DSX-də artan ölüm halları: Müharibədən sonra nə baş verir?

DSX-də artan ölüm halları: Müharibədən sonra nə baş verir?
29 May 2026
Mətni dəyiş

Mayın 24-də Dövlət Sərhəd Xidmətinin (DSX) Beyləqan rayonunda yerləşən hərbi hissələrindən birində əsgər Ramin Cəbrayılovun həyatını itirməsi ilə bağlı xəbər ictimaiyyətin diqqətini müdafiə və təhlükəsizlik sektoruna, xüsusilə də DSX-də son aylarda qeydə alınan ölüm hallarına yönəltdi. Bu qurumda nə baş verir və hərbçilər hansı səbəblərdən həyatını itirir?

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, 26 yaşlı əsgər Ramin Cəbrayılov ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı indiyədək nə DSX, nə Baş Prokurorluq, nə də Hərbi Prokurorluq rəsmi açıqlama yayıb. Sosial şəbəkələrdə isə Cəbrayılovun ölümü ilə bağlı müxtəlif iddialar səsləndirilir. İddialar arasında onun özünə odlu silahla qəsd etməsi, eləcə də sərhəddə qaçaqmalçılarla baş verən atışma zamanı yaralanaraq həyatını itirməsi ilə bağlı versiyalar yer alır. Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil.

“Abzas Media” məsələ ilə bağlı DSX-yə, Baş Prokurorluğa və Hərbi Prokurorluğa çoxsaylı sualları əhatə edən sorğular göndərib. Məqalə dərc olunanadək həmin sorğulara cavab verilməyib.

Əsgər Cəbrayılov kimdir və niyə ölüb?

Mərhumun yaxınları sosial şəbəkələrdə paylaşdıqları məlumatlarda bildirirlər ki, Ramin Cəbrayılov Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra magistratura təhsili alıb.

Onların sözlərinə görə, təhsilini başa vurduqdan sonra hərbi xidmətə getmək üçün aidiyyəti quruma müraciət edən Cəbrayılov artıq çəkisinə görə bir il müddətində hərbi xidmətə çağırılmayıb, çəkisini azaltdıqdan sonra Qobustan rayonundan hərbi xidmətə yollanıb.

Cəbrayılovun iyul ayında hərbi xidmətdən tərxis olunacağı gözlənilirdi.

Mərhumun yaxınları onun ölümü ilə bağlı yayılan intihar ehtimalına şübhə ilə yanaşdıqlarını bildirirlər.

“Min bir əziyyətlə oxu, təhsil al, Vətənə borcunu ödəmək üçün xidmətə get, amma evinə qayıtmağa bir ay qalmış meyitin gəlsin. Adını da intihar qoysunlar. Niyə belə olur? Yaşamaq, yaratmaq, ölkəyə xidmət etmək arzusu ilə yaşayan 26 yaşlı bir gənc niyə özünə qəsd etsin? Bu, heç inandırıcı görünmür”, – deyə mərhumun yaxınlarından biri sosial şəbəkədə yazıb.

Ramin Cəbrayılovun yas mərasimində videoçəkilişə icazə verilməməsi, həmçinin bu istiqamətdə DSX və polis əməkdaşlarının davranışları mərhumun yaxınlarında əlavə suallar yaradıb. Onlar sosial şəbəkələrdə bu məsələyə aydınlıq gətirilməsini tələb edirlər.

Bu mövzu ilə bağlı paylaşımlardan birində qeyd olunur ki, mərhumun mayın 26-da keçirilən “üç mərasimi”ndə DSX-nin 30-a yaxın yüksək vəzifəli əməkdaşı, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qobustan Rayon Bölməsinin rəisi iştirak edib.

Paylaşım müəllifi iddia edir ki, mərasimdən əvvəl təxminən 20 polis əməkdaşı əraziyə gələrək yas yerini nəzarətə götürüb və bəzi kənd sakinlərinin mərasimdə iştirakına imkan verməyib.

İddiada daha sonra bildirilir ki, mərasim zamanı ağsaqqallarla DSX nümayəndələri arasında söhbət gedərkən iştirakçılardan biri mobil telefonla videoçəkiliş aparıb. Bunun fərqinə varan DSX nümayəndəsinin SHXÇDX rayon bölməsinin rəisinə işarə etdiyi, onun isə çəkiliş aparılan telefonu götürərək videonu sildiyi iddia olunur.

