Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa İttifaqının (Aİ) SOCAR-a məxsus Kulevi Neft Terminalını mümkün sanksiya siyahısına daxil etməyəcəyinə ümid etdiyini açıqlayıb. Onun sözlərinə görə, Gürcüstan tərəfi Avropa Komissiyasına terminalın fəaliyyəti barədə “tam və etibarlı məlumat” təqdim edib və bu məlumatlar Kulevidə sanksiya rejiminin pozulmadığını göstərir.
Bundan əvvəl “Reuters” yazıb ki, Aİ Rusiyanın neft ixracına yardım göstərməkdə şübhəli bilinən marşrutlar çərçivəsində Gürcüstanın Qara dəniz sahilindəki SOCAR-a məxsus Kulevi terminalını, İndoneziyadakı Karimun limanını da hədəfə almağı təklif edib. Məlumatda bunun Aİ-nin ilk dəfə üçüncü ölkədəki limanları sanksiya paketi çərçivəsində nəzərdən keçirməsi kimi qiymətləndirildiyi qeyd olunur.
Vurğulanıb ki, Kulevinin layihədə qeyd edilməsi son bir ildə sanksiyalardan yayınma ilə bağlı iddialar fonunda Azərbaycanla əlaqələndirilən qurumlara dair müzakirələrin davamı kimi qiymətləndirilir və bu dəfə məsələ Gürcüstanla bağları da ön plana çıxarır.
“Reuters”in 2025-ci ilin sonlarına aid əvvəlki xəbərində isə Rusiyanın “Russneft” şirkətinin Kulevi terminalına ilk neft yükünü çatdırdığı yazılmışdı. Bu məlumat Tbilisidə yerləşən “Black Sea Petroleum” şirkətinin terminalın gücünü artırmaq planları barədə xəbərlərlə eyni dövrə təsadüf edib.
“OC Media” bildirir ki, “Black Sea Petroleum” 2022-ci ilin oktyabrında yaradılıb. “Transparency International”ın 2025-ci il hesabatında şirkətin sahibləri kimi Maka Astiani və Davit Potsxevria göstərilir. Müşahidə şurasında bir sıra keçmiş gürcü nazirlərin olduğu da qeyd olunur. Rusiyanın “Proekt” nəşrinin araşdırmasında isə Astianinin oğlunun Rusiyanın GRU hərbi kəşfiyyatında yüksək vəzifəli məmur sayılan Vladimir Alekseyevlə biznes tərəfdaşı kimi təqdim edildiyi yazılıb.
Terminalın genişləndirilməsinin maliyyələşməsi ilə bağlı iddialarda Gürcüstan Dövlət İnvestisiya Fondunun 5 milyon dollarlıq yatırımı və üç kommersiya bankından – “Cartu Bank”, “Basisbank”, “Khaliqbank” - təxminən 45 milyon dollarlıq maliyyələşmə olduğu qeyd edilir. “Cartu Bank”ın hakim “Gürcü Arzusu” partiyasının qurucusu milyarder Bidzina İvanişvili ilə əlaqələndirilən biznes qrupuna daxil olduğu da bildirilir.
Bundan əvvəl Türkiyədə SOCAR-a məxsus “STAR” neft emalı zavodunun da sanksiya siyahılarına salınması barədə məlumat yayılıb. Həmçinin beş Azərbaycan neft tankerinin “kölgə donanması” kimi qeyd olunan siyahılara daxil edildiyi bildirilir.