aylarında yaradılıb.
“Beləliklə, Samvel Karapetyanın və onun komandasının xeyrinə işləyən və hökuməti fəal şəkildə tənqid edən saxta səhifələr və istifadəçi hesablarından ibarət “ordu” yaradıldığını qeyd edə bilərik. Bunlar ictimai dəstəyin imitasiyasını yaradır”, - deyə nəşr qeyd edir.
Kibertəhlükəsizlik analitikləri həmçinin Rusiyanın Ermənistana qarşı “fişinq hücumları” həyata keçirdiyini də qeyd ediblər.
“Rusiyayönlülər seçkini uduzacaq”
Ermənistanlı politoloq Mikayel Zolyan isə hesab edir ki, hazırda Ermənistanın siyasi meydanında mübarizə hazırda iki əsas istiqamətdə gedir:
“Ermənistanın öz resurslarına güvənməsi və xarici “böyük qardaşın” müdaxiləsini gözləmək”.
Ermənistan mediasına müsahibəsində ekspert bildirib ki, rusiyayönümlü qüvvələrin hakimiyyətə gəlmək üçün real şansları yoxdur və Kremlin əsl məqsədi Ermənistanda öz maraqlarını qoruyan güclü bir müxalifət meydanı formalaşdırmaqdır.
Politoloqun bildirir ki, erməni cəmiyyətində Rusiya obrazı artıq müstəmləkəçi kimi qəbul edilməyə başlayıb və bu, rusiyayönümlü qüvvələrin əsas problemidir: “Bu, Rusiya imperiyasıdır ki, müxtəlif adlarla çıxış edə bilər - SSRİ adı ilə, Rusiya Federasiyası adı ilə… Lakin hər halda, bu, bizi manipulyasiya edərək suverenliyimizdən məhrum edən, hisslərimizlə və tarixi travmalarımızla oynayaraq bizi alətə çevirən bir imperiyadır”.
Zolyan düşünür ki, Kreml rusiyayönümlü qüvvələrin hakimiyyətə gəlməsinin hazırda real olmadığını anlayır və real məqsədlər başqadır.
“İlk növbədə, bu qüvvələrin parlamentə daxil olması və orada Rusiyanın maraqlarını qoruyacaq ciddi bir müxalifət kəsimi yaratması realdır. Digər məqsəd parlamentə daha çox avropayönümlü qüvvələrin girməsinə imkan verməməkdir. Gələcəkdə istər küçə hərəkatı, istərsə də hərbi yolla yeni bir çevriliş etməyə çalışsalar, parlamentdə bu cür çevrilişlərə legitimlik qazandıracaq rusiyayönümlü qüvvələrin olması çox vacibdir. Kreml Ermənistan hökumətini zəiflətmək və ikitərəfli münasibətlərdə Ermənistanın mövqelərinin daha zəif olması üçün seçkilərin legitimliyini sual altına qoymağa çalışa bilər”, - deyə o bildirib.
Müəllif: Cəsur Məmmədov
Foto: Nikol Paşinyan