“Əgər burada həqiqətdən söhbət gedirsə, çəkilişdən niyə narahat olurlar?” - deyə mərhumun yaxınlarından biri sosial şəbəkədə sual edib.

Həmin şəxs bildirib ki, hadisənin bütün detalları aydınlaşdırılana və məsul şəxslər müəyyən olunana qədər məsələni gündəmdə saxlayacaqlar.

DSX-də ölümlərin statistikası

Xəzər Hərbi Tədqiqatlar İnstitutununun (XHTİ) kütləvi informasiya vasitələri üzərində apardığı monitorinqin nəticələrinə görə, 2026-cı ildə (27 may tarixinədək) Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda həyatını itirən 20 hərbi qulluqçudan 5-i Dövlət Sərhəd Xidmətinin payına düşür.

Monitorinqə əsasən, bu itkilərin hamısı qeyri-döyüş itkiləri kimi qeydə alınıb.

XHTİ-nin məlumatlarına görə, 2026-cı ildə DSX-də qeydə alınan ölüm halları aşağıdakılardır: 

2 yanvar, 2026-cı il - Şamo Emin oğlu Əliyev, baş leytenant (1988-ci il təvəllüdlü, Ağdam rayonunun Çəmənli kəndindən), DSX-nin Yevlax rayonunda yerləşən hərbi hissə də özünü silahla vurub. Zabit ailəli olub, uşaqları var, rəsmi məlumat yayılmayıb.

10 aprel, 2026-cı il - Əsəd Surac oğlu İsmayıllı (18 yaş), Sərhəd Qoşunları Akademiyasının birinci kursu, intihar, rəsmi məlumat yayılmayıb.

12 may, 2026-cı il - Hüseyn Həmzə oğlu Əsədov, 20 günün əsgəri, DSX-nin hərbi qulluqçusu, ürək xəstəliyi, rəsmi məlumat yayılmayıb.

18 may, 2026-cı il - Məzahir Qurbanəli oğlu İslamov, kursant, DSX Xüsusi Məktəbinin 10-cu sinfi, intihar ehtimalı, rəsmi məlumat yayılmayıb.

25 may, 2026-cı il - Ramin Cəbrayılov, əsgər, DSX-nin hərbi qulluqçusu, iyul ayında hərbi xidmətdən tərxis olunacaqdı, intihar və yaxud güllələnmə ehtimalı, rəsmi məlumat yayılmayıb.

XHTİ Dövlət Sərhəd Xidmətinin itkilərini 2020-ci il Qarabağ müharibəsindən əvvəlki (2014–2019) və sonrakı (2021–2026) iki altıillik dövr üzrə müqayisəli statistik formada təqdim edib. Bu müqayisədə 2020-ci il keçid nöqtəsi kimi götürülüb. Bunun əsas səbəbi həmin il üzrə DSX-nin döyüş və qeyri-döyüş itkilərini bir-birindən ayırmağın mümkün olmamasıdır.

“Abzas Media” bu statistikanın arxasında duran detalları araşdırmağa çalışıb.

DSX-nin itkiləri: müharibədən əvvəl və sonra

XHTİ-nin təqdim etdiyi statistik məlumatlar DSX-də itkilərin illər üzrə artım dinamikasını müqayisə etməyə imkan verir. 13 illik dövrü əhatə edən rəqəmlər maraqlı tendensiyaları ortaya çıxarır. Qeyd etmək lazımdır ki, 2020-ci ildə baş vermiş döyüş əməliyyatları səbəbindən həmin il üzrə döyüş və qeyri-döyüş itkilərini bir-birindən dəqiq ayırmaq mümkün olmayıb.

DSX-nin rəisi general-polkovnik Elçin Quliyev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib ki, 2020-ci il müharibəsi zamanı DSX-nin 47 hərbi qulluqçusu həlak olub, 197 nəfər isə yaralanıb və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bəs həmin il qeyri-döyüş itkiləri nə qədər olub?

