Azərbaycan və Ermənistan arasında baş vermiş son qısamüddətli, lakin şiddətli hərbi toqquşmalar Cənubi Qafqazın hərbi-siyasi mənzərəsini köklü şəkildə dəyişib. Otuz ildir qarşıdurma şəraitində olan iki ölkə indi bir-birinin ərazi bütövlüyünü tanımaq mərhələsinə - sülh yoluna qədəm qoyublar. Lakin bu zahiri sakitlik fonunda paralel olaraq başqa bir proses də gedir: Səssiz güclənmə...
Səssiz güclənmə: soyuq müharibə?
Hazırda hər iki tərəf gurultulu bəyanatlar, izahatlar vermədən Silahlı Qüvvələrini yenidən qurur, xarici ölkələrlə hərbi-texniki əməkdaşlıqlarını genişləndirir, yeni silah və hərbi texnika alır, bu istiqamətdə iddialı hərbi büdcə ortaya qoyur.
Rəsmi Yerevan əldə etdiyi silah və hərbi texnika barədə daha əvvəlkitək səs-küylü açıqlamalar vermir, ehtiyatlı taktika nümayiş etdirir. Halbuki 2020-ci il qarşıdurmasından cəmi bir neçə il sonra Ermənistan hakimiyyəti Fransa, Hindistan və ABŞ ilə hərbi əməkdaşlıq perspektivlərini açıq şəkildə və həvəslə təqdim edirdi.
Rəsmi Bakı da oxşar şəkildə orduda aparılan struktur dəyişiklikləri və silahlanma ilə bağlı əsasən susqunluq nümayiş etdirir. Halbuki hərbi əməliyyatlardan dərhal sonra hakimiyyət nümayəndələri “Türkiyə modelli ordu quruculuğu”ndan həvəslə danışırdılar.
İndi bu “ehtiyatlılıq” və “susqunluğ”un arxasında intensiv silahlanma yarışının getdiyi şübhəsizdir. İkinci Qarabağ müharibəsindən sonra hər iki dövlətin hərbi xərcləri kəskin artıb. Müşahidəçilər mövcud vəziyyəti tərəflər arasında “soyuq müharibə” elementləri kimi xarakterizə edir. Bu yanaşmaya görə, tərəflər genişmiqyaslı toqquşmadan qaçaraq, silahlanma yolu ilə qarşı tərəfi çəkindirməyə çalışır. Eynilə klassik “soyuq müharibə”də olduğu kimi, tərəflər fərqli güc mərkəzlərindən dəstək alır: Ermənistan son illərdə Hindistan və Fransadan, Azərbaycan isə Türkiyə və İsraildən müasir silahlar tədarük edir.
Azərbaycanın hərbi xərcləri: artım tendensiyası
Azərbaycanın hərbi xərcləri son illərdə əhəmiyyətli dərəcədə artıb. 2020-ci ildə bu göstərici təxminən 3,8 milyard manat idi və müharibə səbəbindən ilin sonunda 4,4 milyard manata çatıb.
2022-ci ildə xərclər 5 milyard manata yüksəlib. 2024-cü ildə 6,6 milyard manata, 2025-ci ildə isə təxminən 8,4 milyard manata çatıb. 2026-cı il dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri üçün 8,7 milyard manat proqnozlaşdırılıb ki, bu da əvvəlki illə müqayisədə 3,8 faiz artım deməkdir.
Beləliklə, 2020–2026-cı illər arasında Azərbaycanın hərbi xərcləri təxminən 97 faiz artıb. Hazırda müdafiə xərcləri ümumi büdcənin təxminən 21 faizini təşkil edir.
Bəzi ehtimallara görə, Azərbaycan hökuməti 2030-cu ilə qədər müdafiə və milli təhlükəsizlik xərclərini 8 milyard manata qədər azaltmağı planlaşdırır. Bu halda müdafiə xərclərinin büdcədə payı təxminən 18 faizə enə bilər.
Ermənistanın hərbi büdcəsi: sürətli artım və planlı azalma
Ermənistanda da oxşar dinamika müşahidə olunur. 2020-ci ildə bu ölkənin hərbi büdcəsi təxminən 634–760 milyon dollar təşkil edirdi. 2022-ci ildə bu rəqəm 800–850 milyon dollara çatıb.
2023-cü ildə isə kəskin artım baş verib və hərbi xərclər 1,3 milyard dollara yüksəlib ki, bu da əvvəlki illə müqayisədə təxminən 67 faiz artım idi. 2024-cü ildə xərclər 1,4 milyard dollara çatıb və dövlət büdcəsinin 17 faizini təşkil edib.
2025-ci ildə Ermənistan hərbi büdcəsini rekord səviyyəyə - 1,7 milyard dollara yüksəldib. Bu, illik müqayisədə 20 faiz artım demək idi.
