Bu həftə müzakirə olunan əsas mövzular ABŞ-nin Ermənistana verdiyi dronların Azərbaycanı hədəfə götürməsi ehtimalı, Prezidentin Təhlükəsizlik Xidmətində baş verənlər və gözlənilən islahatlardır. Azərbaycanın Müdafiə Nazirliyində yaradılmış intellektual bölmə ilə bağlı müxtəlif yanaşmalar da diqqət mərkəzindədir.
Həftə ərzində regionda baş verən əsas hərbi-siyasi hadisələrin icmalını təqdim edirik.
ABŞ-nin Ermənistana verdiyi dronlar Azərbaycanı necə müşahidə edəcək?
Məlum olduğu kimi, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin fevralın əvvəllərində Ermənistana səfəri zamanı baş nazir Nikol Paşinyan ölkəsinin ABŞ-dən 11 milyon dollar dəyərində "V-BAT" müşahidə dronları aldığını açıqlayıb. Dronu istehsal edən şirkətdən verilən məlumata görə, "V-BAT"ın qiyməti təxminən 400 min ilə 600 min dollar arasındadır. Ermənistanın 11 milyon dollarlıq alışı kontekstində, bir dronun təxminən 500 min dollar dəyərində olduğunu fərz etsək, bu, Ermənistanın təxminən 20-22 dron əldə edə biləcəyini göstərir. Baxmayaraq ki, elanda dəqiq say göstərilməyib və ümumi məbləğə təyyarələrin özündən başqa təlim, dəstək avadanlığı, ehtiyat hissələri və xidmətlər daxildir.
İndi Azərbaycan cəmiyyətində belə sual var ki, ABŞ-nin Xarici Hərbi Satış proqramı çərçivəsində həyata keçirilən bu əməliyyat vasitəsilə Ermənistan nə etmək istəyir və bu dronların Azərbaycanın təhlükəsizliyinə gələcək zərərləri nədən ibarət ola bilər?
Bundan əvvəl Paşinyan bildirmişdi ki, “V-BAT” pilotsuz uçuş aparatlarının effektivliyi geniş istifadə təcrübəsi ilə sübut edilib, Ermənistanın müdafiə qabiliyyətinə əhəmiyyətli dərəcədə töhfə verəcək və gələcək əməkdaşlığın genişləndirilməsi üçün əsas olacaq.
Cey Di Vens isə bildirmişdi ki, sülhün təmin edilməsinin ən yaxşı yolu əsl çəkindirmə yaratmaqdır, əsl çəkindirmənin isə ən yaxşı yolu dünyanın ən yaxşı hərbi texnologiyasıdır və ABŞ də buna malikdir. Vens həmçinin qeyd etmişdi ki, Ermənistan bu dron satışından ölkəsinin təhlükəsizliyini təmin etmək və yaradılan sülhün davam etməsini təmin etmək üçün istifadə edəcək.
Vensin açıqlamasındakı ifadələr suallar doğurur: Söhbət kimi çəkindirməkdən gedir? Əgər Azərbaycanı çəkindirməkdən gedirsə, Bakı buna gələcəkdə necə reaksiya verə bilər?
Bu suallara cavab vermək üçün əvvəlcə "V-BAT" dronunun xarakteristikasına qısa nəzər salaq. Açıq internet resurslarında olan məlumatlara görə, "V-BAT" (rəsmi olaraq ABŞ ordusu "MQ-35A" kimi təyin edib), Kaliforniyanın San-Dieqo şəhərində yerləşən Amerika müdafiə texnologiyaları şirkəti “Shield AI”ın hazırladığı şaquli qalxma və enmə (VTOL) pilotsuz uçuş sistemidir.
"V-BAT" vertolyot kimi şaquli olaraq qalxıb enməyə, sonra isə uzun mənzilli missiyalar üçün sabit qanadlı üfüqi uçuşa avtomatik keçməyə imkan verən hərəkət sistemindən istifadə edir. Bu "quyruq oturacağı" konfiqurasiyası, dronun son dərəcə məhdud məkanlardan — cəmi 4,6 metrə 4,6 metr eniş zonası tələb edən — fəaliyyət göstərməsinə imkan verir və bu, gəmilərdən, binaların üstündən və ya ənənəvi uçuş-enmə zolaqlarının mövcud olmadığı sərt mühitlərdən yerləşdirmə üçün ideal hala gətirir. "V-BAT" 13 saatdan çox uçuş edə, 5.500 metrə qədər yüksəkliyə çata və 20 kiloqrama qədər faydalı yük daşıya bilir.