XHTİ-dən bildirilib ki, 2020-ci ildə DSX-də qeyri-döyüş itkilərinin sayını müəyyənləşdirmək praktiki olaraq mümkün olmayıb.

“Təəssüf ki, həmin ildə DSX-nin qeyri-döyüş itkilərinin sayını dəqiqləşdirmək mümkün olmayıb. Bu, həm də müharibə dövründə hərbi məlumatlar üzərində ciddi məxfilik rejiminin tətbiq edilməsi ilə əlaqədar ola bilər”, – deyə institutdan bildirilib.

Bununla belə, 2020-ci ildən əvvəlki altıillik dövrlə (2014–2019) sonrakı altıillik dövrün (2021–2026) müqayisəsi müəyyən nəticələr çıxarmağa imkan verir. Bu müqayisə həm də hərbi itkilərdə müharibə amilinin rolunu daha aydın qiymətləndirməyə şərait yaradır.

XHTİ-nin təqdim etdiyi məlumatlara əsasən, son 13 ildə DSX-də qeydə alınmış itkilər aşağıdakı kimidir: 

Cədvəl 1. 2014–2026-cı illərdə DSX-də hərbi qulluqçu ölümləri

XHTİ eyni zamanda 2021–2026-cı illərdə DSX-də ölüm hallarının səbəbləri üzrə bölgünü də təqdim edib. 

Cədvəl 2. 2021–2026-cı illərdə DSX-də ölümlərin səbəbləri 

DSX-də son 13 ili (2014–2026) əhatə edən statistika hərbi idarəetmənin vəziyyəti, döyüş və qeyri-döyüş itkilərinin strukturu, eləcə də bəzi illərdə müşahidə olunan kəskin artımlar barədə müəyyən təsəvvür yaradır.

Rəqəmlər nəyi göstərir?

Müharibədən əvvəlki və sonrakı dövrlərin müqayisəsi xidmət şəraitində risk faktorlarının əhəmiyyətli dərəcədə dəyişdiyini göstərir.

2014–2019-cu illəri əhatə edən altıillik dövrdə DSX-də ümumilikdə 23 ölüm faktı qeydə alınıb. Bu da illik orta göstəricinin təxminən 3-4 nəfər arasında dəyişdiyini aydın göstərir.

Bu göstəricilər həmin dövrdə DSX-də müharibədən sonrakı dövrlə müqayisədə nisbətən sabit və nəzarət oluna bilən mühitin mövcud olduğunu deməyə əsas verir. “Nisbətən sabit və nəzarət oluna bilən mühit” ifadəsi 2-ci Qarabağ müharibəsindən əvvəlki dövrdə DSX-də hərbi xidmət şəraitini, təhlükəsizlik səviyyəsini və daxili nizam-intizamın vəziyyətini xarakterizə edir.

2021-2026-cı illəri əhatə edən sonrakı altıillik dövrdə isə ümumi itkilərin sayı 83 nəfərə yüksəlib.

Bu artımın izahında döyüş amili müəyyən rol oynasa da, cədvəldə görünən döyüş itkilərinin böyük hissəsi yalnız 2022-ci ilə aiddir. Həmin il bu kateqoriya üzrə 22 ölüm faktı qeydə alınıb.

Belə olan halda sual yaranır: müharibədən sonrakı dövrdə DSX-də ölüm hallarının sayı müharibədən əvvəlki analoji dövrlə müqayisədə necə təxminən 3,6 dəfə artıb?

İşğaldan azad olunmuş ərazilərdə yeni sərhəd xəttinin qorunması, post-müharibə dövrünün yaratdığı əlavə yük və təhlükəsizlik çağırışları bu artımı tam izah etməyə kifayət edirmi? Yoxsa burada xidmət şəraiti və sistemdaxili problemlər də rol oynayır?

XHTİ-nin təqdim etdiyi ikinci cədvəl məhz bu suala cavab axtarmağa imkan verir. Ölüm hallarının səbəblər üzrə bölgüsü hərbi sistemin daxili dinamikasını, idarəetmədəki boşluqları və post-müharibə dövrünün gətirdiyi psixoloji-sosial böhranı ortaya qoyur.  Sözügedən cədvəl göstərir ki, itkilərin əhəmiyyətli hissəsi döyüş şəraitində deyil, xidmət zamanı baş verib.