2026-cı il üçün isə müdafiə xərclərinin 15,2 faiz azaldılaraq təxminən 1,44 milyard dollara endirilməsi planlaşdırılır. Ümumilikdə, bəzi mənbələrə görə, 2021–2025-ci illər arasında Ermənistanın hərbi büdcəsi 250 faizdən çox artıb.
2025-ci ildə hərbi xərclər Ermənistanın ümumi dövlət büdcəsinin təxminən 20 faizini təşkil edirdisə, 2026-cı ilin dövlət büdcəsinə əsasən, müdafiə xərcləri ümumi xərclərin təxminən 15,5 faizini əhatə edir. Ermənistan rəsmiləri bu xərclərin müdafiə xarakterli olduğunu və və ölkənin suverenliyini qorumaq məqsədi daşıdığını bildirir, azalmanı isə regionda sülh gündəliyi və hərbi ehtiyacların sabitləşməsi ilə əlaqələndirir.
Ermənistan: Pul hara sərf olunur?
Ermənistan mediasında dərc olunan məlumatlara görə, 2026-cı il hərbi büdcəsi ordunun modernləşdirilməsi, yeni silahların alınması və müdafiə infrastrukturunun gücləndirilməsinə yönəlib. Müdafiə xərclərinin əhəmiyyətli hissəsinin sərhəd mövqelərinin müasir silahlarla təmin olunması, yeni istehkamların qurulması, kommunikasiya xətlərinin gücləndirilməsi və hərbi obyektlərin yenilənməsinə yönəldiyi bildirilir.
Bundan əlavə, Ermənistan ordusunun modernləşdirilməsi çərçivəsində silah tədarükü bazarlarının şaxələndirilməsi siyasəti əsas prioritet olaraq qalır. Bu istiqamətdə bir sıra ölkələrlə hərbi-texniki əməkdaşlığın həyata keçirilməsi gözlənilir. Ermənistan 2026–2028-ci illər üçün yerli hərbi-sənaye kompleksinin inkişafına təxminən 347 milyon avro ayırmağı planlaşdırır.
Ermənistan son illərdə hərbi tədarük coğrafiyasını genişləndirərək, Hindistan və Fransadan müasir silah sistemləri (məsələn, hava hücumundan müdafiə sistemləri, artilleriya və zirehli texnika) almağa üstünlük verir. 2026-cı ilin hərbi büdcəsində də bu müqavilələrin maliyyələşdirilməsi əsas yer tutmaqda davam edir.
Növbəti xərc istiqaməti ordunun peşəkarlaşmasını özünə daxil edir. Hərbçilərin maaşlarının artırılması, sosial təminatın gücləndirilməsi və “Vətən müdafiəçisi” proqramı çərçivəsində könüllü attestasiyadan keçən hərbçilərə əlavə ödənişlərin edilməsi nəzərdə tutulur.
Rəsmi məlumatlara görə, 2023-cü ilin sonlarında Ermənistan Silahlı Qüvvələrində hərbi xidmətin cəlbediciliyini artırmaq məqsədilə, gizir və zabit heyətinin müqaviləli hərbi xidmətə keçidinin yeni sistemi olan “Vətən müdafiəçisi” proqramı tətbiq edilib.
Bu proqram çərçivəsində gizir və zabit heyəti hərbi xidmətin ilk 6 ayından sonra hökumətin müəyyən etdiyi qaydada müqaviləli xidmətə keçə bilir. Xidmət müddəti 5 il müəyyən edilir, eləcə də müqavilə müddəti əsasında xidmətdən vaxtından əvvəl tərxis edildikdə və ya sağlamlıq səbəblərinə görə yararsız hesab edildikdə, onlar üçün 5 milyon dram (təxminən 11,6 min avro) məbləğində ödəniş almaq hüququ yaradılır. Bundan başqa, müqaviləli hərbi qulluqçular xeyli sayda güzəşt və imtiyazlardan istifadə edə bilirlər.
2024-cü ilin oktyabrında Ermənistanda “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, ehtiyatda olan və uzunmüddətli xidmətə görə pensiya alan hərbi qulluqçular yenidən xidmətə qəbul edilərkən və “polkovnik-leytenant”dan yüksək olmayan rütbə təsnifatlı hərbi vəzifəyə təyin olunma halında həm maaş, həm də pensiya almaq hüququna malik olurlar.
Azərbaycan: Qapalılıq suallar yaradır
Azərbaycanda hərbi xərclər əsasən müdafiə qabiliyyətinin artırılması, sərhəd təhlükəsizliyinin gücləndirilməsi, yeni nəzarət sistemlərinin qurulması, müasir silahların alınması və işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işlərinin maliyyələşdirilməsinə yönəldilir.
Bundan əlavə, hərbçilərin sosial müdafiəsi, mənzil təminatı və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində də rəsmi bəyanatlar səsləndirilir.