"V-BAT" “Hivemind AI” proqram təminatı ilə işləyir. Bu süni intellektlə işləyən sistem, dronun GPS-in rədd edildiyi və rabitə ilə bağlı tıxanma mühitlərində avtonom şəkildə işləməsinə imkan verən "elektron pilot" kimi xidmət edir. Bu xüsusiyyətləri onu digər bir çox ənənəvi dronlardan yaxşı mənada fərqləndirir.
Bu dron Ukraynada istifadədədir və Ukrayna Silahlı Qüvvələrinin əməliyyat və sınaq missiyalarında sınanılıb. “Shield AI”ın Kiyevdə yerləşən əməliyyat qrupu 2025-ci ilin aprel ayına qədər Ukraynada 130-dan çox "V-BAT" uçuşu həyata keçirib. Məlumatlara görə, "V-BAT"lar işğal olunmuş Xerson bölgəsində düşmən xətlərinin 100 kilometr arxasında Rusiya raket saxlama yerini müəyyən ediblər, hədəf məlumatları Ukrayna qüvvələrinə ötürülüb və nəticədə həmin saxlanc HIMARS raket sistemi vasitəsilə uğurla məhv edilib. 2024-cü ilin avqust ayında keçirilən başqa bir əməliyyatda "V-BAT"lar Rusiyanın yer-hava raket batareyalarını tapıb və dərhal artilleriya zərbələri üçün hədəf koordinatlarını təmin edib.
"V-BAT" dronları Ukrayna ilə yanaşı bir çox ölkələrin silah və hərbi texnika arsenalında xüsusi yer tutur. Bu ölkələr siyahısında Hindistan, Yaponiya, Yunanıstan, Hollandiya var. Avropa İttifaqının sərhəd təhlükəsizliyi agentliyi “Frontex” 2025-ci ilin yanvar ayında sərhəd nəzarəti üçün "V-BAT" sistemindən istifadə etməyə başlayıb. Avropalı ekspertlər bu dronun əməliyyat uğurundan məmnundurlar. Belə ki, "V-BAT" Şərqi Avropada 60 gündən çox fəaliyyət göstərib və bu dövrdə qeyri-qanuni sərhəd keçidlərində və cinayətkar fəaliyyətdə azalma qeydə alınıb. Sərhəd təhlükəsizliyinə əlavə olaraq, sistem fövqəladə halların idarə edilməsi, xüsusən də 2025-ci ilin iyul ayının sonlarında Bolqarıstanın şərqində sürətlə yayılan meşə yanğınını aşkar etmək və izləmək üçün istifadə edilib və yanğınsöndürmə səylərinə kömək etmək üçün real vaxt rejimində məlumatlar təqdim edib.
Beləliklə, sualımıza qayıdaq: Bu dronlar Azərbaycanın təhlükəsizliyinə nə dərəcədə təhdid yaradır və Azərbaycan bu vəziyyəti necə qarşılayacaq?
İndiyə kimi "V-BAT" dronlarının istifadə edildiyi ölkələrlə bağlı vəziyyətə nəzər yetirsək, deyə bilərik ki, bu dronlar texniki göstəricilərinə görə Azərbaycan ərazilərini həm sərhədyanı, həm də daha dərin zonalarda müşahidə etmək imkanına malikdir. İlkin hesablamalara görə, bu dronlar vasitəsilə Ermənistan tərəfi Mingəçevir su anbarından başlayaraq bütün şimal-qərb rayonları daxil olmaqla Qarabağ İqtisadi Rayonunu və Şərqi Zəngəzur İqtisadi Rayonunu izləmək imkanına malikdir. Nəticə olaraq, Ermənistan bu texnologiyanı sərhəd təhlükəsizliyi, döyüş sahəsinin kəşfiyyatı və hədəflərin müəyyənləşdirilməsi üçün istifadə edə bilər. Bu, o deməkdir ki, Ermənistan tərəfi Azərbaycan tərəfində olan hər hansı bir hərəkətlilik, qoşunların və hərbi texnikanın dislokasiyası barədə məlumatları anında əldə edə biləcək.
Azərbaycan Silahlı Qüvvələrinin isə "V-BAT" kimi müasir və süni intellektlə təchiz olunmuş dronları zərərsizləşdirmək üçün kompleks müdafiə sistemlərinə malik olduğu bildirilir.
Narahatlıq olacağı təqdirdə kamikadze dronları vasitəsilə birbaşa dronu hədəfə almaq və fiziki olaraq məhv etmək indiki halda Azərbaycanın ABŞ ilə münasibətlərinin korlanmasına səbəb ola bilər. Aydındır ki, rəsmi Bakı bu məsələdə ehtiyatlı olacaq. Amma "V-BAT" dronlarının GPS-siz uça bilməsi və siqnal boğuculara qarşı davamlılığı nəzərə alınaraq, Azərbaycan onlara qarşı AESA (Aktiv Elektron Skanerli Massiv) radarları tətbiq edə bilər. Bu, dronları dəqiq izləməyə və onları HHM sistemlərinə hədəf göstərməyə imkan verir.