İlkin hesablamalara görə, 2021–2026-cı illərdə “Erməni gülləsi” (22 nəfər), “Mina” (1 nəfər) və “İran sərhədində əməliyyat” (2 nəfər) kateqoriyaları üzrə qeydə alınan ölüm hallarının ümumi sayı 25 nəfərdir. Bu da ümumi 83 ölüm faktının təxminən 30,12 faizini təşkil edir.

Eyni dövrdə intihar, xəstəlik, bədbəxt hadisə, qətlə yetirilmə və avtoqəza kimi qeyri-döyüş səbəblərindən həyatını itirənlərin sayı 53 nəfər olub. Bu isə ümumi itkilərin təxminən 63,86 faizinə bərabərdir.

Statistik göstəricilər onu göstərir ki, son illərdə DSX-də qeyri-döyüş səbəblərindən baş verən ölüm halları döyüş şəraitində qeydə alınan itkilərdən əhəmiyyətli dərəcədə çoxdur.

Bu tendensiya sərhəd qoşunlarında xidmət şəraiti, psixoloji durum, təhlükəsizlik qaydalarına əməl olunması və daxili nəzarət mexanizmləri ilə bağlı əlavə suallar doğurur.

DSX-də “gizlədilmiş zorakılıq” varmı? 

Cədvəldə diqqət çəkən əsas göstəricilərdən biri intihar halları ilə bağlıdır. XHTİ-nin məlumatlarına görə, 2021–2026-cı illərdə DSX-də 22 hərbi qulluqçu intihar edib.

İntiharların illər üzrə bölgüsü göstərir ki, bu hallar müəyyən dövrlərlə məhdudlaşmır və müxtəlif illərdə təkrarlanır. Belə ki, 2021-ci ildə 5, 2022-ci ildə 4, 2023-cü ildə 4, 2025-ci ildə 5, 2026-cı ilin ilk beş ayı ərzində isə 4 intihar faktı qeydə alınıb. Yalnız 2024-cü ildə monitorinq zamanı intihar halı qeydə alınmayıb.

Bu statistika bir sıra suallar doğurur. Hərbi hissələrdə psixoloji xidmət mexanizmləri nə dərəcədə effektivdir? İntihar hallarının arxasında fərdi səbəblər dayanır, yoxsa xidmət şəraiti və hərbi mühitlə bağlı sistemli problemlər də mövcuddur?

Hərbi sahədə fəaliyyət göstərən ekspertlər uzun illərdir bildirirlər ki, intihar hadisələri yalnız fərdi psixoloji problemlərlə izah olunmur. Bir sıra hallarda bu hadisələr xidmət şəraitində yaranan təzyiqlər, uzunmüddətli psixoloji gərginlik, sosial təcrid və ya qeyri-rəsmi münasibətlər sistemi ilə əlaqələndirilir.

Bu kontekstdə müzakirə olunan anlayışlardan biri də “gizlədilmiş zorakılıq”dır.

“Gizlədilmiş zorakılıq” dedikdə fiziki, psixoloji və ya mənəvi təzyiqin mövcud olduğu, lakin müxtəlif səbəblərdən rəsmi sənədlərdə əksini tapmadığı və ya ictimaiyyətə açıqlanmadığı hallar nəzərdə tutulur. Belə vəziyyətlərdə zərərçəkən şəxslər qorxu, təzyiq və ya sistem daxilindəki münasibətlər səbəbindən şikayət etməkdən çəkinə bilirlər.

XHTİ-nin təqdim etdiyi məlumatlar əsasında birbaşa belə nəticəyə gəlmək mümkün olmasa da, bəzi ekspertlər yüksək intihar göstəricilərinin və səbəbi tam açıqlanmayan ölüm hallarının müəyyən hissəsinin xidmət mühiti ilə əlaqəli ola biləcəyini istisna etmirlər.

Hərbi xidmətlə bağlı əvvəlki araşdırmalarda da qeyri-nizamnamə münasibətləri, qeyri-rəsmi təzyiq mexanizmləri və “dedovşina” kimi tanınan halların mövcudluğu barədə iddialar yer alıb. Belə münasibətlər əsgərlərin psixoloji durumuna mənfi təsir göstərə və uzunmüddətli stress yarada bilər.