2026-cı il dövlət büdcəsində vəsaitlərin əsas hissəsi müdafiə qüvvələri (təxminən 3 milyard manat) və xüsusi müdafiə layihələri və tədbirlər (4,5 milyard manat) üzrə bölünüb.
Bir az detallara getsək, deyə bilərik ki, məsələn, 2026-cı ildə Müdafiə Nazirliyinin 20 il və daha çox xidmət etmiş hərbçilərin mənzil təminatı üçün dövlət büdcəsində 35 milyon manat vəsait ayrılıb. Həmçinin, kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün 15,5 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
2024-cü ildə də eyni məqsədlə 35 milyon manat ayrılmış və bu vəsait hesabına Mənzil İnşaatı Dövlət Agentliyindən 512 mənzil (bir mənzilin qiyməti ortalama təxminən 68 min manat) alınmışdı. Onlardan 381-i hərbi qulluqçuların mülkiyyətinə verilib. Bu barədə məlumat Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Maraqlıdır ki, 2020-ci il müharibəsindən sonra Azərbaycanın hərbi-siyasi hakimiyyəti Türkiyə modelli yeni ordu quruculuğu barədə ardıcıl bəyanatlar verməsinə baxmayaraq, bu günədək bu istiqamətdə hər hansı konsepsiya, sənəd, doktrina, yol xəritəsi ictimaiyyətə açıqlanmayıb. Belə vəziyyət isə, bəzi ekspertlərin fikrincə, ümumilikdə Azərbaycan Silahlı Qüvvələrində strateji islahatların aparıldığı barədə səslənən bəyanatları əsaslı şübhə altında qoyur.
Təhlükəsizlik dilemması: Nə baş verəcək?
2020-ci ildən sonra hər iki ölkənin müdafiə xərclərini kəskin şəkildə artırması, regiondakı hərbi-siyasi reallıqlar baxımından proqnozlaşdırılan bir hal hesab olunsa da, bu vəziyyətə yanaşmalar və reaksiyalar fərqlidir. Lakin ekspertlər bir məsələdə həmrəydirlər ki, hər iki ölkənin hərbi xərclərinin artması klassik “təhlükəsizlik dilemması” yaradır - yəni, bir tərəfin güclənməsi digərini daha çox xərcləməyə sövq edir.
Sadə dillə desək, “təhlükəsizlik dilemması” bir dövlətin öz təhlükəsizliyini artırmaq üçün atdığı addımların (məsələn, silahlanma və ya orduya büdcə ayırma) digər dövlətdə təhlükə hissi yaradaraq onu da eyni addımları atmağa vadar etməsidir. Nəticədə hər iki tərəf əvvəlkindən daha çox silaha sahib olsa da, heç biri özünü əvvəlkindən daha təhlükəsiz hiss etmir. Əksinə, gərginlik artır və müharibə riski çoxalır.
Perspektiv: risklər və imkanlar
Müşahidələr göstərir ki, Azərbaycan və Ermənistanın 2020-ci ildən sonra intensiv silahlanması qarşılıqlı inamsızlığın davam etməsi ilə bağlıdır. Bununla belə, mövcud geosiyasi vəziyyətə və tərəflər arasındakı dialoq və təmaslara əsasən demək olar ki, 2020-ci il müharibəsinə bənzər genişmiqyaslı hərbi əməliyyatların təkrarlanma ehtimalı çox aşağıdır.
2025-ci ilin avqustunda Vaşinqton görüşü, sərhədlərin delimitasiya və demarkasiya prosesi, Azərbaycandan Ermənistana yanacaq və taxıl dolu yüklərin daşınması və Ermənistan rəhbərliyinin pozitiv bəyanatları gərginliyin azalmasına təsir edən amillər kimi qiymətləndirilir.
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin 2026-cı il hesabatında da Azərbaycanla hərbi eskalasiya ehtimalı “çox az” kimi qiymətləndirilib.
Lakin İran ətrafında artan gərginlik, Ermənistanda gözlənilən parlament seçkiləri, onun sürpriz ola biləcək nəticələri və digər regional faktorlar sülh prosesinin gələcəyi üçün qeyri-müəyyənlik yaradır, bu istiqamətdə ciddi risklərin hələ də qalmasından xəbər verir. Məhz bu risklər aradan qalxdıqdan sonra regionun iki dövlətinin - Azərbaycan və Ermənistanın 2026-cı ili “tarixi dönüş nöqtəsi” və “sülh ili” kimi qarşılamağa hazır olub-olmadığını demək mümkün olacaq.
Nəticə etibarilə, mövcud vəziyyət “silahlı sülh” və ya “lokal soyuq müharibə” elementləri ilə xarakterizə olunsa da, yekun sülh sazişinin imzalanması bu “soyuq” gərginliyi aradan qaldıra bilər.
Bu isə 2026-cı ilin region üçün həqiqətən “tarixi dönüş nöqtəsi” olub-olmayacağını müəyyən edəcək əsas amildir.
Müəllif: Cəsur Məmmədov