Amma bu istiqamətdə bir nəticə ortaya çıxarmaq hələlik tezdir. Ola bilər ki, ABŞ bu dronları daha çox İranda baş verən dəyişiklikləri müşahidə etmək üçün Ermənistana satıb. Amma bunun səmərəsi haqda danışmaq çətindir. Çünki İranın Ermənistanla sərhəd zolağında və ona yaxın ərazilərdə ("V-BAT" radarının müşahidə zonasında olan ərazilər) hər hansı ciddi hərbi hərəkətliliyin baş verməsi mümkün görünmür. Beləliklə, ilkin olaraq onu demək olar ki, Vensin "sülhün təmin edilməsinin ən yaxşı yolu əsl çəkindirmə yaratmaqdır və əsl çəkindirmənin ən yaxşı yolu dünyanın ən yaxşı hərbi texnologiyasıdır“ ifadəsində söhbət Azərbaycanı çəkindirməkdən gedə bilər…
Prezidentin Təhlükəsizlik Xidmətinin taleyi necə olacaq?
Həftə ərzində baş verən vacib hadisələrdən biri Vaşinqtonda azərbaycanlı etirazçılara Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidməti (PTX) əməkdaşlarının zorakılıq etdiklərini göstərən video materiallardır. Bütün baş verənlər PTX-də dəyişikliklər və islahatlar aparılması zəruriyyətini yaradıbmı?
Hüquqşünas Əlövsət Əliyev "Abzas Media"ya açıqlamasında bildirib ki, mövcud məlumatlara əsasən, görünən odur ki, Prezidentin Təhlükəsizlik Xidməti xarici ölkə ərazisində öz səlahiyyət hədlərini və mühafizə zolağının sərhədlərini düzgün qiymətləndirməyib.
"Dövlət başçılarının səfəri zamanı ABŞ-də təhlükəsizlik ikiqat mühafizə prinsipi əsasında təşkil olunur. Belə ki, əsas təhlükəsizlik və ictimai asayişi ev sahibi dövlət, yəni, ABŞ-nin müvafiq qurumları təmin edir. Qonaq ölkənin mühafizəsi isə yalnız liderin birbaşa şəxsi təhlükəsizliyini təmin edir”, - deyə o bildirib.
Ekspertin sözlərinə görə, ABŞ təcrübəsində mühafizə zolaqları əvvəlcədən dəqiq müəyyən edilir, fiziki olaraq ayrılır və tərəflər üçün aydın olur. Bu zolaqların kənarında qalan şəxslər, o cümlədən bu halda dinc etirazçılar, təhlükə yaratmadıqları halda zorakılığa məruz qala bilməzlər:
"Belə bir sistemdə qonaq ölkənin mühafizəçilərinin həmin zolaqlardan kənarda olan şəxslərə (əgər belədirsə) qarşı birbaşa fiziki müdaxiləsi nə hüquqi, nə də institusional baxımdan əsaslandırıla bilər. Bu baxımdan, ABŞ baş verənləri dinc etirazçılara qarşı güc tətbiqi təhlükəsizliyin təmin olunması ilə ifadə azadlığı arasında qorunmalı olan tarazlığın pozulması kimi qiymətləndirə bilər. Eyni zamanda, baş verənlərin beynəlxalq səfərlər zamanı qəbul olunmuş təhlükəsizlik və davranış standartları ilə ziddiyyət təşkil etdiyinin bildirilməsi mümkündür".
Görəsən, ABŞ tərəfi bu məsələni sona qədər araşdıracaqmı və məsuliyyət mümkündürmü?
Əlövsət Əliyev deyir ki, ABŞ-də bu cür hallarla bağlı artıq presedent mövcuddur:
"Belə ki, 2017-ci ildə Vaşinqtonda Rəcəb Tayyib Ərdoğanın səfəri zamanı onun mühafizəçiləri dinc etirazçılara qarşı zor tətbiq etmişdilər. ABŞ hüquq-mühafizə orqanları həmin hadisəni araşdırdı, fakta görə bir neçə mühafizəçi barəsində cinayət işi açıldı. Bundan başqa, diplomatik kanallar işə düşdü və sonradan bəzi şəxslərin ABŞ-yə girişinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul olundu. Bu presedent göstərir ki, əgər zorakılıq faktları təsdiqlənərsə, ABŞ tərəfi belə halları diqqətsiz buraxmayacaq və mühafizəçilər barəsində hüquqi və inzibati tədbirlər görüləcək. Təbii ki, nəticə mütləq eyni olmaya bilər. Sadəcə ABŞ-nin praktikada bu cür halları araşdırdığı və reaksiya verdiyini xatırlatmaq istədim.”