Ekspertlərin fikrincə, zorakılıq halları rəsmi sənədlərdə birbaşa qeyd olunmasa belə, onların nəticələri müxtəlif kateqoriyalarda özünü göstərə bilər.

Bunlardan biri intihar hadisələridir. Uzunmüddətli psixoloji təzyiqə və zorakılığa məruz qalan şəxslərin çıxış yolunu intiharda görməsi ehtimalı müxtəlif ölkələrin hərbi sistemləri ilə bağlı araşdırmalarda da qeyd olunur.

Digər ehtimal olunan nəticə qətl hadisələridir. Bəzi hallarda uzun müddət davam edən münaqişələr və ya qarşıdurmalar daha ağır cinayətlərlə nəticələnə bilir.

Eyni zamanda ölüm səbəbinin tam açıqlanmadığı və ya “naməlum” kimi qeyd olunduğu halları da araşdırmaçılar xüsusi diqqətlə izləyir. Belə hallarda ölümün səbəbləri barədə ictimaiyyətə məhdud məlumat verilməsi müxtəlif suallar yaradır.

Hərbi ekspertlər hesab edirlər ki, qapalı sistemlərdə şəffaflığın məhdud olması bu kimi iddiaların araşdırılmasını çətinləşdirir. Bu səbəbdən ölüm halları ilə bağlı məlumatların vaxtında və ətraflı açıqlanması ictimai etimad baxımından mühüm əhəmiyyət daşıyır.

“Xəstəlik” və “bədbəxt hadisə” kateqoriyaları nəyi göstərir?

XHTİ-nin məlumatlarına görə, son altı ildə DSX-də 11 hərbi qulluqçu xəstəlik, 8 nəfər isə bədbəxt hadisə nəticəsində həyatını itirib.

Hərbi xidmət zamanı xəstəlik səbəbindən baş verən ölüm halları tibbi təminatın vəziyyəti, ilkin diaqnostika imkanları və təxirəsalınmaz tibbi yardım sisteminin effektivliyi ilə bağlı suallar yaradır.

Xüsusilə 2021-ci ildə xəstəlik səbəbindən qeydə alınan 4 ölüm faktı diqqət çəkir. Bu dövr işğaldan azad edilmiş ərazilərdə yeni hərbi mövqelərin və sərhəd postlarının formalaşdırıldığı mərhələyə təsadüf edir.

Bədbəxt hadisələr kateqoriyasında qeydə alınan 8 ölüm halına suda boğulma və ildırım vurması kimi hadisələr daxildir.

Statistikaya əsasən, 2023 və 2025-ci illərdə hərəyə bir nəfər suda boğularaq, 2024-cü ildə isə iki nəfər ildırım vurması nəticəsində həyatını itirib.

Bu kimi hallar xidmət şəraitində təhlükəsizlik qaydalarına əməl olunması, risklərin qiymətləndirilməsi və fövqəladə hallara hazırlıq səviyyəsi ilə bağlı suallar doğurur.

Mütəxəssislər qeyd edirlər ki, çətin relyef və iqlim şəraitində yerləşən sərhəd postlarında təhlükəsizlik tədbirləri və müvafiq təlimlər xüsusi əhəmiyyət daşıyır.

Qətl və “naməlum” səbəbli ölümlər

Statistikada diqqət çəkən digər kateqoriyalar qətlə yetirilmə və səbəbi açıqlanmayan ölüm hallarıdır.

XHTİ-nin məlumatlarına görə, 2021–2026-cı illərdə DSX-də 6 nəfər qətlə yetirilib.

Bu hallardan 3-ü 2022-ci ildə, 1-i 2023-cü ildə, 2-si isə 2025-ci ildə qeydə alınıb.

Qətl hadisələri müxtəlif səbəblərlə bağlı ola bilər. Bunlara silahla davranış qaydalarının pozulması, şəxsi münaqişələr, xidmət zamanı yaranan qarşıdurmalar və ya digər kriminal faktorlar daxil ola bilər. Bununla belə, hər bir hadisənin konkret səbəbləri ayrıca istintaq materialları əsasında qiymətləndirilməlidir.