Bu insidentdən sonra PTX-də hansısa dəyişikliklər və islahatların aparılması zəruriliyi barədə suala cavabında Əliyev bildirib ki, belə halların təkrarlanmaması üçün PTX əməkdaşlarının xarici səfərlər zamanı davranış qaydaları, beynəlxalq hüquq, ev sahibliyi edən ölkənin qanunları və insan hüquqları standartları üzrə hazırlığı gücləndirilməlidir.
"Təbii ki, əsas məqsəd təhlükəsizliyin təmin olunmasıdır. Lakin ev sahibi ölkənin hüquqi və demokratik qaydalarına, insan hüquqları və daxili dəyərlərə tam hörmət etmək qaçılmazdır”.
Ekspert bir daha bəyan edir ki, Vaşinqtonda baş verən insident göstərir ki, xarici səfərlər zamanı Prezidentin Təhlükəsizlik Xidməti yalnız şəxsi təhlükəsizliyi təmin etməklə kifayətlənməli, ev sahibi ölkənin hüquqi çərçivəsinə hörmət etməlidir:
"Hadisənin dərindən araşdırılması və səlahiyyət hədlərinin qiymətləndirilməsi, davranış protokollarının yenilənməsi, həmçinin fərdi məsuliyyət mexanizmlərinin tətbiqi gələcəkdə oxşar halların qarşısını almaq baxımından vacibdir. Bu yanaşma həm təhlükəsizliyi, həm də dinc etiraz və ifadə azadlığına hörməti balansda saxlamaqla dövlətin beynəlxalq nüfuzunu qorumağa xidmət edər”.
Müdafiə Nazirliyi "trol fabriki" yaradır?
Müdafiə Nazirliyi 2024-cü ildə yaradılmış intellektual qabiliyyətli bölmələrə qəbulla bağlı növbəti məlumat yayıb. Bildirilir ki, Müdafiə Nazirliyində hərbi xidmət keçmə ilə bağlı müvafiq konsepsiyaya əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı hərbi qulluqçular hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirirlər. Həmin hərbi qulluqçular qeyd edilən bölmələrdə öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunurlar.
Cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) ilk 500-cü sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçıların həmin intellektual qabiliyyətli bölmələrdə xidmət etmələri nəzərdə tutulub.
Görəsən, bu bölmələrdə xidmət etmək çağırışçılar üçün hansı perspektivləri yaradır? Qeyd edək ki, bəzi tənqidçilər və beynəlxalq təşkilatlar bu növ yüksək texnoloji bölmələrin gələcəkdə "rəqəmsal avtoritarizm" alətinə çevrilə biləcəyindən narahatlıq ifadə edirlər. “Equal Times” qeyd edir ki, bəzi hallarda dövlətə bağlı aktyorlar tərəfindən saxta hesablar (trollar) vasitəsilə siyasi rəqiblərin hədəf alınması və ya manipulyasiya əməliyyatları həyata keçirilə bilər. Bəzi hərbi ekspertlərə görə, əgər həmin intellektual bölmələrdəki mütəxəssislər kiber-izləmə və ya sosial media manipulyasiyası proqramlarına cəlb olunarsa, bu, siyasi fəallara və müstəqil mediaya qarşı bir təzyiq vasitəsi kimi istifadə edilə bilər.
Vaxtilə Rusiyada Kremlin maraqlarını qorumaq üçün onlayn platformalarda saxta hesablar vasitəsilə dezinformasiya yayan və ictimai rəyi manipulyasiya edən mütəşəkkil qruplar - "trol fabriki" yaradılmışdı. Trol fabrikinin əməkdaşları 24 saat növbəli şəkildə sosial şəbəkələrdə (Facebook, Twitter, Instagram, YouTube) minlərlə saxta profil vasitəsilə rəsmi Kreml tezislərini yayır, müxalifləri hədəf alır və Qərb ölkələrindəki seçkilərə müdaxilə etməyə çalışırdılar. Bu prosesin müxtəlif formatlarda indi də davam etdiyi güman edilir. Bu qruplar Rusiya-Ukrayna müharibəsi zamanı aktiv şəkildə saxta xəbərlər yaymaqla məşğul olublar və olmaqdadırlar.
Müəllif: Cəsur Məmmədov
Foto: primeminister.am