Statistikada yer alan digər diqqətçəkən kateqoriya isə “naməlum” səbəbli ölümlərdir.

Məlumatlara görə, 2021-ci ildə 4, 2022-ci ildə isə 1 ölüm faktı bu kateqoriyada qeydə alınıb.

Ölüm səbəbinin açıqlanmaması və ya ictimaiyyətə təqdim edilməməsi bu hadisələrin araşdırılması ilə bağlı əlavə suallar yaradır. Ekspertlər bildirirlər ki, belə hallarda məlumatların məhdudluğu həm ictimai nəzarəti, həm də hadisələrin müstəqil qiymətləndirilməsini çətinləşdirir.

Şəffaflığın artırılması və ölüm hallarının nəticələrinin ictimaiyyətə təqdim olunması hərbi qurumlara inamın gücləndirilməsi baxımından vacib hesab olunur.

DSX-də ölüm hallarının qarşısını almaq üçün nə etmək lazımdır?

XHTİ-nin təqdim etdiyi statistik məlumatların müqayisəli təhlili göstərir ki, DSX-də ölüm halları ilə bağlı tendensiyalar həm xidmət şəraitinin, həm də daxili nəzarət mexanizmlərinin effektivliyinə dair suallar yaradır.

Məlumatlar göstərir ki, son altı ildə qeydə alınan intihar, xəstəlik, qətl və digər qeyri-döyüş itkiləri hərbi xidmət zamanı təhlükəsizlik məsələlərinin diqqət mərkəzində saxlanılmasını zəruri edir.

Ekspertlər hesab edirlər ki, əsgərlərin təhlükəsizliyinin təmin edilməsi yalnız xarici təhlükələrə qarşı müdafiə tədbirləri ilə məhdudlaşmamalıdır. Eyni zamanda, xidmət mühitində yaranan risklərin, psixoloji problemlərin və mümkün hüquq pozuntularının qarşısının alınması da prioritet istiqamətlərdən biri olmalıdır.

Müharibə başa çatsa da, statistik göstəricilər sərhəd qoşunlarında xidmət şəraitinin və ölüm hallarının səbəblərinin daha dərindən araşdırılmasına ehtiyac olduğunu göstərir.

Bu baxımdan bir sıra institusional və sistem xarakterli tədbirlərin həyata keçirilməsi təklif olunur.

Müstəqil nəzarət mexanizmlərinin yaradılması

Hazırda DSX-nin hərbi hissələrində yaranan problemlərlə bağlı müraciətlərin böyük hissəsi daxili komandanlıq xətti üzrə həyata keçirilir. Ekspertlər hesab edirlər ki, bəzi hallarda bu mexanizm şikayətlərin obyektiv araşdırılmasına mane ola bilər.

Bu səbəbdən bir sıra ölkələrin təcrübəsində olduğu kimi, hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə məşğul olan müstəqil institutun yaradılması təklif edilir.

Belə bir qurumun DSX rəhbərliyindən və Müdafiə Nazirliyindən asılı olmadan fəaliyyət göstərməsi, hərbi qulluqçuların anonim qaydada müraciət etməsinə imkan yaratması və daxil olan şikayətlərin müstəqil şəkildə araşdırılması əlavə nəzarət mexanizmi rolunu oynaya bilər.

Psixoloji xidmət sisteminin yenidən qiymətləndirilməsi

DSX-də son 6 ildə qeydə alınan 22 intihar halının statistikada yüksək paya malik olması psixoloji dəstək mexanizmlərinin effektivliyinin qiymətləndirilməsini aktuallaşdırır.

Mütəxəssislər bildirirlər ki, hərbi qulluqçuların psixoloji vəziyyətinin mütəmadi monitorinqi, risk qrupuna daxil olan şəxslərin vaxtında müəyyənləşdirilməsi və peşəkar psixoloji dəstəyin göstərilməsi vacib məsələlərdəndir.

Xüsusilə çətin şəraitdə xidmət edən şəxslərlə müntəzəm fərdi görüşlərin keçirilməsi posttravmatik stress pozuntusu və digər psixoloji problemlərin erkən aşkar olunmasına kömək edə bilər.

Bir sıra ekspertlər hərbi psixoloqlarla yanaşı, mülki psixoloqların da prosesə cəlb edilməsinin effektiv ola biləcəyini qeyd edirlər.

Video nəzarət və sənədləşdirmə imkanlarının genişləndirilməsi

İntihar, qətl və digər ölüm halları ilə bağlı araşdırmaların operativ aparılması üçün texniki nəzarət vasitələrinin genişləndirilməsi də təklif olunan tədbirlər sırasındadır.

Bu çərçivədə yataqxanalar, yeməkxanalar və ümumi istifadə sahələrinin video nəzarət sistemləri ilə təchiz olunması, xidmət prosesinin müəyyən hissələrinin əlavə sənədləşdirilməsi hadisələrin sonradan araşdırılmasını asanlaşdıra bilər.

Ekspertlərin fikrincə, bu cür sistemlər həm mümkün hüquq pozuntularının qarşısının alınmasına, həm də baş vermiş hadisələrin obyektiv araşdırılmasına yardım edə bilər.

İctimai nəzarətin gücləndirilməsi

Hərbi ekspertlər hesab edirlər ki, qapalı sistemlərdə ictimai nəzarət mexanizmlərinin mövcudluğu şəffaflığın artırılması baxımından əhəmiyyətlidir.

Bu məqsədlə hərbi ekspertlərdən, vətəndaş cəmiyyəti nümayəndələrindən və hərbi qulluqçuların ailə üzvlərindən ibarət ictimai müşahidə mexanizmlərinin yaradılması təklif olunur.

Belə qurumların hərbi hissələrdə xidmət şəraiti, qidalanma, tibbi təminat və sosial-məişət vəziyyəti ilə bağlı monitorinqlər aparması əlavə ictimai nəzarət imkanları yarada bilər.

Tibbi təminat və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi

Statistikada xəstəlik və bədbəxt hadisələr nəticəsində baş vermiş ölüm halları tibbi təminat və təhlükəsizlik tədbirlərinin də diqqət mərkəzində saxlanılmalı olduğunu göstərir.

Ekspertlərin fikrincə, ucqar sərhəd məntəqələrində ilkin tibbi yardım imkanlarının genişləndirilməsi, təxliyə sisteminin təkmilləşdirilməsi və fövqəladə hallara hazırlığın artırılması vacib istiqamətlərdəndir.

Xüsusilə yüksək dağlıq ərazilərdə yerləşən postlarda ildırım təhlükəsinə qarşı müasir qoruyucu sistemlərin quraşdırılması, çay və su hövzələri yaxınlığında xidmət aparan hərbi qulluqçular üçün əlavə təhlükəsizlik təlimlərinin keçirilməsi risklərin azaldılmasına kömək edə bilər.

XHTİ-nin təqdim etdiyi statistika göstərir ki, DSX-də son illərdə qeydə alınan ölüm hallarının böyük hissəsi döyüş əməliyyatları ilə bağlı deyil.

2021–2026-cı illərdə qeydə alınmış 83 ölüm faktının əhəmiyyətli hissəsi intihar, xəstəlik, bədbəxt hadisə, qətl və digər qeyri-döyüş səbəbləri ilə əlaqələndirilir.

Bu göstəricilər xidmət şəraiti, psixoloji dəstək sistemi, tibbi təminat və daxili nəzarət mexanizmlərinin vəziyyətinə dair suallar yaradır.

Mütəxəssislər hesab edirlər ki, ölüm hallarının səbəblərinin tam və şəffaf araşdırılması, nəticələrin ictimaiyyətə açıqlanması, eləcə də hərbi qulluqçuların hüquq və təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılacaq addımlar həm itkilərin azalmasına, həm də ictimai etimadın möhkəmlənməsinə xidmət edə bilər.

Ramin Cəbrayılovun ölümünün səbəbləri ilə bağlı rəsmi açıqlama hələ də verilməyib. Bu və digər oxşar hadisələrin araşdırılmasının nəticələri yalnız konkret bir ölüm faktına deyil, bütövlükdə hərbi xidmət sistemində mövcud problemlərin qiymətləndirilməsinə də təsir göstərə bilər.

Müəllif: Cəsur Məmmədov
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun